Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-526/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin icra etmədiyi öhdəliklərinə görə ona vurulmuş zərərin və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxx 2019-cu il tarixli, 2(025)- 592/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 5.809 manat və 1.450 manat olmaqla, cəmi 7.259 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin və 72 manat hüquqi yardım haqqının Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vurduğu zərərin əvəzi olaraq cavabdehin əvəzindən banka ödədiyi 5.809 manat və kredit müqaviləsi üzrə qalan 1.450 manat, habelə 30 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün ödədiyi 72 manat pul vəsaitlərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə «xxxx» (Azərbaycan) ASC-yə müraciət edərək, ona 4.300 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Cavabdeh ilə «xxxx» (Azərbaycan) ASC arasında yaşayış sahəsinin tikintisi və təmiri məqsədi ilə xx.xx.2011-ci il tarixli 1449 saylı nağd pul krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 25 faiz olmaqla 4.300 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən bankdan götürülmüş kreditin təminatı olaraq «xxxx» (Azərbaycan) ASC ilə onun arasında xx.xx.2011 -ci il tarixli 102979-7-899 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh ondan xahiş edərək, çətin vəziyyətdə olduğunu, təcili pula ehtiyacı olduğunu bildirmiş, o da cavabdehə kömək məqsədi ilə zamin olmağa razılığını bildirmişdir. Həmin vaxt cavabdeh onu əmin etmişdir ki, krediti vaxtlı-vaxtında ödəyəcək və onu pis vəziyyətə salmayacaqdır. Bütün bu danışıqlardan sonra o, zamin olmağa razılıq verməklə, zaminlik müqaviləsini imzalamışdır. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirmədiyi üçün «xxxx» (Azərbaycan) ASC kreditin qaytarılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli məhkəmə əmri ilə Cavabdeh və ondan cəmi 4.798 manat 74 qəpik əsas borc, 10 manat 20 qəpik dövlət rüsumunun tutularaq «xxxx» (Azərbaycan) ASC-yə verilməsi müəyyən edilmişdir. Lakin borclu Cavabdeh məhkəmə əmri ilə müəyyən edilmiş borcu ödəməkdən yayındığı üçün həmin borcu cavabdehin əvəzinə ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi qəbzlərdən də göründüyü kimi, xx.xx.2013-cü il tarixdə onun tərəfindən «xxxx» (Azərbaycan) ASC-yə 4.809 manat məbləğində pul ödənilmişdir. Bundan sonra «xxxx» (Azərbaycan) ASC-nin İH-nin sədri A.Y.Yeryomin Nəsimi rayon icra şöbəsinə məktub ünvanlayaraq, onun tərəfindən ödəniş edildiyi bildirərək, Nəsimi Rayon Məhkəməsinin qeyd olunan əmrinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, həmin Məhkəmənin xx.xx.2013-cü il qərardadı ilə məhkəmə əmri üzrə başlanmış icra icraatına xitam verilmişdir. «xxxx» (Azərbaycan) ASC yenidən «pul öhdəlikləri vaxtında icra olunmadığına görə yığılmış faiz və cərimə borclarının alınması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yenidən 1.000 manat məbləğində borc onun tərəfindən ödənildiyi üçün bankın nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-338/2014 saylı qərardadı ilə «xxxx» (Azərbaycan) ASC-nin «pul öhdəlikləri vaxtında icra olunmadığına görə yığılmış faiz və cərimə borclarının alınması tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2014-cü il tarixli ödəniş qəbzindən də aydın olur ki, onun tərəfındən 1.000 manat məbləğində pul vəsaiti «xxxx» (Azərbaycan) ASC-nin xeyrinə ödənilmişdir. Beləliklə, o, hazırkı iş üzrə Cavabdeh «xxxx» (Azərbaycan) ASC qarşısında götürmüş olduğu öhdəliklərini icra etmədiyi səbəbindən onun borcunu ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh onun əvəzindən ödədiyi borcu ona qaytaracağına dair söz versə də, hazırkı vaxta qədər həmin məbləği ona qaytarmamışdır. Nəticədə, cavabdehin kredit borcu müqabilində o, banka cəmi 5.809 manat (4.809 manat + 1.000 manat) pul ödəmişdir. Deməli, cavabdeh tərəfindən ona ziyan vurulmuşdur. Habelə, bundan əlavə onunla Cavabdeh arasında 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunda xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iki il müddətinə ondan 5.000 manat məbləğində pulu faizsiz olaraq borc götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehin aylıq əmək haqqından hər ay 200 manat vəsaiti onun bank hesabına ödəməsi barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdehin çalışdığı «X3» MMC-yə ünvanladığı xx.xx.2013-cü il tarixli ərizədən göründüyü kimi, o, hər ay maaşından 200 manat pul vəsaitini onun «xxxx» ASC-də olan hesabına ödənilməsinin təmin edilməsini MMC-dən xahiş etmişdir. «xxxx» ASC-nin Nəqliyyat filialının xx.xx.2018-ci il tarixli hesabdan çıxarışından da göründüyü kimi, cavabdehin çalışdığı «X3» MMC tərəfindən onun hesabına cəmi 3.550 manat məbləğində pul ödənilmişdir. Lakin hələ də həmin kredit müqaviləsi üzrə 1.450 manat məbləğində borcunu ödəməmişdir. Cavabdehdən dəfələrlə öhdəliklərini icra etməməsi səbəbindən ona dəymiş 5.809 manat və 1.450 manat məbləğində zərərin ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh hazırkı vaxta qədər ona vurduğu zərəri ödəməmişdir. Cavabdeh kredit məbləğini banka ödəmədiyi üçün kredit müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələr ona keçmişdir, yəni kredit məbləği onun vəsaiti hesabına tam həcmdə bağlanmışdır. Cavabdehin məqsədli hərəkətlərinə görə ona zərər vurulmuşdur. Çünki cavabdehin banka olan 5.809 manat borcu onun vəsaiti hesabına bağlanmışdır. Cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, qəsdən ona vurduğu zərəri könüllü ödəmir. Bu səbəbdən hesab edir ki, məhkəmə cavabdehin hərəkətləri nəticəsində qəsdən ona vurduğu zərərin əvəzini ödəmək vəzifəsini cavabdehin üzərinə qoymalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, İddiaçı uzun illərdir ki, tanıyır, aralarında dostluq münasibətləri vardır. Cavabdeh ilə bank arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Namit zamin olmuşdur. İslam kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri icra etmədiyindən, bank məhkəməyə müraciət etmiş və borc məbləğinin İslam və Namitdən müştərək qaydada tutulması barədə məhkəmə aktı qəbul olunmuşdur. İcra mərhələsində həmin məbləğ Namitdən tutulmuşdur. Namit banka 4.809 manat məbləğində pul ödəmiş, sonra, bank ikinci dəfə məhkəməyə müraciət edərək, yığılmış faiz və cərimənin tutulmasını tələb etmiş, Namit 1.000 manat da əlavə ödəniş etdiyindən, həmin iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, İslam ilə Namit arasında borc müqaviləsi bağlanmış, Namit xx.xx.2015-ci il tarixinədək qaytarmaq şərti ilə, heç bir faiz dərəcəsi tətbiq olunmadan, 5.000 manat məbləğində pulu İslama borc vermişdir. Borc müqaviləsi notarius tərəfindən təsdiq edilmişdir. İslam Namitə hər ay maaşının 200 manatını bir müddət ödəmişdir. 5.000 manat borcdan 3.550 manat məbləğində pul ödənilmişdir. Lakin İslam 1.450 manat məbləğində borcunu bu günədək ödəməmişdir. Bütün bu proseslərdə şəxsən özü Namitin yanında iştirak etmiş, bir dost kimi müvafiq məsləhətlər vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkan məhkəmə iclaslarında onun iştirakını təmin etməmiş, özünü müdafiə etmək üçün şərait yaratmamış, ancaq iddiaçının gətirdiyi hallara istinad edərək qəbul etdiyi qətnaməni ünvanına göndərməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, xx.xx.2011-ci ildə «xxxx» ASC-dən 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4.300 manat kredit götürmüş, iddiaçı Namit Qəmbərov isə ona zamin durmuşdur. Bir müddət ödənişləri aybaay aparmışdır. Sonradan ağır maddi vəziyyəti və ailədə baş verən bədbəxt hadisələrlə əlaqədar ödənişlər edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ondan və zamin olan iddiaçıdan cəmi 4.809 manat pulun tutulub banka ödənilməsi qət edilmişdir. Bu ödənişləri apara bilmədiyinə görə pul zamin olan iddiaçıdan tutulmuşdur. Sonradan bankın tələbi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə əlavə olaraq zamindən 1.000 manat da faiz və cərimə borclarına görə pul tutulmuşdur. Bundan başqa, məhkəmənin ilk xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən sonra iddiaçı ondan pulu təkidlə tələb etməyə başlamışdır. O, pulu qaytara bilmədiyinə görə məcbur olub iddiaçının tələbləri ilə razılaşmışdır. xx.xx.2013-cü il tarixdə notariusa gedib, güya iddiaçıdan 5.000 manat pulu faizsiz borca götürməyi barədə onunla notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Eyni zamanda iddiaçı ilə razılaşmışlar ki, ona olan 5.809 manat borcu onun əmək haqqından hər ay 200 manat tutulmaqla iddiaçının bank hesabına köçürülsün. Bu razılaşmaya uyğun 3.550 manat pul əmək haqqından tutulub iddiaçıya ödənilmişdir. İşlədiyi «X3» MMC bağlandığı üçün yerdə qalan 1.450 manatı ödəyə bilməmişdir. Yəni, iddiaçıya faktiki olaraq 2.259 (5.809-3.550) manat borclu qalmışdır. Həmin məbləği isə bir müddət işsiz qaldığına görə ödəyə bilməmişdir. Hazırda iş tapmış və bu borcu hissə-hissə ödəməyə başlayacaqdır. İddiaçı notariusda bağladıqları kredit müqaviləsini də məhkəməyə təqdim edib həmin pulu da ondan tələb etmişdir. Halbuki, özü də çox yaxşı bilir ki, bu müqaviləni şərti olaraq bağlamışlar və ona 5.000 manat borc verməmişdir. Digər tərəfdən ağılabatan deyildir ki, iddiaçıya borclu olduğu və bu səbəbdən münasibətləri pozulduğu halda ona yenidən 5.000 manat borc versin. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin cəmi 2259 manat məbləğində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsi dəyişdirilməli və iddia tələbi qismən təmin ediməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktından, icra sənədlərindən, ödəniş qəbzlərindən və rəsmi yazışmalardan (məktublar) görünür ki, xx.xx.2011-ci ildə Cavabdeh ilə «xxxx» ASC arasında kredit müqaviləsi bağlanmış, cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4.300 manat kredit götürmüş, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini icra edəcəyinə hazırkı iş üzrə iddiaçı zamin durmuş, bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etmədiyindən, bank məhkəməyə müraciət etmiş və borc məbləğinin cavabdeh (borclu) və iddiaçıdan (zamindən) müştərək qaydada tutulması barədə məhkəmə aktı qəbul olunmuşdur. Həmin akt qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. İcra mərhələsində cavabdeh ondan tələb olunan borc məbləğini ödəyə bilmədiyindən, həmin məbləği iddiaçı (zamin) ödəməli olmuşdur. İddiaçı banka 4.809 manat məbləğində pul ödənilmişdir. Bundan sonra, bank təkrarən məhkəməyə müraciət edərək sözügedən kredit müqaviləsi üzrə yığılmış faiz və cərimə borclarının ödənilməsini tələb etmiş, bu dəfə də 1.000 manat məbləğində ödənişi iddiaçı etmiş və həmin iş üzrə icraata xitam verilmişdir. Beləliklə müəyyən olunur ki, İddiaçı zamin kimi Cavabdeh əvəzinə cəmi 5.809 manat ödəniş etmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, iddiaçı banka cəmi 5.809 manat ödəniş etmiş və tələb üzrə hüquqlar həmin həcmdə ona keçmişdir. Buna görə də iddiaçı cavabdehin əvəzindən banka ödədiyi 5.809 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda, işin müəyyən olunmuş hallarına görə, cavabdeh iddiaçıya olan borcunun 3.550 manat məbləğini əmək haqqından hissə-hissə tutulmaqla ödəmişdir. Lakin iddiaçı həmin ödənişin 5.809 manat borca aid olmadığını, cavabdehə həm də xx.xx.2013-cü il tarixdə aralarında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən iki il müddətində qaytarmaq şərtilə 5.000 manat faizsiz borc pul verdiyini, ödənilmiş 3.550 manat pulun da bu borca aid olduğunu iddia edir. Məhkəmə kollegiyası iddiaçının bu iddiasını həqiqətə və işin hallarına uyğun olmayan hesab edir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçı tərəfindən birinci dəfə xx.xx.2013-cü il tarixdə «xxxx» (Azərbaycan) ASCyə 4.809 manat məbləğində pul ödənilmişdir. Bu ödənişlə cavabdehin banka olan əsas borcu silinmişdir. Eyni gündə həm də iddiaçı ilə cavabdeh arasında iddiaçı tərəfindən cavabdehə 5.000 manat məbləğində faizsiz borc pulun verilməsi barədə notarial qaydada müqavilə bağlanmışdır. İşin bu hallarından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında 5.000 manat məbləğinə kredit müqaviləsinin bağlanması əslində iddiaçının banka cavabdehin əvəzindən ödədiyi 4.809 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının təminatı kimi nəzərdə tutulmuşdur. İddiaçı belə bir təminat müqaviləsi bağlayandan sonra cavabdehin əvəzindən banka 4.809 manat pul ödəmişdir. Əks təqdirdə, iddiaçının eyni gündə həm cavabdehin əvəzindən banka 4.809 manat pul ödəməsi, həm də cavabdehə 5000 manat borc pul verməsi ağlabatan və məntiqli görünmür. Xüsusən də, iddiaçı cavabdehin ödəniş qabiliyyətli olmamasını və onun əvəzindən banka ödədiyi pulun qısa müddətdə qaytarılmayacağını bilmiş, buna görə də banka ödədiyi pulun əvəzində 5000 manatın ona hissə-hissə 2 il müddətində qaytarılması barədə cavabdehlə razılığa gəlmişlər. İşin hallarından həmçinin görünür ki, iddiaçı banka 4.809 manat pul ödəyəndən sonra bank onlardan faiz və cərimə borclarına görə 1000 manat əlavə ödəniş tələb etmiş, cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından 1000 manatı da banka xx.xx.2014cü il tarixdə iddiaçı ödəmişdir. Şərh olunanlardan göründüyü kimi, tərəflər arasında 5.000 manat məbləğinə kredit müqaviləsinin bağlanması formal xarakter daşımış və həqiqi müqavilə olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini daha çox ağlabatan və həqiqətə uyğun hesab edir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddia tələbinin 5.000 manat borc pulla bağlı hissəsi əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin iddiaçıya hazırda 2.259 (5.809 - 3.550) manat borcu qalmışdır. Belə olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borcun məbləği 7.259 manatdan 2.259 manata azaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsi dəyişdirilərək, iddia tələbi qismən təmin edilməli və Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmiş borc pulun məbləği 2259 (iki min iki yüz əlli doqquz) manat müəyyən olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-592/2019 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin icra etmədiyi öhdəliklərinə görə ona vurulmuş zərərin və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh alınıb İddiaçı ödənilməli olan borc pulun məbləği 2259 (iki min iki yüz əlli doqquz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-526/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-526/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver