Məhkəmə qərarları › İş №2(107)-533/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-533/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-533/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-481/2020 saylı qətnaməsindən iddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-481/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh 486.45 ABŞ dolları əsas kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. İşin halları: İddiaçı BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 486.45 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə xxxx BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 33 faiz olmaqla 18 ay müddətinə 1700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə həvalə edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin banka 486.45 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək BOKT «xxxx» MMCnin ona qarşı kredit müqaviləsi üzrə 486.45 ABŞ dolları borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı BOKT «xxxx» MMC apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, borc tələbinə dair iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən həmin ərizə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixli, 2(046)-1524/2019 saylı qərardadla geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3028/2019 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1524/2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərardadda mülki kollegiya hesab etmişdir ki, “İddiaçıya izah olunur ki. Fərmanın müəyyən etdiyi qaydalara riawət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həli edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həll qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin islər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq o, cümlədən problemli kreditlərin məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz”. Digər tərəfdən də borclunun kredit müqaviləsi üzrə etdiyi ödənişlərdən də müəyyən edilir ki, borclu tərəfindən xx.xx.2018-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-481/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı BOKT «xxxx» MMC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)- 481/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 33 faiz olmaqla 18 ay müddətinə 1700 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddia tələblərinin təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, həmin nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə xxxx BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 33 faiz olmaqla 18 ay müddətinə 1700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə həvalə edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin banka 486.45 ABŞ dolları kredit borcu qalmışdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdə bitdiyi və iddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi əsas götürülrməli və iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 377.2, 375.2 376-cı maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, borclu tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Belə olan halda hazırkı mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlanmalı və xx.xx.2021-ci ildə başa çatmalıdır. Mülki Məcəllənin 380.1,380.2-ci maddələrinin tələblərinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırdığından iddia müddətini ötürməmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmədiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət verməmiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi əsaslarıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-481/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, Cavabdeh 486.45 ABŞ dolları əsas kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tularaq iddiaçı BOKT «xxxx» MMC-yə ödənilməlidir. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı BOKT «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(046)-481/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 486.45 ABŞ dolları əsas kredit borcu ödənildiyi günə Azərbaycan manatı məzənnəsi iləvə 30 manat məbləğində dövlət rüsumu tularaq iddiaçı BOKT «xxxx» MMCyə ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar