Məhkəmə qərarları › İş №2(107)-523/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-523/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-523/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki iş üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-517/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015- ci il tarixli 1 (054) - 16 / 2015 nömrəli hökmünün çıxarılmasından sonra keçən 47 ay müddətində əldən çıxmış fayda kimi hər ay üçün 200 manat olmaqla, cəmi 9400 manat, 4 il ərzində müayinə və müalicəsi üçün xərclədiyi 2000 manat, hüquqi yardım üçün hüquqşünaslara ödədiyi 600 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat - cəmi 12.030 (on iki min otuz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (054) - 16 / 2015 nömrəli hökmünün çıxarılmasından sonra keçən 1430 gün müddətində əldən çıxmış fayda kimi hər gün üçün 25 manat olmaqla, cəmi 35.750 manat, 4 il ərzində müayinə və müalicəsi üçün xərclədiyi 2000 manat, hüquqi yardım üçün hüquqşünaslara ödədiyi 600 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat - cəmi 38.380 (otuz səkkiz min üç yüz səksən) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-517/2019 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda kimi 35.750 manat, müayinə və müalicə xərcləri üçün 2000 manat, hüquqi yardım üçün hüquqşünaslara ödənilən 600 manat və dövlət rüsumu kimi ödənilən 30 manat - cəmi 38.380 (otuz səkkiz min üç yüz səksən) manat məbləğin cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2013-cü ilin iyun ayının 27dən 28-nə keçən gecə ona məxsus olan “KAMAZ-5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini oğurladığına görə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (054) - 16 / 2015 nömrəli hökmü ilə məhkum edilmiş, həmin hökmə əsasən onun mülki iddia tələbi qismən təmin edilərək cəmi 27.350 (iyirmi yeddi min üç yüz əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin oğurluq hadisəsindən keçən 6 ildən çox müddət ərzində cavabdeh ona vurduğu maddi zərəri ödəməmişdir. O vaxtdan indiyədək o, heç bir yerdə işləmir və ailəsinin dolanacağı üçün işlətdiyi yük avtomobili əlindən çıxmışdır. Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra maddi zərəri ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ona vurduğu maddi zərəri ödəmək istəmir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (054) - 16 / 2015 nömrəli hökmünün çıxarılmasından sonra keçən 1430 gün müddətində ona əldən çıxmış fayda kimi hər gün üçün 25 manat olmaqla, cəmi 35.750 manat miqdarında maddi zərər dəymişdir. Bundan əlavə, qeyd olunan müddət ərzində o, əsəbiləşərək iztirab keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Dəfələrlə həkimə müraciət edərək müayinə və müalicəsi üçün 2000 manat pul xərcləmişdir. Ona hüquqi yardım göstərdiklərinə görə hüquqşünaslara 600 manat miqdarında pul vermiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh ona dəyən maddi zərəri ödəmədiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hazırda həmin məbləğləri cavabdehdən tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, qeyri-obyektiv, qərəzli, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət vermədən, tam araşdırmadan qeyri-obyektiv qənaətə gəlmişdir və hüquqlarını pozan qətnamə çıxarılmışdır. Belə ki, Oğuz Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini hazırki işə düzgün tətbiq etməmişdir. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(054)-16/2015 nömrəli hökmü ilə onun cavabdehə qarşı mülki iddia tələbi qismən təmin olunmuşdursa bu həmin məbləğin ona ödənildiyi anlamına gəlmir. Cavabdeh ötən dörd il ərzində həmin 27350 (iyirmi yeddi min üç yüz əlli) manat məbləğin yalnız 900 (doqquz yüz) manat hissəsini ödəmişdir. Cavabdehin ona 1000 (min) manat təklif etməsi və onun həmin puldan imtina etməyi barədə qətnamədə yazılanlar isə həqiqətə uyğun deyil. Məhkəmə qətnamədə onun iddia tələbində qeyd etdiklərinə cavabdehin barəsində olan cinayət işinə baxılarkən hüquqi qiymət verildiyini, "KAMAZ- 5320" markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması ilə bağlı cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətinin həddlərinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dəqiqləşdirildiyini və cavabdehin iddiaçı qarşısında əlavə olaraq mülki məsuliyyətinin yaranması üçün yeni halların müəyyən edilmədiyini yazır. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-517/2019 nömrəli qətnaməsində gəlinən bu nəticələrdən və iddia tələbinin rədd olunması üçün istinad olunan həmin əsaslardan belə çıxır ki, oğurlanmış avtomobil ona qaytarılmış və ya onun dəyəri ona ödənilmiş, lakin yenidən oğurlanmamışdır. Bu səbəbdən də məhkəmə yeni halların mövcud olmadığı qənaətinə gəlmişdir. Onun hər hansı sübut təqdim etmədiyini qeyd edən məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və uzun illər ona vəsaitin ödənilmədiyini sübut kimi nəzərə almamışdır. Məhkəmənin hansı sübutlardan bəhs etdiyi də ona aydın deyil. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-517/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qərarı olmasına baxmayaraq cavabdeh bu ötən müddət ərzində ona cəmi 900 manat məbləğində pul ödəmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadır. Ona görə də Oğuz rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun həmin pulu birdəfəyə ödəməyə imkanı yoxdur. O, iddiaçıya 900 manat ödəmiş, bu yaxınlarda da 1000 manat təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Bundan əlavə o pulun əvəzinə iddiaçıya torpaq təklif edir, lakin iddiaçı torpağı da qəbul etmək istəmir. Cavabdeh sonda Oğuz rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından müəyyən edildi ki, cavabdeh 2013-cü ilin iyun ayının 27-dən 28-nə keçən gecə iddiaçıya məxsus olan “KAMAZ-5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini oğurladığına görə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (054) 16 / 2015 nömrəli hökmü ilə məhkum edilmiş, həmin hökmə əsasən iddiaçının mülki iddia tələbi qismən təmin edilərək cəmi 27.350 (iyirmi yeddi min üç yüz əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz rayon İcra Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Oğuz RayonMəhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1 (054) - 16 / 2015 nömrəli hökmünə dair icra sənədi üzrə cavabdeh indiyədək iddiaçıya cəmi 900 (doqquz yüz) manat pul ödəmişdir. Hazırda iddiaçı cəmi 38.380 (otuz səkkiz min üç yüz səksən) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələblərinin əsasları kimi cavabdehin ona ödəməli olduğu pulu vermədiyinə görə qeyd olunan hökmün çıxarılmasından sonra keçən 1430 gün müddətində ona əldən çıxmış fayda kimi hər gün üçün 25 manat olmaqla, cəmi 35.750 manat miqdarında maddi zərər dəydiyini, 4 il ərzində əsəbiləşərək iztirab keçirməklə səhhətində ciddi problemlər yarandığına görə müayinə və müalicəsi üçün 2000 manat pul xərclədiyini, hüquqi yardım üçün hüquqşünaslara 600 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi 30 manat ödədiyini bildirir. Cavabdeh iddia tələbini qəbul etmir, qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair icra sənədi üzrə iddiaçıya verməli olduğu məbləği ödəməkdən yayınmadığını, həmin məbləği bir dəfəyə və ya qısa müddət ərzində ödəmək imkanı olmadığını, həmin puldan 900 manat ödədiyini, qalan pulu da hissəhissə ödəməyə çalışacağını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçıya əldən çıxmış fayda və ya digər şəkildə hər hansı miqdarda maddi zərər vurmadığını bildirir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(054)-16/2015 nömrəli hökmünün məzmunundan görünür ki, həmin işdə hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehə qarşı mülki iddia tələbinə baxılarkən mülki iddia tələbinə mahiyyəti üzrə baxılaraq oğurlanmış “KAMAZ-5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri kimi maddi ziyan məbləği, həmin avtomobildən istifadə edilməklə gəlir əldə olunması imkanlarına görə əldən çıxmış fayda məbləği, həmçinin iddiaçıya dəymiş mənəvi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissələri qismən təmin edilmişdir. Kollegiya yuxarıda qeyd olunanlara istinadən belə qənaətə gəlir ki, iddiaçıya məxsus olmuş “KAMAZ-5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması nəticəsində ona dəymiş hər növ zərərin miqdarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və iddiaçının hazırda qeyd etdiyi faktlara da cavabdehin barəsində olan cinayət işinə baxılarkən məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. “KAMAZ- 5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması ilə bağlı cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun iddiaçı qarşısında olan mülki məsuliyyətinin həddləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dəqiqləşdirilmişdir. Cavabdehin iddiaçı qarşısında əlavə olaraq mülki məsuliyyətinin yaranması üçün yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəal ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-517/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar