Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-541/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı “X3” MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020ci il tаrixli, 2(014)-1027/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3” MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 25520 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh “X3” MMC-nin xeyrinə 25520 manat vurulmuş ziyana görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25550 (iyirmi beş min beş yüz əlli) manatın tutulması qət edilmişdir Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 12 sentyabr 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2017-ci il tarixdə baş satıcı, 07 iyun 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 27 sentyabr 2019- cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 07 avqust 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, 22 aprel 2019-cu il və 07 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdehə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-629/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)- 1027/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-629/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(102)-693/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)- 629/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddia ilə razı deyildir. Çünki kameralar vasitəsilə hər yer izlənilmiş nəzarətdə saxlanılmışdır. Həmçinin tez-tez yoxlamalar aparılmış, əskik aşkar edilməmişdir. Yaranmış ziyan məbləği malların qiymətinin kəskin artması ilə əlaqədardır. O hər zaman işində məsuliyyətli olmuş və iddiaçıya hər hansı bir ziyan vurmamışdır. 25520 manat pulun çatışmazlığında cavabdehin heç bir günahı yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı “X3” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı “X3” MMC-nin nümayəndəsi X1 ərizə ilə müraciət edərək, iddia tələbini tam müdafiə etdiklərini və mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı “X3” MMC-nin nümayəndəsi və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(102)-693/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-629/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 12 sentyabr 2017-ci il tarixdə satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, 11 noyabr 2017-ci il tarixdə baş satıcı, 07 iyun 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, 07 avqust 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, 22 aprel 2019-cu il və 07 avqust 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Apellyasiya icraatı zamanı təyin edilərək əldə edilmiş ƏN MEM-in 14 iyul 2021-ci il tarixli, 9/3395 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 29.05.2018-ci il tarixdən 07.08.2019-cu il tarixədək olan dövrdə “X3” MMC-yə olan çatışmazlığı 25.520.11 manat məbləğində müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin imzalamadığı iki inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 25.520 manat pulun tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199). Həmin maddəyə əsasən
1. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
2. işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
3. inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
4. əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
5. alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;
6. işəgötürənin kommersiya sirrini yaydıqda;
7. işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (Əmək Məcəlləsi maddə 206). Birinci instansiya məhkəməsi isə işəgötürən tərəfindən hazırkı iddia tələbinin qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmaması barədə hər hansı hüquqi dəyərləndirmə aparmadan, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən imzalanmamış iki inventarizasiya aktı əsasında cavabdehin iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurması qənaətinə gəlmişdir. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi yalnız işəgötürənin zərərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Belə ki, iş materiallarında “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”larda Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Həmçinin iş materiallarında olan “X3” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışlarında əskikgəlməyə görə 25.520,11 manat çatışmazlıq yarandığı göstərilsə də, göstərilən çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri iş materiallarında mövcud deyildir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə olduğu təqdirdə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tаrixli, 2(014)-1027/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X3” MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsinə dair tələbi təmin edilməsin. Ekspertiza xərci 200 manat iddiaçı “X3” MMC-dən alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Akif Eyvazov