Məhkəmə qərarları › İş №2(107)-540/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-540/2025

20.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-540/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X14 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı ünvan 1 ünvanında yerləşən mərhum atası X15 məxsus fərdi yaşayış evinə, torpaq sahəsi ilə birlikdə baxış keçirməsinə və ölçü işi aparmalarına cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1950-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X2 24 dekabr 1988-ci il tarixdə, atası X17 isə 23 iyun 1991-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərindən qalmış miras əmlakı faktiki olaraq o qəbul edərək idarə etsə də, həmin miras əmlakı adına rəsmiləşdirə bilmir. Belə ki, Şəki Regional “ASAN Xidmət” mərkəzinə gedərək atası X7 miras qalmış əmlakdan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, cavab olaraq bildirilmişdir ki, “doğum bərpa haqqında tərtib olunmuş akt qeydindən müəyyən olunur ki, ata qrafası boşdur və X17 ilə ouhumluğum təsdiq edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilir”, habelə X23 Şöbəsinə müraciət etməyim izah edilmişdir. Doğum haqqında şəhadətnaməmdə ata qrafası boş olduğu üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək mərhum miras qoyan X17 ilə qohumluq əlaqələrinin, yəni X12 onun atası olmasını təsdiq edən sənədin verilməsini xahiş etsə də, ona yazılı izah verərək məhkəməyə müraciət etməyi bildirilmişdir. Eyni zamanda Şəki Rayon Qeydiyyat Şöbəsindən adının doğum bərpa haqqında akt qeydində Zivər yox, Ziyvər olması bildirilməklə şəxsiyyət vəsiqəsinii dəyişdirildikdən sonra məhkəməyə müraciət etməyim şifahi olaraq bildirildiyi üçün şəxsiyyət vəsiqəsini dəyişdirdiyi zaman ata adının yeni şəxsiyyət vəsiqəsinə əlavə edilməsindən də imtina edildiyi üçün yeni şəxsiyyət vəsiqəsinə ata adı qeyd olunmamışdır. Yeni şəxsiyyət vəsiqəsini aldıqdan sonra təkra Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsəm də, xx.xx.2020-ci il tarixli məktubla müraciətindən imtina edildiyi şifahi olaraq bildirilərək, təkrar 29 sentyabr 2022-ci il imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-99/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, 23 iyun 1991-ci il tarixdə vəfat etmiş X12 ərizəçi İddiaçı atası olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra müvafiq sənədlərlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 20 iyul 2023-cü il tarixli bildirişində qeyd edilmişdir ki, “Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən X12 adına olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 22 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə baxılmış, mübahisə mövcud olduğundan və ölçü işləri aparılmasına maneçilik törədildiyindən ərizəmin icrası mümkün olmamışdır”. Mübahisəli ünvanda ölçü işləri aparılmasına həmin ünvanda yaşayan Cavabdeh2, X11, Cavabdeh3 və digər şəxslər maneçilik törədəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi bu faktla bağlı heç bir hüquq mühafizə orqanına məlumat verməmiş, işinin icrasına yaradılan maneələrlə bağlı hər hansı tədbir görməmişdir. Bu səbəbdən faktiki qəbul etdiyi və yaşadığı ünvanda yerləşən evə və torpaq sahəsinə çıxarışı ala bilmədiyi üçün mülkiyyət hüququndan məhrum olmaqdadır. Onun cavabdehlərə qarşı payın naturada müəyyən edilərək bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün zəruri hüquqi prosedurlar başlatmaq üçün hazırkı problem maneə yaradır. Lakin iddia ərizəsinin verildikdən sonra məhkəmənin görəcəyi digər zəruri prosessual tədbirləri kifayət qədər vaxt aldığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində baxış keçirilməsinə və ölçü işi aparmalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı nası X6 24 dekabr 1988-ci il tarixdə, atası X17 isə 23 iyun 1991-ci il tarixdə vəfat etmişlər. Valideynlərindən miras qalmış Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsində öz payını rəsmiləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneələr yaradıldığından DƏDRX-nin əməkdaşları həmin evə baxış keçirə bilməmişdir. İddiaçı miras payına dair çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözü gedən fərdi yaşayış evində ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermirlər.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində baxış keçirilməsinə və ölçü işi aparmalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 158.2, 158.4, 169.1, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ciil tarixli, e-2(075)-309/2025 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı atası X10 miras qalmış Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsində öz payını rəsmiləşdirmək istəyir. Halbu ki, İddiaçı atası X7 miras qalmış Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən evi öz payını rəsmiləşdirmək istəsə də ona atası tərəfindən miras əmlak qalmamışdır. Belə ki, hələ X17 öz sağlığında özünə məxsus evi notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamə ilə onun mərhum əri X8 vəsiyyət etmişdir.

11. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin də tələbindən göründüyü kimi, mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamaq və ya mirasa yiyələnmək lazımdır. X3 23 iyun 1991-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış əmlakı mərhum əri X16 faktiki qəbul etmiş və həmin miras əmlaka sahiblik etməyə və həmin əmlakı faktiki idarə etməyə başlamışdır. Həmin ev atası tərəfindən mərhum ərinə vəsiyyət edildiyindən mərhum qaynatasının vəfatından sonra onun qızı hazırkı iş üzrə iddiaçı olan İddiaçı nə faktiki qəbul etmiş nədə ki, həmin əmlaka sahiblik etməmişdir. Bundan əlavə o qanunvericiliyə görə ona çata biləsi məcburi payı belə almaq üçün notariat orqanına müraciət etməmişdir. Onun mərhum əri X16 da xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.

12. O da mərhum əri X5 vəfatından sonra ondan miras qalmış həmin daşınmaz əmlaka sahiblik etməyə və həmin əmlakı faktiki idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin evdə onlar yaşayırlar. Həmin evdə hazırkı iş üzrə iddiaçının heç bir bağlılığı yoxdur. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin edərkən MM-nin 152.1, 152.5, 157.4, 157.8, 158.2, 158.4,169.1 və 560.1-ci maddələrinə istinad etsə də həmin maddələrlə istinad etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, MM-nin həmin maddələri mülkiyyət hüququ ilə bağlı müddəaları tənzimləyir. Halbu ki, həmin əmlak miras əmlakdır və mirası qəbul etsəydi iddiaçının mülkiyyətinə keçərdi. Halbu ki, həm həmin əmlak onun mərhum ərinə vəsiyyət edilmişdir, həm də iddiaçı qanunvericiliyin vərəsələrə tanıdığı məcburi pay almaq hüququndan istifadə etməmiş və məcburi pay almaq üçün notariat orqanına müraciət etməmişdir.

13. İşin faktiki hallarından da göründüyü kimi onun mərhum X3 23 iyun1991-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi onun mərhum qaynatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməmişdən öncə vəfat etmiş və həmin qərar qəbul edilməmişdən öncə vərəsəlik münasibətləri yaranmışdır. Buna görə də hazırkı vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı şamil edilə bilməz. Göründüyü imi işə baxan birinci instansiya məhkəməsi onun vərəslik hüququnu pozmuşdur.

14. İşə baxan birinci instansiya məhkəməsi onun konstitusion hüquqları olan insan və vətəndaş hüquqlarını qorumamış və bunları pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi nəticəsində onun mərhum qaynatasından qalmış miras əmlaka baldızı hazırkı iş üzrə İddiaçı xeyrinə sənədin hazırlanmasına şərait yaratmaqdadır. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi işə qanunamüvafiq baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

15. Qətnamədən görünür ki, məhkəmənin gəldiyi nəticə faktlara deyil, birinci instansiya məhkəməsinin formal mülahizələrinə əsaslanır. Belə ki, göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinin tələblərini kobub şəkildə pozmuşdur. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı atası X7 miras qalmış Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsində öz payını rəsmiləşdirmək istəyir.

16. Göründüyü kimi işin faktiki haları ilə iddiaçının mirası qəbul etmədiyi və hazırkı iddia əzirəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması tam təsdiq edilir. Lakin işə baxan birinci insyansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinin tələblərini kobub şəkildə pozzaraq bu xüsusutları araşdırmadan formal olaraq iddianı təmin etmişdir.

17. İddiaçı iddia ərizəsinə iddia ərizəsində qeyd edilənləri sübut edəcək hər hansı bir sübutu əlavə etməmişdir. İddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mərhum atasından qalmış mirası faktiki qəbul etməsi barədə heç bir mötəbər sübut təqdim edilməmiş və nəticə etibari ilə birinci instansiya tərəfindən Mülki Prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 81-ci və 88-ci maddələri kobud şəkildə pozulmuşdur.

18. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, İddiaçı X2 24 dekabr 1988-ci il tarixdə, atası X17 isə 23 iyun 1991-ci il tarixdə vəfat etmişlər. Valideynlərindən miras qalmış Şəki şəhəri, Sarabski küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsində öz payını rəsmiləşdirmək istəmişdir.

19. Halbu ki, ilk öncə işə baxan birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub olmamasını araşdırmalıdır. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçının mərhum atasından qalma miras əmlak olmaqla iddiaçının atası tərəfindən onun mərhum ərinə vəsiyyət edilmiş və iddiaçı tərəfindən də hal-hazıradək həmin vəziyyətnamə mübahisələndirilməmiş, miras faktiki qəbul edilməmiş və mirasın qanuni yolla qəbulu ilə bağlı notariat orqanına müraciət edilməmiş, mirasın faktiki qəbulunu da təsdiq edəcək məhkəmə qətnaməsi mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticə işin hallarına uyğun gəlmir.

20. Odur ki, Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

27. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyator birinci instansiya məhkəməsinin qətnаməsinin tam ləğv edilməsini xahiş etsə də digər cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişlər. Ona görə də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ciil tarixli, e- 2(075)-309/2025 nömrəli qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 15 iyun 1991-ci il tarixli 6440/841 reyestr nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı 23 iyun 1991-ci il tarixdə vəfat etmiş mərhum atası X12 mülkiyyətindədir. İddiaçı atasından miras qalmış fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin buna maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsində ölçü işlərini apara bilməmişlər.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin onun vərəslik hüququnu pozması, iddiaçının hazırkı iddia əzirəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması, iddiaçının öz iddia tələbini sübuta yetirə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 15 iyun 1991-ci il tarixli 6440/841 reyestr nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X12 mülkiyyətindədir.

36. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-99/2023 nömrəli qətnaməsindən görünür ki, 23 iyun 1991-ci il tarixdə vəfat etmiş X12 ərizəçi İddiaçı atası olması hüquqi faktı müəyyən edilmişdir.

37. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 20 may 2023-cü il tarixli, 1879 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il tarixdə ölmüş X12 vərəsəsi İddiaçı ərizəsi əsasında Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənlərə nəzərə alaraq mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi xahiş olunmuşdur.

38. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 20 iyul 2023-cü il tarixli, 3-21-3-39/2-2243 saylı bildirişindən görünür ki, mübahisə mövcud olduğundan və ölçü işləri aparılmasına maeəçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən ”Daşınmaz əmlakın dövlət reyestrı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir.

39. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

40. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

41. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmuşdur.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin ev atası tərəfindən mərhum ərinə vəsiyyət edildiyindən mərhum qaynatasının vəfatından sonra onun qızı hazırkı iş üzrə iddiaçı olan İddiaçı mirası nə faktiki qəbul etməməsi nədə ki, həmin əmlaka sahiblik etməməsi, bundan əlavə onun qanunvericiliyə görə ona çata biləsi məcburi payı belə almaq üçün notariat orqanına müraciət etməməsi, qanunvericiliyin vərəsələrə tanıdığı məcburi pay almaq hüququndan istifadə etməməsi mirasın faktiki qəbulunu da təsdiq edəcək məhkəmə qətnaməsinin mövcud olmaması, X12 öz sağlığında özünə məxsus evi notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamə ilə onun mərhum əri X8 vəsiyyət etməsi, beləliklə iddiaçıya atası tərəfindən miras əmlak qalmaması, həmin evdə hazırkı iş üzrə iddiaçının heç bir bağlılığının olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi 15 sentyabr 1990-cı il tarixli vəsiyyətnamədən göründüyü kimi mərhum X4 şəhəri Sarabski küçəsində yerləşən evi bütövlükdə deyil, evin ½ hissəsini oğlu X9 vəsiyyət etmişdir.

43. Həmçinin mirasın açıldığı dövrdə qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

44. Kollegiya qeyd edir ki, hazırkı iddia mirasın qəbulu, mirasda payın müəyyən edilməsi, mirasın bölgüsü ilə bağlı deyil, miras əmlakın mirasqoyanın özünün adına sənədləşdirilməsi ilə bağlı olan bir tələbdir. Miras əmlakın mirasqoyanın adına sənədləşdirilməsindən sonra vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranacağı halda, mirasın qəbul edilibedilməməsi məsələsinə həmin icraat çərçivəsində ayrıca hüquqi qiymət veriləcəkdir. Mirasın qəbulu ilə bağlı vərəsələr arasında fikir ayrılığının olması miras əmlakın məhz mirasqoyanın adına sənədləşdirilməsi ilə bağlı bağlı tələb irəli sürülməsi imkanlarını aradan qaldırmır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosesual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticənin işin hallarına uyğun olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş materiallarında olan sübutlar nəzərə alınmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(075)-309/2025 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar