Məhkəmə qərarları › İş №2(107)-522/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-522/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-522/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları Cavabdeh 24 mart 2018-ci il tarixdə İddiaçı 7500 (yeddi min beş yüz) manat borc pul almışdır. Onların aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu hər ay 750 (yeddi yüz əlli) manat olmaqla 10 (on) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunanları özündə əks etdirən ərizəni yazaraq iddiaçıya təqdim etmişdir. Lakin cavabdeh öhdəliklərini icra etməmişdir.. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC cavabdehə pretenziya məktubu ilə müraciət edərək pulun qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8505 (səkkiz min beş yüz beş) mant pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 24 mart 2019-cu il tarixdə ondan 7500 (yeddi min beş yüz) manat borc pul alıb. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu hər ay 750 (yeddi yüz əlli) manat olmaqla 10 (on) ay müddətinə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh bu barədə ərizə yazıb. Lakin cavabdeh öhdəliklərini icra etməyib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC cavabdehə pretenziya məktubu ilə müraciət edərək pulun qaytarılmasını tələb edib. Lakin cavabdeh yenə də aldığı pulu qaytarmaqdan imtina edib. Göründüyü kimi, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulu borc adı ilə ondan almış, lakin aldığı borcu qaytarmaqdan imtina etmiş və qanunsuz hərəkətlərini bu günədək davam etdirir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019-cu il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 8505 (səkkiz min beş yüz beş) manat pulun alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, 2019-cu ilin mart ayının 24-də Cavabdeh 10 ay müddətdə qaytarmaq şərti ilə ondan 7500 manat borc pul alıb. Cavabdeh pulun alınması və qaytarılma vaxtı barədə yazılı öhdəlik götürüb. Lakin həmin vaxtdan bu günədək, dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh pulu qaytarmaqdan imtina edib. Pulun qaytarılması barədə cavabdehə yazılı müraciət ünvanlanmasmdan sonra da, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Göründüyü kimi, Cavabdeh 3 ilə yaxın müddətində ondan aldığı 7500 manatı qanunsuz olaraq özündə saxlamış, pulu qaytarmaqla bağlı tələblərimə məhəl qoymamış, qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Odur ki, cavabdehdən 7500 (yeddi min beş yüz) manat əsas borcun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Bunundan başqa, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun alındığı 24 mart 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 24 mart 2018- ci il tarixdə 7500 manat pul götürmüşdür. Bu barədə həmin tarixdə ərizə yazaraq qol da çəkmişdir. Lakin həmin pulu o, özü üçün deyil dostu üçün götürmüşdür. Belə ki, dostunun həmin dövrdə pula ehtiyacı olduğundan o, İddiaçı 7500 manat pul götürərək dostuna vermişdir. Həmin şəxsi Ruslan da tanıyır. Dostu götürdüyü pulu 10 ay müddətində hər ay 750 manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, lakin vədinə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 24 mart 2018-ci il tarixdə 7500 manat məbləğində borc vermiş və Cavabdeh borcu 10 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddiaçıdan 7500 manat pul götürdüyünü və borc pulun alınması barədə ərizə verdiyini etiraf etmişdir. İddiaçı 7500 (yeddi min beş yüz) manat əsas borcun, həmin pulun alındığı 24 mart 2019cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 sentyabr 2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 (doqquz yüz yetmiş beş) manat (7500 Azn/100%=75 x 5%=375 Azn, 375 Azn x 2 il 6 ay = 975 Azn) gecikdirilmiş faiz borcunu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 7500 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın "cavabdehdən 975 manat faiz borcunun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Cavabdeh 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 (yeddi min beş yüz otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.3, 448.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 24 mart 2018-ci il tarixdə imzalanmış ərizəyə əsasən Cavabdeh İddiaçı 7500 manat borc pul almış, həmin məbləği hər ay 750 manat olmaqla 10 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Femida Hüquq və Konsaltinq Şirkəti MMC tərəfindən Cavabdeh ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli Pretenziya məktubundan görünür ki, borc məbləği 3 gün ərzində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 24.03.2018-ci il tarixdə telefon nömrəsi 050 (055)-363-64-63 olan Rahim adlı şəxs vasitəsilə Bakı şəhərində mətbuat prospektində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində (sonradan adını bildiyi) Nümayəndə 5000 (beş min) manat borc pul almışdır. Həmin məbləğin 10 ay müddətinə hər ay 750 manat ödəmək şərti ilə (faiz hesablanıb) cəmi 5000 manata qarşı 7500 manat ödəməyi öhdəsinə götürmüş və bu barədə həmin tarixdə yəni 24 mart 2018-ci il tarixdə ərizə yazaraq qol çəkmişdir. Aldığı 5000 manat pulu elə həmin tarixdə qaynına (qətnamədə səhvən dostu kimi qeyd olunub) vermişdir. Ona bildirmişdir ki, 5000 manatın əvəzində hər ay 750 manat ödəməklə 10 ay ərzində ödəniş çatmalıdır. 2500 manatın faiz borcu olduğunu da Daşqına bildirmişdir. Qətnamədə guya dostu (yəni qaynı Daşqın) vədinə əməl etmədiyi göstərilmişdir. O, belə ifadə verməmişdir. Qaynı Daşqın yanvar 2019-cu il tarixə həmin borcu faizi ilə birlikdə 5000 + 2500=7500 tam olaraq iddiaçıya ödəmişdir. Ancaq onun iddiaçıya 24.03.2018-ci il tarixdə 7500 manat borc almağı və həmin borcu hər ay 750 manat məbləğində ödəməklə 10 ay müddətinə ödəcəyini öhdəsinə götürməyi barədə qol çəkdiyi ərizə iddiaçıda qalmışdır. O, 24.03.2019-cu il tarixdə iddiaçıdan 7500 manat borc pul almamışdır. Bu faktı istər iddia tələbində göstərilən 24.03.2019-cu il tarixdə 7500 manat borc almağı, həmin 7500 manat borcu 10 ay müddətinə ödəyəcəyi barədə işə təqdim edilmiş bir il əvvəlcədən verilmiş 24.03.2018-ci il tarixli ərizədəki ziddiyətlər sübut edir ki, o, iddiaçıdan 2019-cu ildə borc almamışdır, borcun ödənişi barədə öhdəlik ərizəsi verməmişdir. İddia ərizəsində və qətnamədə göstərilib ki, 24.03.2019-cu il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25.09.2021-ci il tarixədək olan 2 il 6 ay dövr üzrə ondan 975 manat gecikdirilmiş faiz borcu tələb olunur. Necə ola bilər ki, 24.03.2019-cu ildə göstərilən 7500 manat borcu 10 aya ödəmək üçün pul götürməmişdən bir il əvvəldən üzərinə 24.03.2018-ci il tarixdə imzalanmış ərizə ilə öhdəlik götürür. Qeyd olunan faktlarla təsdiq olunur ki, o, iddiaçıdan 24.03.2019-cu il tarixdə borc pul götürməmişdir. Qaynı Daşqın 24.03.2019-cu il tarixdə Rahim vasitəsi ilə iddiaçıdan 10000 manat borc alıb. Həmin borcun 9000 manatını ödəyib. 1000 manat borcu qalıb, onu ödəyəcəyinə söz verir, faiz borcunu ödəyə bilmədiyini bildirir. Bu barədə onda məlumat 2021-ci ilin yayında olub. Ona Rahim zəng edərək məlumat verib. O, qaynı Daşqına zəng edərək məsələni ondan soruşmuş, o da bildirmişdir ki, həqiqətən onun məlumatı olmadan Rahim vasitəsilə iddiaçıdan 10000 manat borc almışdır. Həmin borcu 24.03.2019-cu il tarixdə aldığını 9000 manatın ödənildiyini, 1000 manat borcu qaldığını, onu da ödəyəcəyini ancaq bu dəfə onlara maddi vəziyyətinə görə faiz ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçı qaynı Daşqının onun məlumatı olmadan aldığı borcun əsas və faiz borcu olmaqla cəmi 7500 manat pulu 24.03.2018-ci il tarixdə onun onlara verdiyi, geri almadığı öhdəlik ərizəsindən yararlanaraq onun hesabına ödəniş edilməsinə çalışırlar. Ancaq heç vaxt bir il əvvəldən bir il sonra alınacaq borc üçün üzərinə yazılı öhdəlik götürməz. İddanı qəbul etmir. Faktlar da təsdiq edir ki, tələb tam əsassızdır. Onun iddiaçıya borcu yoxdur. Ona görə də həm iddiaçının və həm də Rahimin məhkəmədə dindirilməsinin təmin edilməsini xahiş edir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)- 1775/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)- 1775/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçıdan 24 mart 2019-cu il tarixdə deyil, 24 mart 2018-ci il tarixdə 10 ay müddətinə hər ay 750 manat qaytarmaq şərti ilə 5000 manat alıb qarşılığında 7500 manat ödəməyi öhdəsinə götürməsi; həmin borcla bağlı ərizə yazaraq iddiaçıya verməsi, götürülən pulu qaynı Daşqına verməsi; Daşqının da müəyyən edilmiş müddət ərzində borcu tam həcmdə iddiaçıya ödəməsi; qaynı Daşqının 24.03.2019-cu il tarixdə Rahim adlı şəxsin vasitəsi ilə iddiaçıdan 10000 manat borc alması, həmin borcun 9000 manatını ödəyib, 1000 manatını ödəməməsi, onu da qaynının ödəyəcəyi, onun isə iddiaçıya heç bir borcunun olmadığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıdan 10 ay müddətinə hər ay 750 manat qaytarmaq şərti ilə 7500 manat borc alması cavabdehin özünün verdiyi izahatı və borc alması barədə onun tərəfindən yazılmış və iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş ərizə ilə təsdiq edilir. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun iddiaçıdan 24 mart 2019-cu il tarixdə deyil, 24 mart 2018-ci il tarixdə borc alması ilə bağlı göstərdiklərinə münasibət bildirərək birinci instansiya məhkəməsi onun iddiaçıdan 24 mart 2018-ci il tarixdə borc almasının sübut edilməsi qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının sübut kimi təqdim etdiyi borcun alınması ilə bağlı olan ərizəni özünün yazdığını etiraf etmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(025)-1775/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar