Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-517/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlunа qаrşı istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiаçı İddiaçı vəkili Vəkil1, Cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlunun vəkili Vəkil2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsindən iş üzrə cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlunа qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, sabiq qaynatası X15 оğlunun adına olan ünvan 1ində yerləşən evdən azyaşlı uşaqları ilə birlikdə yaşayış hüquqlarının tanınması, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiаçı İddiaçı Cavabdeh2 ilə 2006-cı ildə ailə qurmuşlar və onlar 01 aprel 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların 04 sentyabr 2006-cı il tarixdə Aysel və 15 fevral 2009-cu il tarixdə Emil adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. İddiаçı İddiaçı Cavabdeh2 ilə ailə qurаrkən Cavabdeh2 оğlunun atası X15 оğlunun adına ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2019-cu ilin noyabr ayınadək orada yaşamışdır. Lakin, sonradan əri ilə münasibətləri uyğun gəlmədiyindən 2019-cu ilin noyabr ayında ayrılmışlar və İddiaçı həmin evi tərk etmək məcburiyyətində qalmışdır. Aralarında bağlanmış nikah isə 09 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən yetkinlik yaşlarına çatmayan uşaqlar İddiaçı yanında saxlanılmışlar. İddiaçı Cavabdeh2 ilə birgə nikahlarından anadan olmuş uşaqları-04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 da tərəflərin mübahisə predmeti olan evdə yaşadıqları müddətdə anadan olmuşlar. Həmin uşaqlar hazırda İddiaçı himayəsindədirlər. İddiaçı keçmiş ərinin atasına məxsus fərdi yaşayış evini tərk etdikdən sonra atası evində yaşamaq məcburiyyətində qalmışdır. Lakin İddiaçı atasına məxsus evdə uşaqları ilə birlikdə yaşaması üçün lazımi yaşayış şəraiti yoxdur. O, ailə qurduğu 2006-cı ildən 2019-ci ilin dekabr ayınadək uşaqları ilə birlikdə yaşadığı və istifadə hüququnun yarandığı cavabdehlərə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması, həmçinin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları-04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə X15 оğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülsün və İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə həmin evdən istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)- 914/2021 saylı qətnaməsi ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)- 914/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10.01.2022-ci il tarixli, 2(102)-122/2022 saylı qərarı ilə, cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)- 914/2021 nömrəli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları-04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə X15 оğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülsün və İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə həmin evdən istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 оğlu ilə 2006-cı ildə ailə qurmuşlar və onlar 01 aprel 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların 04 sentyabr 2006-cı il tarixdə Aysel və 15 fevral 2009-cu il tarixdə Emil adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq 2019-cu ilin noyabr ayından ayrılmışlar. İddiaçı cаvаbdeh Cavabdeh2 оğlu ilə 2006-cı ildə аilə qurаrkən cаvаbdeh Cavabdeh2 оğlunun və onun аilə üzvlərinin rаzılığı ilə həmin vaxt rəsmi qaydada heç bir qeydiyyatı olmayan cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2019-cu ilin noyabr ayınadək həmin evdə yaşamışdır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları da 2019-cu ilin noyabr ayınadək mübahisə predmeti olan evdə yaşamışlar. 2019-cu ilin noyabr ayınadək cavabdehlərin və onların ailə üzvlərinin iddiaçının və onun uşaqlarının mübahisə predmeti olan evdə yaşamalarına heç bir etirazları olmamışdır. Lakin 2019-cu ilin noyabr ayında iddiaçı və onun uşaqları ünvan 1ində yerləşən fərdi yaşayış evini tərk etmək məcburiyyətində qalmışlar və İddiaçı həmin vaxtdan uşaqları ilə birlikdə atası evində yaşamaq məcburiyyətindədir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər isə iddianı qəbul etmədiklərini bildirmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn mümkün və mötəbər sübutlаrа hərtərəfli, tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək və yuxаrıdа şərh оlunаnlаrı nəzərə аlаrаq belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisə predmeti olan evə gəlin köçdüyü ərəfədə cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan fərdi yaşayış evinə keçmiş ərinin, qaynanasının və onların ailə üzvlərinin razılığı ilə köçməklə 2006-cı ildən 2019-cu ilin noyabr ayınadək uşaqları ilə birlikdə həmin evdə yаşаmışdır. Beləliklə iddiаçının və onun uşaqlarının həmin evdə istifаdə hüququ vаrdır. Buna görə də iddiаçı İddiaçı X15 оğlunun adına 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evindən azyaşlı uşaqları ilə birlikdə yaşayış hüquqlarının tanınması və iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələrini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiаçı İddiaçı iddia tələbinin xahiş edirəm hissəsində sabiq qaynatası X15 оğlunun adına olan ünvan 1ində yerləşən evdən azyaşlı uşaqları ilə birlikdə yaşayış hüquqlarının tanınmasını xahiş etsə də, o, iddia ərizəsinin əvvəlində tələbinin istifadə hüququnun tanınmalı olduğunu qeyd etmiş, həmçinin, onun vəkili Vəkil1 da iddiaçının evdən istifadə hüququnun tanınmasını tələb etmişdir. Buna görə də məhkəmə iddiаçı İddiaçı iddiasını həmin hissədə evdən istifadə hüquqlarının tanınmasını tələb etməsi kimi qəbul etmişdir. Lakin, iddiаçı İddiaçı iddia tələbində evdən istifadə qaydalarının müəyyən edilməsini xahiş etsə də, hansı qaydanın müəyyən edilməsi, onun şərtləri, xüsusiyyətləri barədə heç bir dəqiq fikir ifadə etməmişdir. Məhkəmə iddia tələbinin evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə tələb dəqiq olmadığından əsaslı hesab edilə bilməz. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları-04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə X15 оğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməli və İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə həmin evdən istifadə hüquqları tanınmalıdır. Əsaslı olmadığından iddiаçı İddiaçı iddia tələbinin evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5, 228, 228.1, 228.2-ci maddələri, Mənzil Məcəlləsinin 53, 54-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərində iddiaçının bir dəfə də olsun iştirakı təmin olunmamış, əsassız təxirəsalınmalar həyata keçirilmiş, yalnız son prosesdə nümayəndə salahiyyətləri olmadan vəkil iddia ərizəsini oxumuş, iddiaçının adından çıxış etmiş və iddiaçıya ünvanlanası suallara cavab verməyə cəhd etmişdir. Cavabdeh tərəfin vəkilinin bu barədəki iradına hakim, «mülki qanunvericilikdə bu haqda heç bir qadağa olmadığını» bildirmişdir. Bu hal isə AR MPM-nin 9.1 və 9.3maddələrinin pozulması deməkdir. Həmin maddələrə əsasən, ədalət mühakiməsi çəkişmə tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən iddia ərizəsi də qanunvericiliyin tələbinə uyğun hazırlanmamış, cavabdehlər düzgün göstərilməmişdir. «istifadə hüququnun tanınmasına dair» iddia ərizəsinin sonunda giriş və əsaslandırıcı hissələrə aidiyyatı olmayan tələblərin təmin olunması qətnamənin nəticə hissəsində məhkəmədən xahiş olunmuşdur. Doğrudur, qətnamədə hakim iddiaçının olmadığını və fikrini bildirmədiyi məhkəmədə vəkilin demədiyi hallara və sözlərə istinad etməyə cəhd edərək bu prossesual pozuntunu ört-basdır etməyə çalışmışdır. Lakin hesab ki, bu hal iddia tələbini hakim tərəfindən təmin etmək üçün edilən əsassız cəhddir. Qətnamədə də qeyd olunduğu kimi, mübahisəli yaşayış evinin mülkiyyətçisi çoxdur. Onlar isə tamamilə əsassız olaraq cavabdeh kimi göstərilmiş və prosesə cəlb olunmuşlar. Mülkiyyət və vərəsəlik məsələləri həll olunmadığından onlar da müvəqqəti istifadəçilər kimi həmin evdə yaşayırlar. Bir sıra mühüm faktların düzgün göstərilmədiyi məhkəmə qətnaməsindən aydın mübahisənin qanuni və ədalətli həlli üçün istinad etməyə maddi hüquq norması tanımaqda çətinlik çəkən hakim sonra 1982-ci il tarixli MM-nin 53-cü maddəsinə etməkdə də haqlı olmamışdır. Hesab edir ki, məhkəmənin mübahisənin həlli zamanı AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanması daha məqsədəuyğun olardı. Çünki, mübahisə predmeti olan yaşayış evinin hüquqi statusu dövlət mənzil fondu evlərindən xüsusi mənzil fondu evlərinə daha yaxındır. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz valideynlərini, öz övladlarını və digər evlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadə hüququ etdiyi Şəki rayon Aşağı Küngüt kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi mövcud deyildir. Yalnız iddiaçının qaynatası X3 adına texniki pasport tərtib edilmişdir. İddiaçı 2006-cı ilin aprel ayında evin sahibinin oğlu Cavabdeh2 ilə rəsmi nikah qeyd etdirməklə həmin yaşayış evinə köçmüş, sonra həyat yoldaşı ilə aralarında yaranmış söz-söhbətə görə birgə nikahdan olmuş uşaqlarını yaşadığı evdə qoyub könüllü şəkildə atası ilə birlikdə onun evinə getmişdir. Sonradan, 2020-ci ilin iyun ayında aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar anasının yanında saxlanılmışdır. Məlum olduğu kimi, mübahisəli yaşayış evinin faktiki sahibi olmuş iddiaçının qaynatası X9 30.09.2000-ci ildə vəfat etmişdir. Onun adına yalnız evin Texniki Pasportu olmuşdur. Cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 adına heç bir fərdi yaşayış evi yoxdur. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarına əsasən gəlinin qaynatadan və ya onun vərəsələrindən özünün saxlanmasını cəlb etmək hüququ müəyyən edilməmişdir. Ona görə də, hesab edir ki, iddiaçının rayonu Aşağı Küngüt kəndində yerləşən mübahisəli yaşayış evinə istifadə hüququ yoxdur və həmin səbəbdən də bu evə köçürülə bilməz. Odur ki, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı vəkili Vəkil1 izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-109/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlunun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, mübahisələndirilən ev onun adına qeydiyyata alınıb. Atasının vəfatından əvvəl evi ona şifahi şəkildə bağışlayıb. Həmin vaxt evdə iki qardaşı və anası yaşayırdı. O, İddiaçı və onun əri Cavabdeh2 həmin evə köçməyini istəmir. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Avropa İnsan Hüquqları Məhkəməsi “X11rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəf qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsinin ləğv edilməsini dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianın istifadə hüququnun tanınması və evə köçürülmə hissəsini düzgün olmayaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiаçı cаvаbdehlə 2006-cı ildə fаktiki nikаhа girməklə evlənmiş, nikаhlаrını 01 aprel 2006-cı il tаrixdə rəsmiləşdirmişlər. Ailə qurаrkən cavabdehin atası X5 məxsus Şəki rayonu Aşağı Kümgüt kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, 2019-cu ilin noyabr ayına qədər bu evdə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah qeydi 09 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisə predmeti olan iddiaçının köçürülməsi xahiş olunan evə Cavabdeh2 atası X3 adına texniki pasport tərtib edilmişdir. X9 30.09.2000-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, 30.09.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 Cəbrayıl qızı və X1 rayonu, Aşağı Küngüt kəndi ünvanında yerləşən ümumi sahəsi 106.5 kv.m olan fərdi yaşayış evindən ½ hissədə miras payı almalıdırlar. Bundan sonra Miras payın bağışlanması müqaviləsindən də görünür ki, Cavabdeh1 Cəbrayıl qızı ona düşən miras payın ½ hissəsini X4 bağışlamışdır. ünvan 1ində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X2 mülkiyyətindədir. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 atasından miras qalmış əmlakdan miras payı almamışdır. Hazırda fərdi yaşayış evi X2 mülkiyyətindədir. Yuxarıda qeyd olunduğu kimi iddianı qismən təmin edən birinci instansiya məhkəməsi mübahisələndirilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə əsaslandırmışdır. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının köçürülməsi xahiş olunan evə Cavabdeh2 atasının adına texniki pasport tərtib olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, işə baxan məhkəmələr hazırki mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Həmin evə keçmiş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları ilə deyil, Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Odur ki, iddiaçının həmin yaşayış sahəsinə 2006-cı ildə köçürülməsi nəzərə alınmaqla, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, X9 30 sentyabr 2000-ci il tarixdə, yəni iddiaçının evə köçməmişdən əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 18.04.2022-ci il tarixli məktubdan görünür ki, X3 adına olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evi hazırda X7 (fərdi yaşayış evi), Cavabdeh2 və Cavabdeh1 Cəbrayıl qızının (torpaq sahəsi ümumi birgə) adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.09.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 Cəbrayıl qızı və X1 rayonu, Aşağı Küngüt kəndi ünvanında yerləşən ümumi sahəsi 106.5 kv.m olan fərdi yaşayış evindən ½ hissədə miras payı almışlar. İş materiallarında olan Miras payın bağışlanması müqaviləsindən də görünür ki, Cavabdeh1 Cəbrayıl qızı ona düşən miras payın ½ hissəsini X4 bağışlamışdır. İş materiallarında olan Çıxarışdan da görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X2 mülkiyyətindədir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həmin evə köçmüş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı övladı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçinin qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və onun azyaşlı uşağının mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. Beləliklə iş materiallarından göründüyü kimi hazırda yuxarıda qeyd edilmiş iş materiallarından da göründüyü kimi həmin fərdi yaşayış evi X2 mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mülki işə üçüncü şəxs kimi cəlb edilmiş X7 evin onu mükiyyətidə olduğunu və İddiaçı evinə köçürülməsinə razı olmadığını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissəsə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 Cəbrayıl qızı və Cavabdeh2 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 saylı qətnaməsi qismən, İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X6 və 15 fevral 2009cu il təvəllüdlü X10 ilə birlikdə evdən istifadə hüquqlarının tanınması və İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları-04 sentyabr 2006-cı il təvəllüdlü X6, 15 fevral 2009-cu il təvəllüdlü X10 ilə birlikdə X15 оğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 400 invertar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə də təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-517/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-517/2022
26.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver