Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-530/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 666000 rubl və 1100 manat məbləğlərdə pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 666000 rubl və 1100 manat məbləğlərdə pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh X4 ilə aralarında olan razılığa əsasən cavabdehə xx.xx.2007-ci il tarixdən Sankt-Peterburq şəhərində dəyərini qaytarmaq şərti ilə ******* (iki milyon altı yüz beş min) rubul dəyərində mal vermişdir. Cavabdeh həmin məbləğin ******* (bir milyon doqquz yüz otuz doqquz min) rublunu xx.xx.2008-ci il tarixdə qaytarmış, qalan 666000 (altı yüz altmış altı min) rublu isə aralarında olan şifahi razılığa əsasən və şahidlərin iştirakı ilə on il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. 2017-2018-ci ildə cavabdeh ona olan borcunu qaytarmadığı üçün Göyçay rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin vaxt cavabdeh Göyçay rayonu Qarabaqqal kəndində özünə məxsus fərdi yaşayış evinin qarşısında olan 24 sot torpaq sahəsini borclu olduğu pul məbləğinin əvəzinə onun adına sənədləşdirəcəyini bildirmişdir. Lakin, torpağın ilkin hüquq müəyyənedici sənədləri olmadığından həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün şahidlərin iştirakı ilə cavabdehə sənədləşdirmə işlərini aparmasından ötrü 1100 manat pul vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş və yerinə yetirməkdən yayınır. Buna görə də iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə cavabdeh X5 2008-ci ildə iddiaçıdan X1 Peterburq şəhərində meyvə-tərəvəz aldığını, pulunu ödədiyini bildirmişdir. İddiaçının hazırda ondan pul tələbini tam əsassız hesab edir. Ona görə ki, həmin vaxtdan 12 ildən artıq müddət keçmişdir. Buna görə də İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə üç illik müddətin bitdiyi barədə ərizəsi nəzərə alınmaqla, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının ondan əlavə olaraq 1100 manat pul tələbini əsassız hesab edir. İddiaçının guya ona 2017-2018-ci illərdə torpaq sənədləşdirilməsi üçün 1100 manat verdiyi barədə bildirdikləri həqiqətə uyğun deyildir. Buna görə də iddianın bu hissədə də rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh X5 ilə xx.xx.2008-ci il tarixdə aralarında sadə yazılı qəbz imzalanmışdır. 2009-cu ildən cavabdehlə daim ünsiyyətdə olmuşlar. 2009-cu ildən başlayaraq dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin hər dəfə cavabdeh ondan vaxt istəmişdir. 2011-ci ildə görüşəndə cavabdeh ondan yenə bir il vaxt istəyərək borcunu hissə-hissə qaytaracağını vəd etsə də, bunu etməmişdir. 2013-cü ildə o, cavabdehin Göyçaydakı ünvanında olmuşdur. Həyətində yay ayında çay içmişlər. Cavabdeh ona vəd vermişdir ki, həyətinin qarşısında torpaq sahəsi var, həmin torpaq sahəsini həmkəndlilərindən ondan almaq istəyən var, yaxın zamanlarda həmin torpaq sahəsini nəzərdə tutduğu şəxsə satacaq və onun da pulunu qaytaracaq. 2015-2016-cı illərdə yenə də cavabdehlə görüşmüş, həmin görüşlərdə onun yaşadığı kəndin sakinlərindən də iştirak edən olmuşdur. Belə söhbət olmuşdur ki, o, cavabdehin satmaq istədiyi torpaq sahəsinin sənədləşməsinə 1100 manat pul versin, torpaq sahəsini sənədləşdirərək satsın və onun da pulunu torpaq sahəsini sataraq əldə etdiyi gəlirdən ödəsin. 2017-2018-ci illərdə bu işlə bağlı yenə həyətdə görüşmüşlər, kənd sakinləri və bələdiyyənin nümayəndələri X3 və Bağırov Zöhrab Kamal oğlu da həmin söhbətdə iştirakçı olmuşlar. 2019-cu ildə yenə də həmin işlə bağlı cavabdeh X5 ilə görüşsələr də, ancaq vədlər görmüş və heç bir borc qaytarılmamışdır. Vəd etdiyi torpaq sahəsini isə sonradan bilmişdir ki, satmaqdan da imtina etmişdir. Halbuki, o, torpaq sahəsinin sənədləşdirilməsi üçün məhz ondan 1100 manat pul da almışdır. Göyçay Rayon Məhkəməsində həmin şahidləri dəvət etsə də, bu şəxslər dindirilməmiş və məhkəmə yalnız iddia müddətinin ötürülməsinə əsaslanaraq iddiasını təmin etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək apellyasiya şikayətindən imtina edərək iş üzrə icraata xitam verilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş xx xxxxxxxx 2008-ci il tarixli qəbzdən görünür ki, X5 xx.xx.2007-ci il tarixdən başlayaraq İddiaçı Sankt-Peterburq şəhərindən nisyə olaraq 2.605.000 (İki milyon altı yüz beş min) rus rublu dəyərində meyvə aldığını və ona həmin məbləğdən 1.939.000 (bir milyon doqquz yüz otuz doqquz min) rubl qaytardığını, qalan 666000 rublu Bakı şəhər sakini Yusifov Samir ilə birlikdə İddiaçı borclu olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X5 tərəfindən imzalanmış sadə yazılı formada tərtib edilmiş qəbzin tarixi xx.xx.2008-ci il olduğu əsas götürülərsə, iddianın 666000 manat rus rublu tələbinə dair hissəsi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, (373.1) ümumi iddia müddəti on il təşkil edir. (373.2) Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (373.3) Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, (377.1) iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. (377.2) İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (377.3) İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Cavabdeh X5 tərəfindən yazılıb imzalanmış qəbzin tarixi xx.xx.2008-ci il kimi qeyd olunmaqla həmin tarixdən öhdəliyin icra müddəti başlansa da, lakin qəbzdə öhdəliyin icra müddətinin bitmə tarixi (yəni öhdəliyin hansı tarixədək icra edilməli olması) göstərilməmişdir. Qəbzdə göstərilən borc məbləğinin 10 il ərzində qaytarılmasına razılaşdıqları barədə iddiaçının mülahizəsi inandırıcı deyil və məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Apellyasiya şikayətində isə iddiaçı 2009-cu ildən başlayaraq hər dəfə cavabdehlə görüşəndə pulunu tələb etdiyini, lakin cavabdeh hər dəfə möhlət istədiyini göstərmişdir. Belə olduqda iddia müddətinin axımının başlanğıcı iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etməyə başladığı vaxtdan götürülməlidir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldıranda isə borc qəbzinin verildiyi vaxtdan 11 ildən artıq vaxt keçmiş, bununla hətta ümumi iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın 666000 rubl borc pul tələbinə dair hissəsi üzrə iddia müddəti tətbiq etməklə həmin tələbi rədd etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı İddiaçı məhkəməyə cavabdeh X2 1100 manat pul tələbinə dair iddiasını da təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, cavabdehin özünə məxsus olmayan torpaq sahəsini borc əvəzinə iddiaçıya verməyi vəd etməsi və bundan ötrü sənədləşdirmə işləri üçün iddiaçıdan 1100 manat pul alması barədə mülahizələr özlüyündə inandırıcı görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə (rədd etməkdə) haqlı olmuş, işin halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-576/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-530/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-530/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver