Məhkəmə qərarları › İş №2(107)-516/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-516/2020

10.03.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-516/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı və cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının iştirak ilə İddiaçı cavabdeh Adgözəlova Nisə Məhəmməd qızına qarşı “su yolunun açılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 812/2019 nömrəli qətnaməsindən cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Adgözəlova Nisə Məhəmməd qızına qarşı iddia qaldıraraq cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən qanunsuz bağlanmış su yolunun açılmasına və yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-812/2019 nömrəli qətnaməsi ilə (hakim Z.Quliyev) iddia təmin edilmiş, Göyçay rayonunun Cəyirli kəndində cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən qanunsuz bağlanmış və İddiaçı məxsus torpaq sahəsinə gedən su yolunun açılması, cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 89 (səksən doqquz) manat xərc cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı apelyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 812/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon X1 xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə ona Göyçay rayonu Cəyirli kəndi ərazisində 0,21 ha həyətyanı torpaq sahəsi ayrılmış və buna dair JN-294F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. O, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həyətyanı sahəsində əkdiyi meyvə ağaclarını, qonşusu Nisə Adgözəlovaya məxsus həyətyanı sahədən gələn su ilə suvarırdı. Bir neçə ay bundan öncə cavabdeh Nisə Adgözəlova ona müraciət edərək, həyətyanı sahəsinə gələn su bərəsini düzləyib yerində tövlə inşa edəcəyini, ona alternativ yerdən su bərəsi çəkəcəyini bildirmişdir. Cavabdehlə razılığa gəldikdən bir müddət sonra, sonuncu ona gələn su bərəsini düzləyərək yerində tövlə inşa etsə də, alternativ ərazidən su bərəsi açmamışdır. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, bir nəticəsi olmamış, əlacsız qalıb rayon icra hakimiyyətinə, kənd icra nümayəndəliyinə eləcə də digər aidiyyəti qurumlara müraciət etmişdir. Bu barədə kənd bələdiyyəsi, icra nümayəndəliyi və digər aidiyyatı şəxslər su yolunun kəsildiyi yerə baxış keçirərək, akt tərtib etmişlər. Lakin bunların heç bir nəticəsi olmamış, cavabdeh onunla heç bir razılığa gəlməmişdir. Cavabdehin həyatyanı sahəsindən başqa, alternativ ərazidən mülkiyyətində olan torpaq sahəsinə su gəlməsi qeyri-mümkündür. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hər tərəfli və obyektiv araşdırmadan, iddianı açıq aşkar müdafiə edərək onun mövqeyindən çıxış edib qanunsuz qətnamə çıxarmışdır. İşə əlavə edilmiş sənədləri məhkəmə araşdırmadı, şahid kimi adları qeyd edilən şəxslər dindirilmədi. Hansı ki, işin hər iki tərəfə zərər vurmadan həll edilməsini məhkəmə həll edə bilərdi. Sadəcə hakim öz maddi maraqlarını ali tutaraq qətnamə çıxarmışdır. Mübahisəyə səbəb olmuş onun həyətindən tövləsinin altından keçən su bərəsi iki ildir ki, əsassız olaraq tutulmuşdur. Çünki həmin su bərəsi vaxtlı-vaxtında iddiaçı tərəfindən təmizlənilmədiyi üçün məcrası daraldığından su daşaraq tövləsinə və 3 metrirlikdə yerləşən mənzilinə ciddi fəsadlar verirdi. Həttda bu səbəbdən yeganə yaşayış yeri olan mənzili qəzalı vəziyyətə düşmüşdür. Ancaq buna baxmayaraq iddiaçıya dəfələrlə dedikdə su bərəsini təmizləməyib prinsip aparıb məhkəməyə müraciət etmişdir. İki il ərzində iddiaçı alternativ və çox münasib olan su bərəsi vasitəsi ilə su gətirib istifadə edir. Hansı ki, həmin su bərəsindən istifadə etmək ona çox əlverişli və rahatdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-812/2019 saylı qətnaməsində qeyd edilir ki, “Göyçay rayon Cəyirli kənd İƏD nümayəndəsi X4 bələdiyyəsinin sədri Fuad Nəbiyev, Su İstifadə birliyinin sədri Sahib Xudiyev, Göyçay RPŞ-nin İTB-nin rəisi Qiyas Behbudov, Sudan İstifadə Şöbəsinin rəisi Elxan Pənahov kənd sakinləri tərəfindən imzalanmış Akta əsasən Adgözəlova Nisə Məhəmməd qızının həyətindən keçən su bərəsindən uzun illər qonşular və qohumları, o cümlədən İddiaçı istifadə etmişlər”. Bu Akt tam əsassızdır. Çünki həmin su bərəsindən ancaq İddiaçı istifadə edir, heç bir qohum və qonşu istifadə etmir. Buna görə aktda qeyd edilən kimi qonşu və qohumlarının məhkəmə qaydasında çağrılaraq dindirilməsini məhkəmədən xahiş etsə də təmin etmədi. Çünki yuxarıda qeyd etdiyi kimi Göyçay Rayon Məhkəməsinin hakimi öz maraqlarını ali tutub birtərəfli araşdırma apararaq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də,Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 812/2019 nömrəli əsassız və qanunsuz qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı onun mülkiyyətində olan torpaq sahəsindən keçsə də, o indi buna razı deyil. Çünki o artıq həmin su arxının üstündə tövlə inşa etdirmişdir. Su onun tövləsinə və digər əmlaklarına ziyan vurur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun qonşusu olmaqla, onun torpaq sahəsinə su arxı cavabdehin torpaq sahəsindən keçir. Həmin su arxı uzun illər mövcud olmasına baxmayaraq, son vaxtlar cavabdeh oradan suyun axıdılmasına imkan vermir. Torpaq sahəsində olan bütün ağaclar qurumuşdur. Bundan əlavə onun torpaq sahəsinə digər yerdən alternativ olaraq su çəkmək mümkün deyil. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquq məsələləri: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-812/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Göyçay rayonu Cəyirli kənd İƏD nümayəndəsi Vüsal Abbasov, Cəyirli Bələdiyyəsinin sədri Fuad Nəbiyev, Su istifadə birliyin sədri Sahib Xudiyev, Göyçay RPŞ-nin İTB-nin rəisi Qiyas Behbudov, Sudan İstifadə Şöbəsinin rəisi Elxan Pənahov, kənd sakinləri tərəfindən imzalanmış Akta əsasən Adgözəlova Nisə Məhəmməd qızının həyətindən keçən su bərəsindən uzun illər qonşuları və qohumları, o cümlədən İddiaçı istifadə etmişlər. Hazırda Adgözəlova Nisə Məhəmməd qızı həmin su bərəsinin üzərində mal-qara tövləsi tikmiş və vətəndaşların həyatyanı sahələrinə gedən suyu kəsmişdir. JN-249 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində 0,21 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli yerli baxış protokolundan görünür ki, cavabdeh Adgözəlova Nisə Məhəmməd qızının həyətindən keçən su bərəsindən uzun illər İddiaçı istifadə etmiş və bunu cavabdeh də təsdiqləmişdir. Hazırda cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı həmin su bərəsinin üzərində mal-qara tövləsi tikmiş və iddiaçının həyatyanı sahələrinə gedən suyu kəsmişdir. İddiaçıya məxsus torpaq sahəsində xurma ağacları qurumuşdur. Cavabdeh öz həyətində su verməyəcəyini bildirmişdir.. Apelyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Göyçay rayon İHB Cəyirli kənd X2 xx.xx.2020-ci il tarixli məktubla, Cəirli kənd Bələdiyyəsi isə xx.xx.2020-ci il tarixli məktubla bildirmişlər ki, Cəyirli kənd sakini İddiaçı məxsus torpaq sahəsinə qonşusu Nisə Adgözəlovanın həyətyanı sahəsindən əvvəllər su arxı olub və illər öncə də o arxdan istifadə olunub. İddiaçıya məxsus həyətyanı sahəyə baxış keçirilərkən məlum olmuşdur ki, başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara,hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin -küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Azərbaycan Respublikası Su Məcəlləsinin 64-cü maddəsinə əsasən Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşuluq münasibətində olmaqla, iddiaçıya məxsus olan torpaq səshəsinə su arxı uzun illər cavabdehin həyətyanı torpaq sahəsindən keçmişdir. Lakin son vaxtlar iddiaçıya məxsus torpaq sahəsinin suvarılmasına cavabdeh tərəfindən maneələr yaradılır. İkincisi, həm tərəflərin izahatından, həm də Cəyirli kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən verilmiş məlumatlardan aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsindən keçmiş, uzun illər də həmin arxdan istifadə olunub. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Adgözəlova Nisə Məhəmməd qızı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-812/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar