Məhkəmə qərarları › İş №2(107)-523/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-523/2025

15.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-523/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları: İddiaçı 23 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 17 iyul 2001ci il tarixli 07 saylı qərarına əsasən mülkiyyətinə verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN 797 Kod 40102018 olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müaynə işlərinin aparılmasına Cavabdeh tərəfindən mane olunmasının qarşısının alınması və mütəxəsislərin həmin sahədə ölçü və müayinə aparılmasına şəraitin yaradılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ona Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı əsasında 0,31 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpağa Mülkiyyət Hüququna dair JN-0797 Kod ********* nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi onun ata evinin həyətyanı torpaq sahəsi ilə sərhədində yerləşir. Öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməklə yanaşı, torpaq sahəsinə aqrotexniki qaydada qulluq da edir. O, 2001-ci ildə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilib, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və həbsdən çıxdıqdan sonra qazanc dalınca Rusiyaya getmiş və orada işləyə-işləyə ailə həyatı qurmuşdur. Mülkiyyətində olan torpaq sahəsini isə kənddə yaşayan ailə üzvlərinə tapşırmışdır. Bu yaxınlarda isə işi ilə bağlı rayona qayıdanda yaşadığı və qeydiyyatda olduğu ata evinə getmiş və həyətə girəndə həyətdə başqa şəxsləri görmüşdür. Məlum olmuşdur ki, onun razılığı olmadan ona məxsus ev və torpaq sahəsi qohumları tərəfindən alınıbdır. Yaşadığı ata evi və altındakı torpaq sahəsi hazırkı məhkəmə predmeti olmadığından, həmin məsələnin gələcəkdə həll edilməsi üçün məhkəmədə ayrıca iddia qaldıracaqdır. Lakin hazırkı iddiası ondan ibarətdir ki, pula ehtiyacı olduğundan mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmalıdır. Bunun üçünsə ona əlində olan JN 0797 Kod ********* nömrəli Dövlət Aktı əsasında hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün çıxarış almaq lazım olduğu bildirilmişdi. Bunun üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə torpaq sahəsi üzərində müayinə və ölçü işlərinin aparılması üçün müraciət etmiş və həmin İdarənin mütəxəssisləri dəfələrlə mülkiyyətində olan torpaq sahəüsində müayinə aparmaq üçün kəndə gəlsələr də, Cavabdeh həmin şəxsləri ölçü işlərini aparmağa əngəllər törətmiş və iş üzrə cavabdeh nə onu, nədə ki, torpaq sahəsində ölçü və müayinə işlərini aparmaq üçün rəsmi müraciəti əsasında gələn mütəxəsisləri həmin torpaq sahəsinə buraxmamış, bununla bağlı hətta cavabdehə pretenziya məktubu ilə müraciətinə məhəl qoymayaraq mülkiyyətində olan torpaq sahəsinə heç kəsi buraxmayacağını bildirmişdi. O, bununla bağlı hətta Polis Şöbəsinə də şikayət etmiş və Polis Şöbəsi bu məsələ ilə əlaqədar ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - JN-0797, KOD-40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı: Həmin sənəddən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 saylı qərarı ilə X5 ünvan 2i ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,31 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2024-cü il tarixli 3-21-3- 47/22426/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli 3-21-3-47/22760/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli 3-21-3-47/23133/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli 3-21-3- 47/23411/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-K03xx-xx/2024 nömrəli və 24 sentyabr 2024-cü il tarixli 3-21-3-47/23798/2024 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişlər: Həmin Bildirişlərdə göstərilir ki, İddiaçı ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizələrinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Həmin ərizələrin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə dəfələrlə gəlmələrinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan, inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Halbuki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından, qeyd olunan əmlaklar üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Ona görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu, qəbzlər və digər sənədlər.

2. Birinci instansiya məhkəməsində icraat: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 17 fevral 2025-ci il tarixli e- 2(019)-131/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, iddia təmin edilsin. JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş, ünvan 2ində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılsın və ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı ödənilsin. Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçı X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə JN 0797 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı Anar Kərimov Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, ölçmə işlərininin aparılmasına Cavabdeh tərəfindən maneələr olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə işin hallarını, iddiaçının mülkiyyətində 0,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmasını, həmin torpaq sahəsinin cavabdehə satılmış 1500 kv/m həyətyanı torpaq sahəsi ilə sərhəddə yerləşməsini, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həmin torpaq sahəsi ilə bağlı ölçmə və inventarlaşma işləri aparmalarına maneçilik törətməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılmalıdır. Eyni zamanda, Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməməsi, İddiaçı məxsus 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində verilmiş torpaq sahəsinin 328,51 kv/m, 797R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790,02 kv.m olmaları, iddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsinin bəlli olmaması barədə Cavabdeh nümayəndəsinin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində göstərilən torpaq sahəsinin 328,51 kv/m, 797R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790,02 kvm olmaları işin mübahisəsiz hallarıdır. İddiaçı bu torpaq sahələrinin hər ikisinin naturada yerlərini bilmir. Odur ki, iddiaçı torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasından ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü, inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehin nümayəndəsinin etirazı əsasız olduğundan məhkəmə tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 100 manat dövlət rüsumu xərci də Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152, 157.4 və 165.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216-220cu maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Nümayəndə imzalamışdır), “Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 65,2 kv.m-dən ibarət fərdi yaşayış evi inşa edilmişdir. Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı ildə bağlanmış reyestr nömrəsi 4Ə-69 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 ona məxsus olan ünvan 2indəki 0,15 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evini Cavabdeh 6500 ABŞ dollarına satmış və bununla da, 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində olan hüquqlar Cavabdeh ötürülmüşdür. Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh iddiaçıya məxsus hər hansı kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmir və həmin torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN 0797Kod 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X5 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahələri iki konturda verilmiş, 797 planşet nömrəsində verilmiş torpaq sahəsi 328,51 kv.m-dən ibarətdir, 797R planşet nömrəsində göstərilən torpaq sahəsi isə 2790,02 kv.m-dən ibarətdir. İddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsi bəlli deyil. Cavabdeh İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmədiyinə görə hazırkı mübahisə üzrə cavabdeh ola bilməz. Belə olan halda məhkəməilk növbədə JN 0797 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerini müəyyən etməli, həmin torpaq sahəsinin harada yerləşməsi və kim tərəfindən istifadə olunması aydınlaşdırılmalı, bundan sonra iddia tələbinə cavab verməli olan şəxs müəyyən edildikdən sonra iddia tələbinə baxılaraq yekun nəticə verilməli idi. İş üzrə çıxarılan məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, İddiaçı 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində göstərilən torpaq sahəsinin 328,51 kv/m, 797R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790,02 kv.m olmaları işin mübahisəsiz hallarıdır. İddiaçı bu torpaq sahələrinin hər ikisinin naturada yerlərini bilmir. X4 mülkiyyətinə verilmiş ünvan 2i ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi, Cavabdeh tərəfindən iddiaçı X5 məxsus 0797 Kod 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə edib-etməməsi, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü işlərinin aparılmasına maneələr yaradıb-yaradılmaması məqsədi ilə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə “məhkəmə mühəndis-texniki” ekspertizasının təyin edilməsini xahiş etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-131/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı X7 da torpaq sahəsini naturada tanımadığına görə ekspertizanın keçirilməsinə razı olduğunu bildirmişdir. Lakin məhkəmə vəsatəti rədd edərək iş üzrə natamam araşdırma aparmaqla iddianı əsassızt əmin etmişdir. Göründüyü kimi cavabdeh iddianı etiraf etmir, iddiaçı da ona məxsus olan torpaq sahəsinin naturada yerini tanımır, cavabdehin gözlənilən mülkiyyət hüquqlarına müdaxilə edərək hüquqdan sui-istifadə edilməsi yol verilməzdir və buna görə də hesab edilir ki, mülki işin obyektiv araşdırılması və mübahisənin düzgün həll edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə mübahisəyə qanuni yekun vurula bilər. Buna görə də Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə tərəflərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin yerlərinin müəyyən edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olubolmamasının, iddia olunan torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra həmin torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı ölçü işlərinə maneənin olubolmaması, bundan sonra iddianın baxılmasına zərurətin olub-olmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparmamış, bu barədə ekspert rəyi əldə etməmişdir. Hazırkı iddianın həlli üçün yuxarıda göstərilən halların müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir.

3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 15 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Nümayəndə gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı isə məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin hər hansı üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Daanov X6 Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e- 2(019)-131/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e- 2(019)-131/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - apellyasiya şikayətinin dəlilləri ilə, o cümlədən də hər iki tərəfə məxsus torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki-mühəndis ekspertizası keçirilmədən bu mübahisənin həll edilməsinin mümkün olmaması ilə əsaslandırdı. Qeyd etmək lazımdır ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisənin dəqiq həll edilməsi məqsədi ilə torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, hazırkı mübahisə üzrə belə bir ekspertizanın keçirilməsinin əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən - məhkəmə kollegiyasının 15 may 2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 1.1.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması” barədə iddia tələbi təmin edilərək, JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı Kərimzadə (Kərimov) Anar Fikrət oğlunun mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla, lazımi şərait yaradılması qət edilmişdir. Hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində də birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, Cavabdeh müvafiq səlahiyyətlər vermiş olduğu nümayəndəsi vasitəsi ilə məhkəmə icraatında təmsil olunmuş və məhkəmə icraatı zamanı mövqeyi və hərəkətləri ilə daşınmaz əmlakların qeydiyyatı və s. məsələlər üzrə səlahiyyətlərə malik müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən inventarlaşdırma məqsədilə ölçü işlərinin aparılmasına mane olduğunu bir daha təsdiq etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh təmsil edən nümayəndə həm birinci instansiya məhkəməsində aparılan icraatda, həm də apellyasiya instansiyasıda aparılan icraatda iddiaya etirazını – “iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməli olması və bu ekspertizanın rəyinə əsasən hazırkı mübahisənin həll edilməli olması” ilə əsaslandırmışdır. Halbuki, mövcud qanunvericiliyin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah olunması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunduğundan, iddia tələbinin əsaslandırıldığı hərəkətlərin edilməsi üzrə, yəni “müvafiq səlahiyyətlərə malik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına” yaradılan süni maneələrin aradan qaldırılması ilə əlaqədar verilmiş hazırkı iddia tələbi üzrə mövcud mübahisənin həll edilməsi üçün “məhkəmə tikinti-texniki” ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Yəni, iş üzrə məhkəmə icraatlarında hazırkı mübahisənin həlli baxımından əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən və eləcə də, hazırkı iş üzrə iddia tələbi və mövcud mübahisənin xarakterinə görə - “məhkəmə tikintitexniki” ekspertizasının təyin edilməsi” barədə vəsatət təmin edilə bilməzdi (15 may 2025ci il tarixli qərardad). Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Xidmətiinin müvafiq qurumları tərəfindən aparılır və daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi - daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, ölçülərini, tərkibini və s. müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Lakin, hazırkı mübahisə üzrə iddia tələbində qeyd olunmayan və iddia tələbinə daxil olmayan hər hansı digər mübahisə və yaxud yanaşmalara istinad olunmaqla, müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən məlum vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə mane olunması - qanuni əsası olmayan hərəkətlərdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar