Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-525/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “borc və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 avqust 2023cü il tаrixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İş materiallarına əlavə edilmiş 15 iyun 2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, cavabdeh 15 iyun 2019-cu il tarixdə iddiaçıdan 35.000 manat borc pul alıb. İddiaçı və cavabdeh tərəfindən imzalanmış 11 iyun 2022-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, cavabdeh 2019-cu ildə iddiaçıya 38.000 manat borcunun yarandığını, həmin borcdan 10.000 manatı qaytardığını etiraf edir və qalan borcu 2022-ci ilin dekabrın 30-na kimi hissə-hissə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.000 manat əsas borc, 5000 manat mənəvi ziyan, 186 manat rüsum olaraq ödədiyi, ümumilikdə 32.186 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş iş yoldaşıdır. Cavabdeh ona bildirmişdir ki, 2019-cu ilin fevral ayında təqaüdə çıxdıqdan sonra sement satışı ilə məşğuldur və ona pul lazımdır. Bu məqsədlə o, bir neçə dəfə cavabdehə pul vermişdir. Sonuncu dəfə 15 iyun 2019-cu ildə Bakı şəhərində cavabdehin evində cavabdehə 35.000 manat borc pul vermişdir. Bu barədə cavabdeh qəbz yazıb imza etmişdir. Cavabdeh bir neçə dəfə borcundan müəyyən məbləğlər ödəsə də, borcunu tam ödəyə bilməmişdir. Buna görə də 2022-ci ilin may ayında cavabdehlə borcun etirafı barədə müqavilə imzalamışlar. 2022-ci ilin dekabr ayında cavabdeh ona 1000 manat pul ödəmişdir. 2023-cü ilin yanvar ayı olmasına baxmayaraq cavabdeh müqavilənin şərtlərini yerinə yetirməmiş və o da məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1364/2023 nömrəli iş üzrə qəbul etdiyi 09 avqust 2023-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilərək, Cavabdeh 27.000 manat borc, 5000 manat mənəvi ziyan və 186 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarından məlum olur ki, cavabdeh iddiaçıdan borc pul almışdır. Bu barədə iddiaçıya yazılı qəbz vermişdir. Həmçinin tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmışdır. Hazırda cavabdehin iddiaçıya 27.000 manat borcu var. Cavabdeh borcu qaytarmaqdan imtina edir. İddiaçı stress keçirdiyindən ona mənəvi ziyan dəymişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 27.000 manat borc, 5000 manat mənəvi ziyan və 186 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 739.1, 739.2, 740.1, 740.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh 2019-cu ilin mart ayında İddiaçı ehtiyacı olduğu üçün pul istəmiş, o da cavabdehə ayda 10 faiz olmaqla 3000 manat faizə pul vermişdir. Cavabdeh iddiaçıya 3000 manata qarşı 2022-ci ilin yanvar ayının 15-dək 34 ay müddətində 10.150 manat pul ödəmişdir. Ondan əlavə cavabdeh iddiaçıya 2019-cu ilin iyun ayında 35.000 manata qarşı 9 ay müddətində pandemiya dövrü olmasına baxmayaraq hər ay 2000 manat, cəmi 18.000 manat, bundan əlavə də 11.000 manat pul vermişdir. Beləliklə cavabdeh iddiaçıya bu günədək 38.000 manatın qarşılığında 39.150 manat pulu artıqlaması ilə qaytarmışdır. Lakin bütün bunlara baxmayaraq iddiaçı cavabdehin ona cəmi 11.000 manat pul qaytardığını bildirir. Belə olan halda hansı maddi və eyni zamanda mənəvi ziyandan söhbət gedə bilər ki, məhkəmə heç bir əsas olmadan tək iddiaçının dediklərinin əsasında qətnamə qəbul edərək cavabdehin iddiaçıya 11.000 manatdan əlavə ödədiyi 28.150 manatı heç bir əsas olmadan nəzərə almayaraq və bu azmış kimi əlavə olaraq iddianının 5000 manat mənəvi ziyan hissəsini də təmin etmişdir. Məhkəmə iclasları zamanı cavabdeh xəstə olduğu üçün həmin vaxt məhkəmə iclaslarında iştirak edə bilməmişdir və bu barədə məhkəməyə bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən bu hal ümumiyyətlə nəzərə alınmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə ilə cavabdehin hüquqları ciddi şəkildə pozulmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat aprel-avqust aylarında keçirilmişdir. Cavabdeh iyul ayında ondan xahiş etmişdir ki, bu iclasa getmə, mən borcumu bir həftəyə verəcəm. Onun heç bir xəstəliyi olmamışdır. Hər iclasda katib cavabdehə zəng edib, telefonla danışır, hər dəfə deyirdi ki, növbəti iclasa gələcək. İclası təxirə salmaqla borcunu verəcəkdisə, bu günə kimi niyə verməmişdir. Cavabdeh bildirir ki, heç vaxt borcunu verməkdən imtina etməmişdir. Bu cəfəngiyyatdır. Belə ki, cavabdeh özü ona etiraf etmişdir ki, apellyasiya şikayətini vəkil yazıb və “vaxt qazanmaq” üçün apellyasiya şikayəti vermişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh bildirirdi ki, məhkəmə başa çatana kimi borcunu ödəyəcək, lakin cavabdeh bugünə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı tam mübahisələndirildiyindən, Məhkəmə qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi 27.000 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, 27.000 manat borcun tutulmasına dair iddianın təmin edilməsi barədə xx.xx.2023-cü il tarixi qətnaməyə dair cavabdehin apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, cavabdeh tələb olunan borc məbləğini artıqlamısı ilə iddiaçıya qaytarmışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Göstərilənlənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin əsas borc olaraq 27.000 manat məbləğində pulun cavabdehdən tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğundur. Məhkəmə iddia tələbinin 5000 manat mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 5000 manat mənəvi ziyanın tutulması hissəsinin 4000 manata dair hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli qətnamə “Cavabdeh 4000 manat mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Çünki iddiaçı onunla cavabdeh arasında yaranmış borc üzrə öhədliklərin yerinə yetirilməməsi ilə bağlı mənəvi sarsıntı keçirməsi, iztirab çəkməsi və sair iş materialları ilə təsdiq olunmur, iddiaçı bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə təmin edilə bilməz. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası qismən, yəni 27.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı, mənəvi zərərin tutulması hissəsində isə əsassızdır. Birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Qətnamənin qismən ləğv, iddianın isə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Çünki MPM-nin 385.1.2ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 174 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, iddiaçı hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-ci il tarixli qətnamə qismən, “Cavabdeh 1000 manat mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə, yəni “Cavabdeh 27.000 manat borcun alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 174 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, Cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-525/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-525/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver