Məhkəmə qərarları › İş №2(107)-521/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-521/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-521/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-744/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona olan borcuna görə 14043 (on dörd min əlli üç) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə yaxın dost münasibətlərində olmuşdur. Buna əsasən cavabdeh təxminən 2021-ci ilin dekabr ayında ona müraciət edərək ona borc pul verməsini xahiş etmişdir. Buna əsasən iddiaçı tərəfindən ilkin olaraq cavabdehə 2000 (iki min) manat pul verilmişdir.Sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək ona müraciət edərək biznesə girişdiyi üçün ona yenə borc pul verməsini xahiş etmişdir. Buna əsasən iddiaçı tərəfindən ümumilikdə cavabdehə 9000 (doqquz min) manat borc pul verilmişdir. Sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus xırda buynuzlu heyvanları nisyə şəkildə iddiaçıdan 7700 manata almışdır.Bununlada cavabdehin ona ümumilikdə 16600 manat borcu yaranmışdır. Cavabdehə bununla bağlı müraciət edərək ona yaranmış borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh ona olan 16600 manat borcundan ümumilikdə 2557 manatını hissə-hissə ödəmişdir. Hazırda cavabdehin ona 14043 manat borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etsədə lakin maddi imkanının zəif olması səbəbi ilə borcunu ödəməkdən imtina edir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-744/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddianın təmin olunması, Cavabdeh 14043 (on dörd min qırx üç) manat pul və 132 (bir yüz otuz iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 14175 (on dörd min bir yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-744/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-744/2024 nömrəli qətnaməsində cavabdeh kimi göstərilən “X2” sözləri “Cavabdeh” sözləri ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etsə də, əslində həqiqi niyyətinin qətnamənin ləğv edilməsindən ibarət olduğunu göstərmişdir. Bundan başqa Cavabdeh səs yazısının məhkəməyə təqdim edildiyi iddiaçı ilə aralarında olan dialoqunda onun tərəfindən iddiaçıdan 7700 manat dəyərində qoyunların alındığını göstərsə də, əslində onun iddiaçıya qoyunlarla bağlı heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh ilə aralarında yaxın münasibətləri olduğundan cavabdehin qəssablıq fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq sonuncuya 2022-ci ilin fevral ayında 7700 manat dəyərində təxminən 34 baş xırdabuynuzlu heyvanı nisyə şəklidə satdığını, cavabdeh tərəfindən ondan nisyə şəkildə alınmış heyvanlar kəsilərək satılıb, qazanc əldə edilməsinə baxmayaraq, qoyunun pulundan ona cəmi 1700 manatın ödənildiyini, qalan borcun isə ödənilmədiyini bildirmişdir. O, həmçinin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən iddaçı İddiaçı 28 sentyabr 2021-ci il tarixdən qoyun və keçilərin yetişdirilməsi, Cavabdeh isə 27 yanvar 2021-ci il tarixdən təzə inək və camış südünün istehsalı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə tərəfləri sahibkarlıq statusuna malik olduqlarından, işin hallarından onların arasındakı münasibətin kommersiya fəaliyyətindən irəli gəlməklə koorporativ mübahisəyə aid olduğu müəyyən edildiyindən hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-744/2024 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-744/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar