Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-532/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli razılaşmadan müəyyən olunur ki, cavabdeh və cavabdehin ailə üzvülərinə məxsus 13 ha pay torpaq sahəsini, İddiaçı 8500 manat pulun müqabilində 3 il müddətinə icarəyə verilmişdir.
2. İş materiallarında olan DİSK-dəki səs yazısından görünür ki, cavabdehin iddiaçıya 2000 manat məbləğində pul borcu olması öz təsdiqini tapmışdır.
3. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 40 manat pul ödəmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 2040 manat pulun cavabdehdən məcburi olaraq alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2022-ci ildə cavabdehə məxsus Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürmüş və buna əsasən ümumilikdə birdəfəlik 8500 manat icarə haqqı ödəmişdir. Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o, cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir. Cavabdeh 4000 manat icarə pulunun 2000 manatını ödəsədə, lakin, qalıq borcu olaraq 2000 manat pulunu bir ay sonra verəcəyini bildirmişdir. Cavabdeh bu günədək ona borclu olduğu 2000 manat pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borclu qaldığı 2000 manat pulu tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2022-ci ildə tanış olmuşdur. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən cavabdehə məxsus 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürməklə ümumilikdə 8500 manat məbləğində icarə haqqı ödəmişdir. Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o, cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir. Cavabdeh 4000 manat icarə pulun 2000 manatını ödəsə də, lakin, qalıq 2000 manat borcu bir ay sonra verəcəyini bildirmişdir. Lakin, cavabdeh bugünədək ona borclu olduğu 2000 manat pulu qaytarmamışdır. Cavabdehə borcla bağlı çoxlu sayda zənglər edərək iradlarını bildirmək istədikdə, cavabdeh ona 2000 manat məbləğində borcu olduğunu etiraf etsədə, lakin müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğu 2000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki,cavabdeh özü könüllü olaraq borcu qaytarmaq fikirində deyil.Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
7. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh borca görə 2000 manat, dövlət rüsumuna görə 40 manat, cəmi 2040 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 21.3, 385.1, 443.1, 448.1, 700.1, 700.2, 706.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci, 51-ci maddəsinin 4-cü hissəsinə, 67.4-cü maddəsinə, 84-cü maddəsinin 1-ci və 84-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə formal xarakterlidir və tərtib olunması üçün zəruri araşdırılma aparılmamışdır. Bildirir ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı o, və ailə üzvlərinə məxsus Zərdab rayon Körpükənd kəndində yerləşən 13 ha pay torpaq sahəsini 3 il müddətinə icarəyə götürmüşdür. Buna əsasən ümumilikdə 8500 manat ödəniş etmişdir. Lakin onuda bildirir ki, əldə olunmuş pul tam şəkildə ona verilməmişdir. Belə ki, iddiaçının qohumu iddiaçı ilə onu tanış etdiyinə görə ümumilikdə ona verilən pulun 4500 manatını xidmət haqqı olaraq özünə götürmüşdür. Eyni zamanda bildirir ki, iddiaçı bir müddət sonra torpaq sahəsini istifadə edə bilmədiyi üçün 4000 manata ona icarəyə vermişdir. İcarə haqqı onun tərəfindən tam şəkildə ödənilmişdir. Aşağıda sadalayacağı faktlar onu deməyə əsas verir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman iş materiallarına əlavə olunmuş CD diskdə olan 2 ədəd səs yazısını mötəbər sübut kimi qiymətləndirmiş və onun əsasında qətnamə qəbul etmişdir. Lakin məhkəmə sözü gedən səs yazısının cavabdehə aid olub-olmamasını araşdırmamışdır. Belə ki, iş üzrə sübut etmə öhdəliyi iddiaçının üzərinə düşdüyündən iddiaçı bu halı sübut etməli, məhkəmə isə hüquqi qiymət verməli idi. Lakin məhkəmə işin hallarını tam qiymətləndirməmişdir. Bundan əlavə olaraq isə qeyd edir ki, səs yazısı onun iradəsinə zidd şəkildə əldə olunmuşdur. Belə ki, səs yazısının yazılmasından və məhkəmədə sübut kimi istifadə olunmasından məlumatsız olmuşdur. Buna əsasən hesab edir ki, qanunu pozmaqla əldə olunmuş sübutlar mötəbər qəbul oluna bilməz. Buna əsasən məhkəmə qətnaməsi ləğv olunmalı iddiaçının iddiasının təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
17. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
18. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
19. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi - 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (...). - 14.2.7. Əsassız varlanma.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqıödəməyə borcludur.
26. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
27. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu - 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. - 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. - 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
28. Maddə 1091. Əsassız varlanma anlayışı - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
29. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. (...)
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. (...)
30. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi (...).
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
31. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (...)
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. (...). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)- 91/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ildə cavabdehə məxsus Zərdab rayon Körpükənd kəndi ərazisində yerləşən 13 ha çöl torpaq sahəsini hər ay 220 manat olmaqla 03 il müddətinə icarəyə götürmüş və buna əsasən ümumilikdə birdəfəlik 8500 manat icarə haqqı ödəmişdir. Lakin, sözügedən torpaq sahəsi yararsız olduğuna görə istifadə edə bilmədiyi üçün, o cavabdehlə razılaşaraq sözügedən torpaq sahəsini 2 il müddətinə 4000 manata cavabdehə icarəyə vermişdir. Cavabdeh icarə haqqının 2000 manatını ödəsə də lakin qalan 2000 manatı ödəməkdən imtina etmişdir.
48. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icarə şərtləri və məbləği barədə tərəflər arasında rəsmi müqavilə olmasa da, lakin iş materiallarına əlavə olunmuş 2 ədəd səs yazısında işin mahiyyəti məlum olur və həmin səs yazılarına əsasən məsələyə hüquqi qiymət vermək mümkündür. Bundan əlavə olaraq məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh səs yazısının ona məxsus olub-olmamasını mübahisələndirməmiş və ümumiyyətlə məhkəmə prosesində iştirak etmədiyindən səs yazısına münasibət bildirməmişdir.
49. Qeyd edilməlidir ki, “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.
50. Qanunun mənasından göründüyü kimi, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.
51. Deməli, hazırkı işdə tərəflər icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasında maraqlı olmamış, onlar qanunvericiliyin tələbinə görə müqavilənin qeydiyyatı müraciət etməmişlər.
52. Cavabdeh apellyasiya şikayətində də özünə və ailə üzvlərinə məxsus Zərdab rayon Körpükənd kəndində yerləşən 13 ha pay torpaq sahəsini aralarında olan şifahi razılaşmaya əsasən iddiaçıya 3 il müddətinə icarəyə verdiyini və bunun əvəzində iddiaçının ona ümumilikdə 8500 manat ödəniş etdiyini bildirir. Daha sonra cavabdeh şikayətində əldə olunmuş pulun tam şəkildə ona verilmədiyini, ona verilən pulun 4500 manatını iddiaçının qohumunun xidmət haqqı olaraq özünə götürdüyünü bildirir.
53. Halbuki, tərəflər arasında bağlanmış sadə yazılı müqavilədən cavabdehin öz evində sözü gedən 8500 manat məbləğində pulu iddiaçıdan aldığını öz imzası ilə təsdiq edir.
54. Digər tərəfdən, “icarə” haqqı məbləğinin yarıdan çoxunun (4500 manat) xidmət haqqı olaraq “vasitəçi”yə verilməsi inandırıcı və ağlabatan olmamaqla, işin faktiki hallarına da uyğun deyildir.
55. Eyni zamanda cavabdeh apellyasiya şikayətində iddiaçının bir müddət sonra torpaq sahəsini istifadə edə bilmədiyi üçün 4000 manata ona icarəyə verdiyini (qaytardığını), həmin “icarə” haqqının onun tərəfindən tam şəkildə ödənildiyini bildirir.
56. Lakin cavabdeh həmin pulun 2000 manatının qaytarılmasına dair işə baxan məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının cavabdehə 4000 manat müqabilində torpaq sahəsini geri qaytardığını (icarəyə verdiyini), sübutetmə yükü iddiaçının, torpağın haqqı kimi 4000 manat məbləğində pulun iddiaçıya verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
57. Cavabdeh iddiaçıdan 4000 manat müqabilində torpaq sahəsini geri aldığını etiraf edərək, həmin pulu tam ödədiyini göstərsə də, qeyd olunan məbləği 2000 manatını ödədiyini təsdiq edən sübutları təqdim edə bilməmişdir.
58. Apellyasiya şikayətinin dəlillərindən birisi də səs yazısı onun iradəsinə zidd şəkildə əldə olunduğuna görə mötəbər sübut kimi qəbul oluna bilməməsi barədədir.
59. Məhkəmə kollegiyası təqdim olunmuş “səs yazısını” sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş “səs yazısı” sübutlar siyahısına aid edilməsə də, orada olan danışıqlar məhkəmədə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da cavabdehin arqumentlərinin qeyrisəmimiliyi ilə bağlı daxili inam yaratmışdır.
60. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
61. Son nəticədə kollegiya vurğulayır ki, işin faktiki halları ilk başdan icarə münasibətlərinə uyğun gəlsə də, hadisələrin sonrakı inkişafı tərəflərin mülki hüquq və vəzifələrinin əmələ gəlmə əsası daha çox əsassız varlanmaya uyğun gəlir. Belə ki, işin hallarına görə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır.
62. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
63. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
64. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və həmin nəticə işin hallarına uyğundur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, 2(035)-91/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov