Məhkəmə qərarları › İş №2(107)-523/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-523/2023

03.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-523/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı maneərin aradan qaldırılması öhdəliyinin qoyulmasına dair mülk iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasına dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)-278/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Yevlax rayonu, Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2001- 2005-ci illlərə dair 3 saylı təsərrüfatbaşına kitabına əsasən İddiaçı mərhum atası X4 qanuni istifadəsində Yevlax rayonu, Salahlı kəndində 0,32 ha həyətyanı torpaq sahəsi olmuşdur. X6 xx.xx.2017-ci il tarixdə, mərhum anası X8 isə xx.xx.2000-ci il tarixdə vəfat etmiş, iddiaçının mərhum atası X11 rayonu, Salahlı kəndində 0,32 ha həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. İddiaçı atasından miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin atasının adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinə məktubla müraciət etmişdir. 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması öhdəliyinin qoyulmasına” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayonu, Salahlı kəndində yerləşən ümumi sahəsi 96 kv.m olan yaşayış evi üzərində kameral ölçü işlərinin aparılmasına maneçiliyin aradan qaldırılması öhdəliyinin qoyunmasına qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 anası Alıyeva (Əliyeva) Şəqilət Alı qızı ilə xx.xx.1961-ci ildə nikaha daxil olmuş, atası X6 xx.xx.2017-ci il tarixdə, anası X8 isə xx.xx.2000- ci il tarixdə vəfat etmişdir. Atası və anasının Aqrar İslahatından əvvəl yaşadığı Yevlax rayonu, Salahlı kəndində yerləşən ümumi sahəsi 96 kv.m olan yaşayış evi, o cümlədən yaşayış sahəsi 48 kv.m olmuşdur. O, Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək atasından miras qalan həmin fərdi evi rəsmiləşdirmək istəmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********31 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə ona cavabdehlərin yaşayış evlə bağlı kameral ölçü işlərinin aparılmasına etiraz etdiklərini və invertarlaşdırma işlərinin aparılmasına mane etdiklərini bildirmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul edərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə mərhum valideynlərinə məxsus olan Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Qardaşı İddiaçı mübahisəli evdə yaşamasına heç bir etirazı yoxdur. Qardaşı İddiaçı özünə məxsus olan 0.56 hektar pay torpaq sahəsini satarsa, həmin torpaq səhəsinin dəyərini ödəyib almağa razıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Şəlalə Tağıyeva iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X6 xx.xx.2017-ci il tarixdə, mərhum anası X8 isə xx.xx.2000-ci il tarixdə vəfat etmiş, iddiaçının mərhum atası X11 rayonu, Salahlı kəndində 0,32 ha həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. İddiaçı atası və anasının ölümündən sonra ondan miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin atasının adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.

8. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Yevlax rayonu, Salahlı kəndində mərhum X2 miras qalmış 0,32 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 96 kv.metr olan yaşayış evi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır.

9. Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)-278/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin olunmuş, Yevlax rayonu, Salahlı kəndində mərhum X2 miras qalmış 0,32 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 96 kv.metr olan yaşayış evi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan süni maneələrın aradan qaldırılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 157 və 164-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5 və 103-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İşdə olan Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 fevral 2022-ci il tarixli, **********31 saylı bildirişindən görünür ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.

12. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arxiv arayışından Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu, Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2001-2005-ci illlərə dair 3 saylı təsərrüfatbaşına kitabının 82-ci səhifəsinin 227 saylı qeydinə əsasən X7 təsərrüfat başçısı yazılmışdır. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 96 kv metr, o cümlədən yaşayış sahəsi 48 kv metr yazılmışdır. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində 0.32 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

13. İşdə olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Salahlı kəndində yaşayır.

14. İşdə olan Mingəçevir Regional “Asan xidməti” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli 2167 nömrəli məktunundan görünür ki, İddiaçı ərizəsinə əsasən Yevlax rayonu, Salahlı kəndində yaşamış mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır.

15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı məhkəməyə öhdəliyin qoyulması tələbi ilə bağlı iddia qaldırmışdır. Öhdəliyin qoyulmasına dair iddialara Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq İnzibati Məhkəmələr baxır. Lakin, hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi işin ümumi və ya inzibati məhkəməyə aid olduğunu müəyyən etmədən, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.

17. Ümumiyyətlə, iddia ərizəsi düzgün tərtib edilməmişdir. Halbuki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəlləsində dəqiq göstərilmişdir.

18. Digər tərəfdən isə işə baxan Yevlax Rayon Məhkəməsi iddia tələbindən kənara çıxmışdır.

19. Yevlax Rayon Məhkəməsi işə baxıb yekun qətnamə qəbul edən zaman iddiaçının Yevlax Rayonun Salahlı kəndində yerləşən 0.32 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayıb-yaşamadığı, neçənçi ildən həmin torpaq sahəsindən istifadə etmədiyini müəyyən etməmişdir.

20. Məhkəmə cavabdehlərdən kimi mübahisə yaratdığını, hansı cavabdehlərin inventarlaşma işinə maneə yaratdığını aydınlaşdırmamışdır.

21. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)- 278/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)- 278/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

31. Bu qətnamənin 1-ci bəndində göstərilən hallar işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun mərhum atası X4 birinci növbəli vərəsəsi olaraq mövcud olması bu qətnamənin 14-cü bəndindən görünür.

32. Məhkəmə kollegyiası hesab edir ki, belə olan vəziyyətdə cavabdehlərin süni şəkildə yaratdığı maneələr iddiaçıın hüquqlarını pozur və bu baxımdan iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

33. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini əsaslı saymış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2. inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardan biri də inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialardır. (məcburetmə haqqında iddia) Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göründüyü kimi, inzibati məhkəmə icraatında baxılmalı olan öhdəliyin qoyulması iddiaları inzibati orqana qarşı qaldırılan inzibati aktın qəbul edilməsi ilə bağlı olan iddialardır. Hazırki işdə isə belə bir hal mövcud deyildir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin forma və məzmun tələbləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150 və 152-ci maddələrində göstərilmişdir. Hazırki iş üzrə iddia ərizəsində həmin normaların tələblərinin pozulması aşkar edilmir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh məhkəmənin iddia tələbindən kənara çıxmasının nədə özünü göstərməsini qeyd etməmiş, “işə baxan Yevlax Rayon Məhkəməsi iddia tələbindən kənara çıxmışdır” cümləsi ilə kifayətlənmiş, heç bir əlavə əsaslandırma olunmamış, sübut və ya dəlil təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-20-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evi və torpaq sahəsindən istifadə etmədiyini, inventarlaşma işinə maneə yaratmadığını göstərəcək hər hansı sübutu və ya dəlili məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)-278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(039)-278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar