Məhkəmə qərarları › İş №2(107)-545/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-545/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-545/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: su bərəsinin açılması, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Ucar rayon X1 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonunun Bərgüşad kəndi ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün 7847,63 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X4 kitabında 16 sentyabr 2009-cu ildə 1191 nömrə ilə uçota alınmışdır. Orada iddiaçının istifadəsində olan yaşayış evi vardır və həyətyanı sahədə kənd təsərrüfatı bitkiləri becərilir. İçməli və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan su həmin həyətə gələn su bərəsi vasitəsi ilə təmin edilir. Lakin iddiaçının qardaşı olan Cavabdeh onun həyətinə gələn su bərəsini istifadə etdiyi və mərhum anası X2 məxsus torpaq sahəsində torpaqla dolduraraq suyun təbii axarının qarşısını kəsmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon X1 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonunun Bərgüşad kəndi ərazisində ona fərdi yaşayış evi tikmək üçün verilmiş 7847,63 kv.metr torpaq sahəsinə gələn su bərəsini tam açması və həmin su bərəsinin bir daha torpaqla doldurmasının cavabdehə qadağan edilməsi, həmçinin 2000 manat məbləğində pulun, vəkilə iddia ərizəsinin tərtib etdirmək üçün ödədiyi 60 manat məbləğində qonorarın və 30 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun, cəmi 2090 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, surətini bu iddia ərizəsinə əlavə etdiyi “torpaq sahəsinin planı və ölçüsü” adlı sənəddən göründüyü kimi Ucar rayon X1 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonunun Bərgüşad kəndi ərazisində ona fərdi yaşayış evi tikmək üçün 7847,63 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun istifadəsində olan yaşayış evi vardır və 45 ildir ki, o, həmin evdə yaşayır. O, həyətyanı sahəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olur. İçmək və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyu isə həyətlərinə o, doğulmamışdan da əvvəl gələn su bərəsi vasitəsi ilə təmin edirdi. Lakin artıq 2 ildən çoxdur ki, qardaşı olan cavabdeh onun həyətinə gələn su bərəsini istifadə etdiyi və mərhum anası X2 məxsus torpaq sahəsində torpaqla doldurmuşdur. Nəticədə isə onun ailəsi və ağacları susuz qalmşdır. Su arxının açılması üçün o, cavabdehdən dəfələrlə xahiş etsə də bunun heç bir xeyri olmamışdır. Havalar istiləşdikcə isə vəziyyətləri daha da dözülməz hala gəlir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa o, əvvəllər həmin sahədə nar meyvəsindən ildə 1000-2000 manat arası gəlir əldə edirdi. Lakin su bərəsi torpaqla doldurulduqdan sonra artıq 2 ildir ki, o, həmin sahədən gəlir əldə edə bilmir. Bu isə ən azı xərclər çıxıldıqdan sonra 2000 manat təşkil edir və cavabdehin qanunsuz əməlləri nəticəsində ona 2000 manat da maddi ziyan dəymişdir. Əlavə olaraq bildirdi ki, təqdim etdiyi sübutlardan əlavə sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onun Ucar rayonu, Bərgüşad kəndində mülkiyyətində 6064.26 kv.m həyətyanı torpaq sahəsi vardır. İddiaçının ayrıca su bərəsi və su arxı vardır, o, iddiaçıya ziyan vurmamışdır, iddiaçı əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının vəsatətinə əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin rəisi R.Qəribovun 15 dekabr 2021-ci il tarixli, 12/271 nömrəli arayışında elektron baza məlumatlarına əsasən A № 190591 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 7847.63 kv.m torpaq sahəsinə su bərəsi (su arxı) nəzərdə tutulmadığından 13 sentyabr 2021-ci il tarixli, 2(063)-681/2021 saylı qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmçinin, ekspertin məlumatından görünür ki, qoyulmuş sualların həlli üçün əlavə sənədlərin təqdim olunması barədə vəsatət göndərilmiş, lakin vəsatətdə göstərilənlər təmin edilməmişdir. Bu səbəbdən də, qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir, buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77 və 119-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan A 190591 nömrəli torpaq sahəsinin planı və ölçüsünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı Ucar rayonu, Bərgüşad kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 7847.63 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X4 kitabında 16 sentyabr 2009-cu ildə 1191 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A 190590 nömrəli torpaq sahəsinin planı və ölçüsünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 Ucar rayonu, Bərgüşad kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 22600.37 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X4 kitabında 16 sentyabr 2009-cu ildə 1193 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 14 yanvar 2009-cu ildə ölmüşdür. İş materiallarında olan A 190596 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh Ucar rayonu, Bərgüşad kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 6064.26 kv.metr ölçüdə torpaq sahəsi verilmiş, X4 kitabında 16 sentyabr 2009-cu ildə 1259 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli, 111 nömrəli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Ucar rayonu Bərgüşad bələdiyyəsinin 18 avqust 2021-ci il tarixli, 47 nömrəli məktubundan görünür ki, bənd vurulmuş su bərəsi Bərgüşad kənd sakini İddiaçı məxsusdur. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk inzibati ərazi dairəsi üzrə nümayədəliyinin 10 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, bənd vurulmuş su bərəsi Bərgüşad kənd sakini İddiaçı məxsusdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin işə baxan birinci instansiya məhkəməsi yalnız ekspert rəyini əsas götürməklə qətnamə çıxarmışdır və qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir, buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Halbuki, iş materiallarında olan Ucar rayonu Bərgüşad bələdiyyəsinin 18 avqust 2021 -ci il tarixli, 47 nömrəli məktubundan görünür ki, bənd vurulmuş su bərəsi Bərgüşad kənd sakini İddiaçı məxsusdur. Bundan başqa iş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad inzibati ərazi dairəsi üzrə nümayədəliyinin 10 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, bənd vurulmuş su bərəsi Bərgüşad kənd sakini İddiaçı məxsusdur. Həmçinin o, qətnamə qəbul olunduqdan sonra bir daha Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad inzibati ərazi dairəsi üzrə nümayədəliyinə müraciət etmişdir və sonuncunun 18 fevral 2022-ci il tarixli 41 nömrəli arayışından görünür ki, bənd vurulmuş su bərəsindən 1979-cu ildən bəri o istifadə etmişdir. Beləliklə, məhkəmənin sübut kimi qəbul etdiyi rəylərdə "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 7847.63 kv.m torpaq sahəsinə su bərəsi (su arxı) nəzərdə tutulmadığı göstərilsə də, yuxarıda göstərilən arayışlarla müəyyən edilir ki, həmin su bərəsi vardır və o ondan 1979-cu ildən istifadə edir. Digər tərəfdən rəylərə görə onun torpağına ümumiyyətlə su bərəsi nəzərdə tutulmamışdır. Rəyləri əsas götürsək belə çıxır ki, nəinki onun ağacları, özü də həmin yerdə susuz yaşamalıdır. Bu isə mümkün deyil. Həqiqət isə ondan ibarətdir ki, həmin torpağa gedən su bərəsi vardır. Həmin su bərəsinin planda göstərilməməsi isə o demək deyil ki, su bərəsi ümumiyyətlə olmayıb və o susuz qalmalıdır. Həmçinin su bərəsinin planda göstərilməməsində onun heç bir təqsiri yoxdur. Ona görə də, Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam həcmdə rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Ucar rayon X1 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonunun Bərgüşad kəndi ərazisində ona fərdi yaşayış evi tikmək üçün 7847,63 kv.metr torpaq sahəsi verilməsi, həmin torpaq sahəsinin X4 kitabında 16 sentyabr 2009-cu ildə 1191 nömrə ilə uçota alınması, orada iddiaçının istifadəsində olan yaşayış evinin və kənd təsərrüfatı bitkilərinin becərildiyi həyətyanı sahəsinin olması, içməli və kənd təsərrüfatı bitkilərini becərmək üçün lazım olan suyun həmin həyətə gələn su bərəsi vasitəsi ilə təmin edilməsi, Cavabdeh onun həyətinə gələn su bərəsini istifadə etdiyi və mərhum anası X2 məxsus torpaq sahəsində torpaqla dolduraraq suyun təbii axarının qarşısını kəsməsi, nəticədə isə onun ailəsinin və ağaclarının susuz qalması, əvvəllər həmin sahədə nar meyvəsindən ildə 1000-2000 manat arası gəlir əldə etməsi, lakin su bərəsi torpaqla doldurulduqdan sonra artıq 2 ildir ki, onun həmin sahədən gəlir əldə edə bilməməsi, nəticədə, ən azı xərclər çıxıldıqdan sonra 2000 manat əldə ediləcək gəlirdən məhrum olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının təqdim etdiyi fotoşəkillərlə, mübahisəli əraziyə keçirilmiş məhkəmə baxışının nəticəsində, Ucar rayonu Bərgüşad bələdiyyəsinin 18 avqust 2021-ci il tarixli, 47 nömrəli məktubu ilə və Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk inzibati ərazi dairəsi üzrə nümayədəliyinin 10 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışı ilə müəyyən olunmuşdur ki, İddiaçı yuxarıda qeyd olunan evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə təbii axarla gələn su bərəsinin qarşısı həmin ərazidən xeyli aralıda yaşayan Cavabdeh tərəfindən torpaqla doldurulma yolu ilə kəsilmişdir. Nəticədə, iddiaçının həyətinə və evinə gələn suyun gəlişi dayanmışdır. İddiaçı iddia tələbinin su bərəsinin tam açılması və bir daha torpaqla doldurulmasının cavabdehə qadağan edilməsi ilə bağlı hissəsində hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin rədd olunmuş qalan hissəsi ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kolelgiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə iddianın təmin olunmamış su bərəsinin tam açılması və bir daha torpaqla doldurulmasının cavabdehə qadağan edilməsi ilə bağlı hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsi iddianın təmin olunmamış su bərəsinin tam açılması və bir daha torpaqla doldurulmasının cavabdehə qadağan edilməsi ilə bağlı hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası həmin hissədə təmin edilməli, Ucar rayonunun Bərgüşad kəndi ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 7847,63 kv.metr torpaq sahəsinə gələn, Cavabdeh tərəfindən bağlanmış su bərəsi açılmalı, onun yenidən bağlanması Cavabdeh qadağan edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalı, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manatın iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 15 manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(063)-23/2022 nömrəli qətnaməsi iddianın təmin olunmamış su bərəsinin tam açılması və bir daha torpaqla doldurulmasının cavabdehə qadağan edilməsi ilə bağlı hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı su bərəsinin açılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası həmin hissədə təmin edilsin. Ucar rayonunun Bərgüşad kəndi ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 7847,63 kv.metr torpaq sahəsinə gələn, Cavabdeh tərəfindən bağlanmış su bərəsi açılsın. Həmin su bərəsinin yenidən bağlanması Cavabdeh qadağan edilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manatın iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 15 manatı Cavabdeh alınıb İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar