Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-525/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hümmətov Elşən İlham oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Fərid Akif oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hümmətov Elşən İlham oğluna qarşı xx xxxxxxxx 2013cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə 237,35 manat əsas borc, 35,17 manat faiz borcu, 152,56 manat cərimə - cəmi 425,08 manat borc məbləğinin və 20 manat dövlət rüsumu məbləğinin tutulması tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qətedilmişdir. İşin halları İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Hümmətov Elşən İlham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2013cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə 237,35 manat əsas borc, 35,17 manat faiz borcu, 152,56 manat cərimə - cəmi 425,08 manat borc məbləği və 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin adına illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə iddiaçının hesabına sonuncu dəfə xx xxxx 2015ci il tarixdə vəsait ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 237,35 manat əsas borc, 35,17 manat faiz borcu, 152,56 manat cərimə - cəmi 425,08 manat borcu vardır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə 237,35 manat əsas borc, 35,17 manat faiz borcu, 152,56 manat cərimə cəmi 425,08 manat borc və 20,00 manat ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə onun adına illik 27 % olmaqla 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit xətti açılmışdır. 2013 və 2014-cü illər ərzində o, istifadəsində olan kart vasitəsilə öz kredit hesabından müəyyən məbləğlərdə vəsait çıxarmış və qısa müddət sonra həmin miqdarlara uyğun vəsaiti hesaba qaytarmışdır. xx xxxxxxx 2015-ci il tarixdə o, özünün başqa kredit hesabına vəsait qoymaq istəyərkən səhvən xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə bank hesabına 238 manat vəsait qoymuşdur. Ona görə də sonradan həmin vəsaiti öz hesabından çıxarmışdır. Əslində, o, öz hesabından 235 manat vəsait çıxarmış, kartdan istifadə üçün əlavə olaraq 1 % ödənildiyindən onun hesabından 235 manat və bu məbləğin 1 %-i olan 2,35 manat olmaqla cəmi 237,35 manat vəsait çıxarılmış hesab olunur. Onun sonuncu dəfə hesabdan çıxardığı 235 manat vəsait özünün hesaba qoyduğu vəsaitdir və hazırki vəziyyətdə xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə onun iddiaçıya hər hansı miqdarda borcu yoxdur. Onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan sonra keçən müddət ərzində son vaxtlaradək iddiaçıya borcu qaldığı barədə ona heç bir şifahi və ya yazılı xəbərdarlıq edilməmiş, ondan hər hansı məbləğdə borc tələb edilməmişdir. O da həmin kredit müqaviləsi üzrə hər hansı öhdəliyinin olmadığına arxayın olmuşdur. Kredit müqaviəsinin müddətinin bitdiyi vaxtdan 3 ildən artıq müddət keçəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini də keçirmişdir. Kredit borcunun tam ödənildiyinə dair hazırda məhkəməyə izahatında qeyd etdiklərindən başqa mötəbər sübut təqdim edə bilməsə də, hesab edir ki, iddia müddəti keçdiyindən iddiaçının hazırki iddia tələbi əsassızdır. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyinə görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Əliyev Fərid Akif oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Əliyev Fərid Akif oğlu apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə mövcud mübahisəyə müqavilə tələbləri üzrə iddia müddətini tətbiq etdiyinə görə qətnamədə səhv nəticəyə gəlmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi və cavabdeh Hümmətov Elşən İlham oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı-ləğv prosesində olan “xxxx” ASCnin nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Əliyev Fərid Akif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn Məhkəmə-mühasibat ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 31978 saylı rəyində qeyd edilmişdir ki, xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcun miqdarı 237,35 manat, faiz borcunun miqdarı isə 35,65 manat müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 373.3, 375.2, 377.1, 377.2 və 380.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin adına illik 27 % dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi kreditə görə ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilmədiyini bildirərək 237,35 manat əsas borc, 35,17 manat faiz borcu, 152,56 manat cərimə - cəmi 425,08 manat borc və 20,00 manat ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə və ona əlavə edilmiş sənədlərə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya hər hansı miqdarda borcu qalmadığını, eyni zamanda, kredit müqaviəsinin müddətinin bitdiyi vaxtdan 3 ildən artıq müddət keçəndən sonra iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyini, bununla da iddiaçının məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyini bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin müqavilənin qüvvədə olma müddəti xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi cavabdehin xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmədiyini qeyd etsə də, müqavilənin müddətinin bitdiyi vaxtdan sonra cavabdehdən müqavilə üzrə öhdəliklərin tam şəkildə icra edilməsinin tələb edilmiş olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmiş, borcun ödənilməsini təmin etmək məqsədi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. İddiaçı hazırki tələblə xx xxxxxxxx 2018-ci il tarixdə (iddia ərizəsinin tarixi) məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx xxxxxxxx 2018ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı xx xxxxxxxx 2013-cü il tarixli 60855379 nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2015-ci il tarixdən 3 (üç) ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən iddia qaldırılanadək və hazırki iddia ilə məhkəməyə müraciət edilənədək iddia müddəti keçmişdir. Cavabdeh də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə ərizə vermişdir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddəti keçdiyindən, cavabdeh də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə ərizə verdiyindən məhkəmə qərara gəlir ki, hazırki iddia tələbi, iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Qeyd olunan hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, kredit borcunun ödənilməsinə dair iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərcinin də iddiaçıdan tutulmasını qanunauyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından iddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Əliyev Fərid Akif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-19/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı-ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Əliyev Fərid Akif oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-525/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-525/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver