Məhkəmə qərarları › İş №2(107)-542/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-542/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-542/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)-101/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 28 sentyabr 2023-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M441 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»nə əsasən Cavabdeh İddiaçı xx.xx.2023-cü ilə qədər qaytarmaq şərtilə 23000 manat məbləğində borc pul almışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 (iyirmi üç min) AZN məbləğində əsas borc məbləğinin, 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) AZN məbləğində borc pul vermişdir. Buna dair cavabdehlə aralarında Bakı şəhəri 3 saylı Bakı "ASAN xidməti" mərkəzində Notariat ofisində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı borc məbləğini xx.xx.2023-cu il tarixinədək qaytarılmalı idi. Cavabdeh ondan aldığı pul məbləğini bu günədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdehlə dəfələrlə borcunu qaytaracağına söz versə də, onu çox çətin və əlverişsiz vəziyyətə salmış, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri 3 saylı Bakı "ASAN xidməti" mərkəzində Notariat ofisində 3M-441 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilədə nəzərdə tutulmuş 23000 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh oğu müqavilə üzrə iddiaçıdan pul almadığını, Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi vədi ilə bağladığını bildirmişdir.

5. Hazırki işdə tərəflər arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli yazılı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 23000 manat məbləğində borc pul almış və o, həmin borcu xx.xx.2023-cü ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən borc məbləği cavabdehin borcu xx.xx.2023-cü il tarixə qədər qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz notarial qaydada tərəflər arasında imzalanmış kredit müqaviləsində öz əksini tapmışdır. Bir sözlə, məhkəmənin qənaətinə görə kredit müqaviləsinə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, kredit müqaviləsi cavabdehin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi kredit müqaviləsi isə etibarlı əqdlər olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır.

6. Bundan başqa, cavabdeh kredit müqaviləsini“Kamalın onunla 23000 (iyirmi üç min) manatlıq borc müqaviləsini Ağdamda yeni şirkətdə ümumi dəyəri 500.000 (beş yüz min) manatlıq tikinti işlərini ona verməsi” vədi ilə bağlamasını bildirsə də, bunu təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əvvəlki məhkəmə iclaslarında bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyinə dair vəd versə də, vədinə əməl etməmiş, növbəti məhkəmə iclaslarına gəlməmişdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir.

7. Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)-101/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində borc və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 23159 (iyirmi üç min yüz əlli doqquz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan 385, 442, 445, 448, 449, 739 və 740-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 28 sentyabr 2023-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M441 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı öz iddiasında göstərdikləri doğru deyildir, işin faktiki hallarına uyğun gəlmir. Qeyd etdiyi kimi, iddiaçı Kamal ona onunla 23000 manatlıq borc müqaviləsi ona olan əvvəlki borcunu ödəmək üçün vermişdir. O, iddiaçıdan ondan borc almaq adı ilə müqavilə bağlamamışdır. İddiaçı Kamal ona onunla 23000 manatlıq borc müqaviləsi əvvəlki borcunun əvvəlinə vermişdir. İddiaçı ilə onun arasında bağlanmış borc müqaviləsi formal xarakter daşımışdır. O, həmin borc müqaviləsində göstərilən 23000 manat pulu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmalı deyildi. Onların arasında belə bir razılaşma olmamışdır. O, 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdi ki, bütün bu dediklərini təsdiq edən sübutları və şahidlərini növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcək. Lakin Qəbələ rayon məhəkəməsi növbəti məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. Onun iştirakı olmadan iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır.

12. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)- 101/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı nünmayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şiakyətinin təmin edilməıməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı nünmayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)- 101/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə iddianın sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşmüşdür. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən edərkən sahibkarlıq fəaliyyətindən irəli gəldiyini göstərən hər hansı müqavilə və ya razılaşma olmamış, sahibkarlıq fəaliyyətindən irəli gələ biləcəyi işgüzar adətlərin və birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında və apellyasiya şikayətində aşağıdakıları göstərmişdir. “May ayından onlar bazarda fəaliyyət sahələri həm əmlak şirkətidir, həm texnikalardır, həm də Rusiyadan Azərbaycana armatur gətirirlər. “Yeraz group” onların şirkətidir və oranın rəhbəridir. Kamal ona yaxınlaşıb “TCF” şirkəti adı ilə müqavilə bağlamışdır. Onlardan dəyəri300.000 (üç yüz min) manat olan armatur, beton kimi məhsullar götürmüşdür. Kamal onlardan məhsul götürüb iş görmüşlər. 2 ay tamam olduqdan sonra Kamalın ona 20.000 ( iyirmi min) manata yaxın borcu olmuşdur, amma o, pulu ala bilməmişdir. Kamala demiş ki, pulu o dediyi firmaya vursun. Kamal onu 2 ay 10 gün gözlətdikdən sonra ona olan borclarının 10200 ( on min iki yüz) manatını başqa şirkətə köçürmüşlər və 5500 ( beş min beş yüz) dolları onların işçi Cəfərdən nağd şəkildə göndərmişlər. Bununla da onların aralarında pul söhbəti bağlanmışdır. Dediklərinə görə onlar pulunköçürülməsi üçün sənədləri vermişdilər, lakin ödənişin həyata keçirilməsi üçün xarici şirkət göstəriş verməli imiş. Kamilgilin şirkətinin icraçıdirektoru Famil yaxın vaxtlarda pulun ona ödənəcəyini, səbrli olmağını demişdir. Sonda pul köçmüşdür. Daha sonra əlavə mal götürmək üçün başqa şirkətə mal vurmuşlar. Həmin şirkətin adını Kamilgilə vermişdir və onun dediyi vaxtda pulu vurmalarını tapşırmışdır. Həmin şirkətin Kibercinayətkarlığa qarşı mübarizə idarəsi ilə problemi olmuşdur. Lakin onlar o deməmiş pulu həmin şirkətə köçürmüşlər. Həmin şirkət daha sonra bağlanmış və 9500 (doqquz min beş yüz ) manat pul onun üstündə qalmışdır. Əlavə bu 23000 ( iyirmi üç min) manatın yaranmağının səbəbi isə, bunlar ondan armaturu 1020 ( bir min iyirmi ) manat almışlar amma sənədlərə 1100 ( bir min yüz ) manat yazmışlar və şirkət rəhbəri Anar Kərimovu 80 ( səksən) manat aldadırmışlar. Bu pul atkatdır, ora yığılıb. O, bütün bu alqı-satqı sənədlərini məhkəməyə təqdim edəcəkdir. O, Kamala bu işləri Anar Kərimova bildirəcəyini demiş, o isə ona bunu deməməyi üçün yalvarmış, çünki işdən qovulacağından qorxmuşdur. Bundan başqa 3000 ( üç min ) manat faiz borcu üzərinə gəlmişdir. Bütün bu dediklərini təsdiq edən sübutlarını və şahidlərini növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirmişdir.” O, yuxarıdakı göstərdiklərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhkəməsinin 19 dekabr 2023-cü ildən sonrakı iclasında onun iştirakının təmin edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh 19 dekabr 2023-cü ildə keçirilən məhkəmə iclasında iş üzrə sübutları olduğunu və həmin sübutları növbəti məhkəmə iclasında təqdim edə biləcəyini bildirmiş, həmin səbəbdən məhkəmə iclası 28 dekabr 2023-cü ilə təxirə salınmış, bu barədə cavabdeh məhkəmə bildirişini bildirişin kötüyünə imzalamaqla qəbul etmişdir. 28 dekabr 2023-cü ildə keçirilən məhkəmə iclasında tərəflər iştirak etmədiyindən məhkəmə iclası 18 yanvar 2024-cü ilə təxirə salınmış və bu barədə cavabdehə SMS bildiriş vasitəsilə məlumat verilmişdir. Cavabdehin atası olduğunu iddia edən Vəli Quliyev tərəfindən məhkəməyə teleqram göndərilməklə cavabdehin xəstə olması səbəbilə məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş, lakin bu barədə heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehə öz sübutlarını təqdim etməsi üçün yetərli şərait yaradılmış, lakin cavabdeh nə məhkəmə iclasına gəlmiş, nə də hər hansı sübut təqdim etmişdir. Kollegiya onu da qeyd edir ki, apellyasiya qaydasında keçirilən məhkmə iclasında da cavabdeh ona rəsmi məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, kollegiya məhkəmə iclasını onun iştirakının təmin edilməsi üçün təxirə salmışdır. Cavabdehə həm yazılı bildiriş göndərilməsi, həm SMS bildiriş, həm də atası olduğunu iddia edən şəxs və özü ilə telefonla əlaqə saxlanılması vasitəsilə məhkəmə iclasları barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, kollegiya cavabdeh iddia etdiklərini sübut etmək üçün heç bir cəhd etmədiyindən onun apellyasiya şikayətinin dəlillərini formal mülahizələr hesab etməklə rədd edilməli olması qənaətinə gəlmişdir.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)-101/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(025)-101/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar