Məhkəmə qərarları › İş №2(107)-520/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-520/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-520/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 23070 manat məbləğində borcun və 160 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən cəmi 23370 manat pulun və 160 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olaraq müxtəlif geyim, məişət və digər əşyalar satır. Əvvəldən tanıdığı cavabdehlər onda pul olduğunu bilmiş, 2021-ci il may ayında müxtəlif vaxtlarda ondan cəmi 23370 manat (1370+22000=23070) məbləğində borc almış, lakin bu günədək ona olan borcunu qaytarmamışlar. Bu səbəbdən də, hal-hazırda cavabdehlərin ona olan 23370 manat məbləğində borcu bu günədək ödənilməmişdir. Cavabdehlərdən borcunu tələb etdikdə sonuncular evlərini satıb ona olan borcunu qaytaracaqlarını bildirsə də, lakin sonradan onlar vədlərinə əməl etmədilər və o, dəfələrlə ona olan borcunu qaytarılmasını cavabdehlərdən xahiş etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə ona olan borclarını qaytarmaqdan yayınmışdırlar. Cavabdehlərdən hazırda ona borclu olduğu 23370 manat borc məbləğini və 160 manat dövlət rüsumunu tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı (sədrlik edən hakim K.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 23370 (iyirmi üç min üç yüz yetmiş) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehə 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları vermiş, Cavabdeh1 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları vermiş, Cavabdeh1 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, nə iş materialları, nə də tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə tələb olunan əşyaların və pul məbləğlərinin Cavabdeh2 verilməsi öz təsdiqini tapmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin oluna bilməz. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı vəsatət versə də, onun adından verilmiş qəbzin hansı ildə verildiyini və qəbzdə göstərilən borcun icrası müddətinə dair hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu səbəbdən həmin öhdəlik üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Mövcud sübutlarla təsdiq olunur ki, İddiaçı öhdəliyin icrasını xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nə müraciət etdiyi andan bilmiş, bunu təkzib edəcək sübutu isə cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 23370 manat məbləğində pul tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə isə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 567, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 739, 377, 385.1, 442-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onlardan 23070 manat məbləğində borcun və 160 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılması xahiş etmiş, sonradan məhkəmə hazırılıq iclası zamanı iddia tələbini dəqiqləşdirərək onlardan cəmi 23370 manat pulun və 160 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 23370 (iyirmi üç min üç yüz yüz yetmiş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat İddiaçı xeyrinə tutulmuş, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin olunmaması qət edilmişdir. Məhkəmə işin faktiki hallarını tam və hərtəfli qaydada aydınlaşdırmamışdır. Bildirir ki, iddiaçıdan heç bir halda heç bir pul götürməmişdir. İddiaçıdan təxminən 700 manat dəyərində əşyalar götürmüş. Həmin əşyaların dəyərini ödəmişdir. O, əşyanın dəyərini ödəməsə də iddiaçı ona bu əşyanı verərdimi? O, iddiaçının təqdim etdiyi qəbzi 2017-ci ildə yazmışdır. Ancaq şəxsə qeyd olunan məbləğdə heç vaxt borcu olmayıb. İddiaçının təqdim etdiyi qəbzdə heç bir tarix belə mövcud deyildir. O, bütün bunları məhkəmədə qeyt etmişdir. O, xx.xx.2022-ci il tarixli qəbzi yazmışdır. 520 manat borcu olduğunu bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi şəxsdən 700 manat dəyərində əşyanı götürmüşdür. xx.xx.2022-ci il tarixində 520 manat borcunun olduğunu bildirmişdir. Göründüyü kimi həmin qəbzdə tarix qeyd edilmişdir. O həmin tarixi təsdiq etmişdir. Amma onun şəxsə 23370 manat borcu olmamışdır. Məhkəmə qətnaməsinin 2-ci səhfəsinin 6-cı abzasında qeyd edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Yevlax RPŞ ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 5 ildir ki, həmkəndlisi Xəyalə adlı şəxs təxminən iyirmi üç min manat dəyərində paltar və pul verməsinə baxmayaraq pulunu geri ala bilməməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, şəxs ərizəsində qeyd etmişdir ki, təxminən 5 ildir ki, ona pul və paltar vermişdir. Əlbətdə ki, bu şişirtmə bir rəqəmdir. Məhkəməyə təqdim etdiyi qəbzdə isə tarix belə olmamışdır. İddiasında bu məbləği 2021-ci ildə verdiyini bildirmişdir. X6 yazmış olduğu ərizədə 5 ildir ki, həmkəndlisi Xəyaləyə iyirmi üç min dəyərində pul və paltar verdiyini bildirmişdir. Şəxs əsassız olaraq Polisdə işləyən oğlunun şantaj etdiyindən o, ona müraciət etmişdir. Tərəfindən tələbə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Ərizə mülki işin materiallarında olmaqla qətnamədə əks olunmuşdur. İddiaçı özü elə məhkəməyə tarixi qeyd edilməyən qəbzinin tarixini, müddətini Yevlax rayon Polis Şöbəsinə verdiyi, öz imzası ilə təsdiq etdiyini ərizəsində əks etdirmişdir. İddiaçı normal qaydada, öyrədilmədən öz fikirlərini belə ifadə etmişdir: “Təxminən 5 ildir ki, həmkəndlisi Xəyalə adlı şəxs təxminən 23000 manat dəyərində paltar və pul verilməsinə baxmayaraq pulunu geri ala bilməməsinə köməklik edilməsini xahiş etmişdir”. Bu da müddətin elə həmin ərizəsini 2022-ci ildə verdiyi vaxtda 5 il əvvəl pulun və paltarın verilməsini ortaya qoymuşdur. Məhkəmə iddia müddətini tədbiq edilməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Prossesual hüquq normaları pozulmuşdur. O, tələbə etiraz etmişdir. Məhkəmə onun mövqeyinə münasibətdə bir cümlə də olsun fikirlərinə qiymət verməmişdir. Belə ki, məhkəmə tərəfindən bərabərlik prinsipi pozulmuşdur. Onun sübutları, ərizəsi qəbul edilməmişdir. Məhkəmə ona münasibətdə qərəzli olmuşdur. İşin faktiki halları tam araşdırılmamışdır. İddia müddəti tədbiq edilməmişdir. İşdə olan əsaslı hallara bərabər qaydada qiymət verilməmişdir. Məhkəmə onun sübutlarına əhəmiyyət verməyərək əsassız qərar qəbul edərək əsassız qənaətə gəlmiş, işin faktiki hallarını tam və hərtərfli qaydada araşdırmamışdır. İddia müddətini tədbiq etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iş üçün əhəmiyyətli halları subut etmədən söz yığımlı əsassız ifadəni təmin etmişdir. 1-ci işdə 2 qəbz var. Birinin yazılma tarixi, digərinin isə tarixi əks olunmayan formatı var. 3-cü sübutda isə şəxsin Polis Şöbəsinə verdiyi ərizəsi vardır. Bu ərizədə tələbinin mətni olsada borcun tarixi əks olunmamı.dır. 4-cü sübut müddətin tədbiqi ərizəsidir ki, onu da məhkəmə rədd etmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X3 apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)- 175/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əssən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əssən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 739-ci maddəsinə əssən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 377-ci maddəsinə əssən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda satmaq üçün məyyən əşyalar vermiş, cavabdeh isə həmin əşyaları sataraq pulun bir hissəsini iddiaçıya qaytarmış, Cavabdeh1 qalan 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Kollegiyanın gənaətinə görə tərəflər arasında yaranmış mübahisə vaxtaşırı icra edilməli olan öhdəliklərlə bağlı olmuşdur. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları vermiş, Cavabdeh1 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı vəsatət versə də, onun adından verilmiş qəbzin hansı ildə verildiyini və qəbzdə göstərilən borcun icrası müddətinə dair hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu səbəbdən həmin öhdəlik üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Mövcud sübutlarla təsdiq olunur ki, İddiaçı öhdəliyin icrasını xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-yə müraciət etdiyi andan bilmiş, bunu təkzib edəcək sübutu isə cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, məhkəmə isə iddia müddətinin tətbiqi barədə ərizəsində göstərdiyi xüsusatlar hazırki iddianın rədd edilməsi üçün əsas deyildir qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə iddia müddəti ötürüldüyü üçün əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: “İddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir”. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf işdə olan yazılı qəbzlərin onun tərəfindən yazılmadığını bildirmir. Qəbzlərdə tarixlərin olmadığını bildirir. Bu da onu deməyə əsas verir ki, cavabdeh qeyd edilən məbləğdə pulu iddiaçıya borclu olmuşdur. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 5 ildir ki, həmkəndlisi Xəyalə adlı şəxs təxminən iyirmi üç min manat dəyərində paltar və pul verməsinə baxmayaraq pulunu geri ala bilməməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində qeyd etmişdir ki, təxminən 5 ildir ki, ona pul və paltar verib və həmin pulu cavabdehdən ala bilmir. Kollegiyanın qənaətinə görə iddiaçının poliş şöbəsinə yazmış olduğu ərizə yazılı sübut kimi qiymətləndirilməlidir. Əgər iddiaçı ərizədə 5 ildir ki, pulunu ala bilməməsini qeyd edirsə, borcun 2017-ci ildə olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-ci maddəsinin təsiri altına düşür. Belə olduğu halda hazırkı iş üzrə iddiaçı ən azından 2021-ci il tarixdə məhkəməyə müraciət etməli olduğu halda müraciət etməmiş, 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə də kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, cavabdehin işdə olan qəbzi 2022ci il tarixdə yazması iddia müddətinin bərpası anlamına gəlmir. Kollegiyanın qənaətinə görə qəbzin sonradan yazılması iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci maddəsinin məzmunundan aydın olur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırkı halda isə iddiaçı tərəf qanunvericiliyin ona tanımış olduğu bu müddətdən istifadə etməmiş, iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar