Məhkəmə qərarları › İş №2(107)-541/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-541/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-541/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1313/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1313/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) ilkin iddia təmin edilmiş, Cavabdeh 13000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İbrahim Gündüz oğluna və 3-cü şəxs Bakı şəhəri 54 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia verərək, İddiaçı ilə onun arasında xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Bakı şəhərində yaşadığından, digər məhkəmələrdə işləri çoxluq təşkil etdiyindən,həmçinin Bakı şəhərində hərbi vəziyyət və karantin rejimləri mövcud olduğundan məhkəməyə gəlib-getməsi çətinlik yaratdığından bundan sonrakı məhkəmə proseslərinin onların iştirakı olmadan mövcud sübutlar əsasında qiymətləndirilərək iddialarının təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının İddiaçı və onun iştirakı olmadan işdə olan sübutlar əsasında baxıb mülki iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə onun arasında xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmışdır. O, İddiaçı heç bir məbləğdə borc pul almamışdır. Bakı şəhəri 54 saylı X3 13 000 manat pulu depozitə özü qoyub, özü də götürmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək kamera görüntüləri götürülərsə, hər şey aydın olar. Sadəcə olaraq o, "xxxx" MMC ilə işləmiş və həmin şirkətə müəyyən qədər borcu olmuşdur. İddiaçı da həmin şirkətin işçisidir. Həmin müqavilə uydurma əqd şəklində bağlanmış və təqdim olunan həmin əqd yalan əqddir. İddiaçı onunla başqa əqdi pərdələmək niyyəti ilə, görünüş üçün uydurma əqd bağlamışdır. Onun iddiaçıya heç bir zaman borcu olmamışdır. Həmin kredit müqaviləsi etibarsız hesab edilməlidir. Kredit müqaviləsi bağlanarkən borc verən pula olan mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür. Pul mülki dövriyyədə ödəniş vasitəsi kimi çıxış etməklə hüquqi əhəmiyyətli əmlak sırasına aiddir. Lakin İddiaçı özünün olmayan, yəni şirkətə məxsus 13000 manat məbləğində pulu depozitə qoymuş, sonra da özü götürmüşdür. İddiaçı bunu başqa əqdi pərdələmək üçün, görünüş üçün etmişdir. Göründüyü kimi kredit müqaviləsi bağlanarkən peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalar gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "Banklarda Kreditlərin verilməsi Qaydaları"nın 4.1.17-ci bəndində kredit müqaviləsinin forması göstərilmişdir. Burada qeyd edilir ki, bank tərəfindən kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində isə kreditlərin qrafiki, şərtləri, məqsədi, predmeti və digər əsaslar asan oxunan və aydın şəkildə göstərilməlidir. Həmin Qaydalarda o da bildirilir ki, bu hallar analoji qaydada peşəkarlıq qaydasında kreditlər verən fiziki şəxslərə də şamil olunur. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, kredit müqaviləsi bağalnarkən borc verən pula olan mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür. Lakin İddiaçı özünün olmayan, yəni şirkətə məxsus 13000 manat məbləğində pulu depozitə qoymuş, sonra da özü götürmüşdür. O, bunu başqa əqdi pərdələmək üçün, görünüş üçün etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən onun izahatları, dəlilləri nəzərə alınmamış, dəlillərinin qəbul edilməməsi qətnamədə əsaslandırılmamış, sübutlar əlaqəli şəkildə şərh edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1313/2020 saylı qətnаməsinin ləğv edilərək ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin gün İddiaçı Cavabdeh 13000 manat borc pul vermiş və Cavabdeh borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli x/k-434 saylı məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödənilməli olan 13 000 (on üç min) manat məbləğində pulu kredit müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün “xxxx” ASC-in 4saylı Şöbəsinə olan AZ22MUGA**********00452AZM64 №-li depozit hesabına qəbul olunmasını xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 13000 manat məbləğində pul vəsaiti AZ22MUGA**********00452AZM64 nömrəli depozitə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş çekin kötüyünün surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə çekin kötüyünə imza etməklə çeki almışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı kredit müqaviləsi (borc müqaviləsi) bağlanmışdır. Sözügedən kredit müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh xx.xx.2020ci il tarixədək geri qaytarmaq şərti ilə 13.000 (on üç min) manat borc pul verilmişdir. Həmin kredit müqaviləsi şərtlərinə əsasən, kreditin (borcun) qaytarılma müddəti bitdikdən sonra cavabdehə borcun qaytarılması ilə bağlı müraciət edilmişdir. Lakin, bu barədə dəfələrlə müraciət edilsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş yazılı kredit müqaviləsi (borc müqaviləsi) bağlanmış və borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 13000 manat məbləğində pul vəsaiti AZ22MUGA**********00452AZM64 nömrəli depozitə köçürülmüş və Cavabdeh qəbzin kötüyünü imza etməklə qəbzi almışdır. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ərizəsində Bakı şəhəri 54 saylı Notariat Ofisində iddiaçının banka 13 000 manat pulu depozitə özü qoyduğunu və onun özünün götürməsini iddia etsədə buna dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə sorğu edilərək əldə edilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən 13000 manat pul vəsaiti notariusun depoziti vasitəsilə cavabdehə verilməsi üçün “xxxx” ASC-in 4-saylı Şöbəsində AZ22MUGA**********00452AZM64 №-li hesaba ödəniş edilmiş və Cavabdeh həmin pul məbləğini almaq üçün qəbzin kötüyünü imza etməklə qəbzi almışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin uydurma əqd şəklində bağlanması və həmin əqdin yalan əqd olması, İddiaçı onunla başqa əqdi pərdələmək niyyəti ilə, görünüş üçün uydurma əqd bağlaması barədə cavabdehin qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində göstərdikləri əsassızdır. Çünki, yuxarıda qeyd olunan qanun normalarından da göründüyü kimi, uydurma və yalan əqdlərin anlayışları tamamilə bir-birindən fərqlidir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, əgər borcun verilməsi notariatda, tərəflərin bilavasitə iştirakı ilə tərtib edilmiş kredit müqaviləsi ilə rəsmiləşdirilirsə, bu, borcun həqiqətən də verilməsini təsdiq edən etibarlı sənəddir. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1313/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1313/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar