Məhkəmə qərarları › İş №2(107)-523/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-523/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-523/2024 09.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e-2(033)-61/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(033)-191/2023 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir.

2. İş materiallarında olan həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, 07 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndi ərazisində ona məxsus 1 baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Muğanlı kənd yolunda hərəkətdə olan, sürücü İddiaçı məxsus «Vaz 21063» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X2 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, “Vaz 21063” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 903 manat zərər dəymişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/8355 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş Zaqatala rayonu “Avtoservis 100” X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 1986-cı il buraxılışlı, “VAZ 21063” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 806,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 346,00 manat; təmir- bərpa işlərinin qiyməti - 460,00 manat.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/8355 nömrəli ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

6. İş materiallarında olan X3 Şəhadətnaməsinin surətindən görünür ki, **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşınına vurduğu 903 (doqquz yüz üç) manat maddi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21063” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Muğanlı kənd ərazisində hərəkətdə olarkən qarşıda asfalt örtüyün üzərində 8-9 ədəd iribuynuzlu inəklərin dayandığını görmüş, inəklərin arasından ehmalca keçən zaman yolun sağ kənarında olan fındıq bağından 1 ədəd iribuynuzlu heyvan idarə etdiyi avtomobilin önünə qaçaraq çıxmış və avtomobili ilə toqquşmuşdur. Həmin vaxt avtomobildən enərək dərhal hadisə yerinə YPX əməkdaşlarını çağırmışdır. Daha sonra inəklərin sahibinin Cavabdeh olduğunu öyrənmiş və hadisə yerinə o da çağırılmışdır. Bundan sonra Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşı gəlmiş və izahatlarını almışdır. Hadisə zamanı heyvanları nəzarətsiz avtomobil yoluna buraxdığı üçün cavabdeh təqsirli bilinərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin hadisə nəticəsində avtomobilinə maddi zərər dəydiyinə görə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan sonra, Zaqatala rayon məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 3(033)191/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Eyni zamanda, həmin qərarda ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra biləcəyi izah olunmuşdur. Bununla bağlı bildirir ki, avtomobilinə dəymiş zərərə dair Zaqatala rayonu “Avtoservis 100 X2” müəssisəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli 62 nömrəli zərər aktına əsasən onun avtomobilinə dəymiş ziyan 903 manat məbləğində hesablanmışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyini almışdır. Rəydə göstərilən məbləğlə razıdır. Avtomobil köhnə olduğu üçün hazırda radiatorunu tapmaq mümkün deyil. Tapa bilmədiyi üçün ucuz radiator alıb qoymuşdur. Onun pulunun ödənilməsini tələb etmir. O, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Ekspert rəyini almışdır. Rəydə göstərilmiş məbləğlə razı deyil. Avtomobil köhnədir. Bütün nasaz olan yerlərini yazmış ola bilərlər. Avtomobil köhnə olduğu üçün radiatoru qəza zamanı deyil, əvvəldən də əzilmiş ola bilər. Dəqiq bilmir. O, iddianın təmin edilməməsini xahiş etmişdir. Amma məhkəmə tərəfindən nə qərar çıxarılsa etiraz etmir.

11. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 18 yanvar 2024-cü il tаrixli, e-2(033)-61/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 806 (səkkiz yüz altı) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3 və 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 115.0, 115.0.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e-2(033)- 61/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsi çox təəsüf ki, ümumiyətlə baş vermiş hadisə nəticəsində sözügedən minik avtomobilinin hansı detallarının sıradan çıxmasını lazımi qaydada araşdırmamış və müəyyən etməmişdir. Məhkəmə sadəcə olaraq “Avtoservis 100” tərəfindən formal və yalnış olaraq tərtib edilmiş sənəddə qeyd edilən detallar əsasında qətnamə qəbul etmiş, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Həmçinin iş materiallarında Məhkəmə Ekspertizası Mərkəzinin isə heç bir rəyi yoxdur. Halbuki “Avtoservis 100”-ün nə məlumatı nə dəki hüququ olmamışdır ki, belə bir qənaətə gəlsin. Çünki sözügedən avtomobil avtoservisə aparılarkən qüsur aktı olmamış, hansı detalların sıradan çıxmasını sübut edən heç bir fakt, məlumat olmayıb və həmin vaxtdada (avtomobil avtoservisə aparılarkən) cavabdehin iştirakı təmin edilməyib. Bundan əlavə iş materiallarında “Vaz 21063” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iddiaçı tərəfindən etibarnamə ilə idarə edildiyi müyyən edilmişdir. Yəni iş materiallarında İddiaçı sözügüdən minik avtomobilinin mülkiyyətçisi olması barədə hər hansı bir rəsmi sənəd mövcud deyil. Belə ki, “Vaz 21063” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Zaqatala rayonu, İ.Şamil küçəsi, ev 47də qeydiyyatda olan, X1 məxsusdur. Mülkiyyətçi tərəfindən iddiaçıya məhkəmədə iddia verilməsi hüququ barədə etibarnamədə verilməmişdir. Bununla da müəyyən etmək olar ki, iddiaçının ümumiyətlə iddia vermək səlahiyyəti olmamışdır. Belə olan halda işin məhkəmədə baxılmasının mümkün olmadığınıda müəyyən etmək olar. Bununla da məlum olur ki, məhkəmə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmamasına baxmayaraq qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhəkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e- 2(033)-61/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi.

20. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

27. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər

28. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e-2(033)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, 07 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndi ərazisində ona məxsus 1 baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Muğanlı kənd yolunda hərəkətdə olan, sürücü İddiaçı məxsus «Vaz 21063» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində Zaqatala RPŞ-in DYPB-in DAM polis leytenantı X8 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(033)-191/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X2 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktına əsasən “Vaz 21063” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 903 manat zərər dəydiyi müəyyən edilmiş və iddiaçı qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/8355 nömrəli ekspert rəyi ilə “VAZ 21063” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 806,00 manat müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir.

46. Birinci instansiya məhkəməsi cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur.

47. Cavabdeh daha sonra özünün təqsirli olmadığını, əslində iddiaçı tərəfindən ona ziyan ödənilməli olduğunu, dəymiş ziyanın daha aşağı məbləğ olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

48. Hazırkı mübahisənin predmetini məhz delikt, yəni yol hərəkəti qaydaları qaydalarının nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

49. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

50. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.

51. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir.

52. Apellyasiya şikayətinin başlıca dəlili hesablanmış ziyanın yüksək olması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vurulmuş zərəri iş üzrə alınmış ekspert rəyinə əsasən müəyyənləşdirmişdir.

53. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

54. Məhkəmə kollegiyası 11 dekabr 2023-cü il tarixli 9/8355 nömrəli ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir.

55. X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia vermək səlahiyyəti olmaması barədə dəlilini də əsassız sayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

58. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

59. Bununla belə, məhkəmə kollegiyası delikt üzrə məsuliyyətin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

61. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

63. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

64. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

66. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

67. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e-2(033)-61/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

69. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli, e-2(033)-61/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar