Məhkəmə qərarları › İş №2(107)-548/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-548/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-548/2022 12.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(025)-1790/2021 nömrəli qətnaməsindən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.10.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, X1 xüsusi mülkiyyətinə verilmiş ünvan 1 ünvanda 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 05.10.2018-ciil tarixdə həmin torpaq sahəsinə dair A 317026 nömərəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.

3. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İƏD üzrə tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 1182 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır.

4. Qəbələ RPŞ tərəfindən verilmiş 26.05.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Məmdiyar oğluna qarşı “vururlmuş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmdiyar oğlundan 1010 (bir min on) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. 28.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh Məmdiyar oğlunun iddia tələbinə cavab verməyən şəxs olduğu, ona görə də əsl olmayan tərəfin Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi döngə 38-də həyat yoldaşı X1 adına 0,06 ha həyətyanı torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsinin mişar daşından 1-ci mərtəbəsinin divarını çəkmək üçün cavabdehə danışıq aparmaq, razılaşmalarına əsasən cavabdeh 500 manata evin divarını çəkməyi öhdəsinə götürmüşdür. Cavabdeh əvvəlcədən işin dəyəri olan 500 manatı oğlunun qəza törətməsi səbəbindən onlardan almışdır. Binanın bünövrəsi əvvəlcədən tökülmüşdür. Cavabdeh bir həftə evin birinci mərtəbəsinin tikintisində işləyərək əksər hissədə 4 cərgə, pəncərə yerlərində, yəni 3 pəncərə ətrafında 5 cərgə divar çəkməklə için qalan hissəsini tamamladan yarımçıq saxlamışdır. Dəfələrlə cavabdehdən işin tamamlanmasını tələb etmişlər, nəticə olmamışdır. Cavabdeh başqa yerdə iş götürdüyünü, ona görə onlarda işləyə bilmədiyini bildirmişdir. Çox çalışmış ki, cavabdeh aldığı pula görə işini tamamlasın, yarımçıq işə görə başqa usta gətirməsin. Ancaq nəticəsi olmamışdır. İşini davam etdirmək əvəzinə bildirmişdir ki, onlarda işləməyəcəkdir, harada şikayət edirsə etsin. Məcbur olub polisə müraciət etmişdir. Görülən işə yerində baxış keçirilmiş, şöbəyə çağırılmış, söhbət aparılmışdır. Onunla aparılan söhbətdən sonra cavabdeh bir neçə dəfə onlara gəlmişdir. Xahiş etmiş ki, şikayət etməsinlər, hazırda imkanı yoxdur, bir müddət sonra pulu ödəyəcəkdir. Ancaq cavabdeh 2019-cu ildən hazıra kimi yalan vədlərlə aldadır. Məcbur olub ikinci dəfə polisə müraciət etmişlər. Söhbət zamanı yenidən söz vermişdir ki, pulu ödəyəcək. Bu dəfə də onu aldatmış, pulu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə cavabdeh 500 manat avans olaraq aldığı pul, yemək və siqaretə xərclənən 100 manat, 280 manat 2 ton xarab olmuş sementə görə dəyən ziyan pulu, 30 manat dövlət rüsumu və 100 manat ərizənin hazırlanmasına və digər xərclər cəmi 1010 manat borc yaranmışdır və cavabdeh ödənişdən bilərəkdən yayınır. Cavabdehin hərəkətləri səbəbindən yarımçıq tikilini başqa ustaya ikiqat xərcə tamamlaya bilmişlər. Ancaq həmin vəsaiti unibankdan alınan kredit hesabına ödəmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 06 dekabr 2021-ci il tarixli, 2(025)- 1790/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 96 (doxsan altı) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehə yemək və siqaretə xərclənən ümumilikdə 100 manat, eyni zamanda 2 ton xarab olmuş sementə görə 280 manat maddi zərər vurmasını göstərmişdir. Lakin,iddia etdiyi maddi zərərə dair apardığı hesablamaların əsaslandığı faktlar haqqında, yəni bu rəqəmlərin hardan və necə əldə (faktiki mənbələri) olunması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia cavabdehdən 380 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Bundan əlavə idiaçı iddia ərizəsində 100 manat ərizənin hazırlanmasına görə cavabdehdən 100 manat tutulub ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ərizənin hazırlarması üçün 100 manat xərc çəkməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, Azərbaycan Respublikası MPM-nin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-cı, 81-ci və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, döngə 38-də həyat yoldaşı X1 adına 0.06 ha həyətyanı torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsinin mişar daşından, 1-ci mərtəbəsinin divarını çəkmək üçün 2019-cu ildə cavabdehlə danışıq aparmış və razılaşmaya əsasən 500 manata evin divarını çəkməyi öhdəsinə götürmüş, əvvəlcədən isə cavabdeh şəxs 500 manat pulu oğlunun qəza törətməsi səbəbindən ondan almışdır. Binanın divarı çəkilən zaman bünövrəsi hazır olmuşdur. Cavabdeh 1 həftə evin birinci mərtəbəsinin tikintisində işləyərək ətrafı 4 cərgə, 3 pəncərə yerlərinin ətrafında 5 cərgə divar çəkməklə qalan hissəsini tamamlamadan yarımçıq saxlamış, dəfələrlə Cavabdeh işini tamamlanmasını tələb etməyinə baxmayaraq, nəticəsi olmamış, başqa şəxslər üçün işlədiyini ona görə onun üçün işləyə bilmədiyini bildirmişdir. Çalışmışdır ki, cavabdehə verdiyi pula görə işini tamamlasın və o başqa usta ilə yarımçıq işi görməsin. Lakin heç bir nəticəsi olmamışdır. Bir neçə müddətdən sonra isə onun üçün işləməyəcəyini və hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Ona görə də bir neçə dəfə polis şöbəsinə şikayət etmiş və cavabdeh ona demişdir ki, heç yerə şikayət etməsin, hal-hazırda imkanı yoxdur, imkanı olan kimi ondan aldığı pulu ödəyəcək. lakin yenə də onu aldatdığından yenidən polis şöbəsinə şikayət etmiş, araşdırmadan sonra məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd etdiklərinə əsasən Cavabdeh ondan 500 manat binanın divarını çəkmək üçün, əlavə olaraq 100 manat siqaret və yeməyinə, həmin vaxt 2 ton 280 manat(tonu 140 manat) olmaqla daşlaşmış, xarab olmuş sementə görə dəymiş ziyan, 30 manat dövlət rüsumu və 100 manat iddia ərizəsinin hazırlanmasına görə vəkilə verdiyi pul olmaqla, ümümilikdə 1010 manat dəymiş maddi ziyan əvəzinin əvəzinin cavabdeh şəxsdən alaraq ona ödənilməsini xahiş etmiş, Qəbələ Rayon Məhkəməsi isə iddia tələbini qismən təmin edərək əsasən cavabdehə faktiki ödədiyi və onun hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan alınıb verilməsi demək olar təmin olunmamış, çox kiçik bir məbləğ olan ümümilikdə 96 manat pulun ondan alınıb verilməsi təmin edilmişdir. O, iddia ərizəsinə əlavə olaraq bildirir ki, 500 manat pulun ondan alınmasını cavabdeh şəxs etiraf etmiş, lakin tikinti materialı olan sementin zay olması, yemək və siqaretə verilən 100 manata görə isə şahid ifadələri ilə və vəkilə verilən 100 manata görə isə müvafiq qəbzi məhkəməyə təqdim etməklə sübut edə bilər.

11. Cavabdeh şəxsin isə məhkəmə iclasında 106 kv.m. həcmində binanın divarını hörməsinin isə heç bir hüquqi əsası yoxdur və əslində isə binanın uzunluğu 12 m. və eni isə 5 m. olmuş, 1 m. hündürlükdə divar çəkmiş o da təxminən(l2+12+5+5) 34 kv.m. eləyir. Hər kvadratının usta pulu 4 manatdan 34 kv.m. 136 manat eləyir ki, həmin pulun da ümümi puldan çıxılmasına etiraz etmir.

12. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(025)-1790/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma aparılmamışdır. Belə ki, cabadeh razılaşdıqları işi tam yerinə yetirməmişdir. Bundan əlavə cavabdeh onlarda usta işləyərkən o cavabdehə yeməkiçmək, siqaret vermişdir. Hesab edir ki, onun iddiası tam əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Kostitusiyası:

24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadıyə yol verilmir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

18. İddiaçı qətnamənin tam ləğvini tələb etsə də, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi əslində iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

20. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəmənin 06 dekabr 2021-ci il tarixli, 2(025)- 1790/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmələr iddiaçıların əmlakına zərər dəyməklə cavabdehin onların qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.

22. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məıhkəməsi də bu mövqe ilə razılaşır.

23. Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir

25. Üçüncü, Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

26. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

27. Dördüncü, yuxarıda qeyd olunduğu kimi MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

28. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçıya məxsus evin divarını hörməyi öhdəsinə götürmüşdür. Sözügedən şifahi müqaviləyə əsasən İddiaçı Cavabdeh tikilməkdə olan yaşayış evinin divarının hörülməsi üçün 500 manat pul vermişdir. Bu hal işin mübahisəsiz tərəfidir.

29. Cavabdeh götürmüş olduğu öhdəlik üzrə 8 cərgədən ibarət olmaqla ümumilikdə 106 kv.m divarı hörmüşdür. Razılığa görə iddiaçı hər kv.m üçün 4 manat ödəməli idi. Bu hal da iddiaçı tərəfindən məhkəmə zamanı mübahisələndirilməmişdir.

30. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi qismən icra etmişdir. Belə ki, məhkəmə zamanı iddiaçının (birinci instansiya məhkəməsinin icraatı zamanı həmçinin cavabdehin) ifadəsi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 500 manat pul verilmiş, onlar 1 kv.m divarın hörülməsini 4 manatdan razılaşmış və ümumilikdə cavabdeh 106 kv.m divar hörmüşdür. Beləliklə 106 kv.m divarın hörülməsi iddiaçı və cavabdeh arasında olan razılığa əsasən 424 manat (106 X 4) etmişdir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

32. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(025)-1790/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sərlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar