Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-550/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3421.60 manat əsas kredit borcu, 1966.50 manat faiz borcu, 2716.74 manat cərimə borcu olmaqla, cəmi 8104.84 manat kredit borcunun və 101.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 36 faiz olmaqla 24 ay müddətinə 4855 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh3 banka cəmi 8104.84 manat kredit borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 30 yanvar 2023-cü il tarixli, 2(046)- 186/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3421.60 manat əsas kredit borcu, 1966.50 manat faiz borcu, 116.74 manat cərimə borcu olmaqla, cəmi 5504.84 manat kredit borcu və 75.04 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 4855 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin durmuşlar. Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 4855 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Eləcə də, İddiaçı BOKT ASC-nin cavabdehlərdən nisyə alqı-satqı müqaviləsi üzrə 2716.74 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 116.74 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdiyindən, iddia kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3421.60 manat əsas kredit borcu, 1966.50 manat faiz borcu, 116.74 manat cərimə borcu olmaqla, cəmi 5504.84 manat kredit borc və 75.04 manat dövlət rüsumu tutularaq İddiaçı ASC -nin hesabına keçirilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 470.1 və 472.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş birinci instansiya məhkəməsində olan zaman məhkəmə bütün sübutları araşdırmadan yalnız seçmə üsulla bəzi sübutlara qiymət verərək, qətnamə çıxarmışdır ki, bununla da apellyatorun ədalətli məhkəmə hüququnu pozmuşdur. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutlar bir birinə ciddi şəkildə ziddiyyət yaratmasına baxmayaraq, birinci instansiya məhkəməsi nə öz təşəbbüsü ilə, nə də onun xahişini nəzərə almadan iş üzrə sənədlərdəki ziddiyyətin aradan qaldırılması üçün nə heç bir ekspertiza təyin etməmiş, nə də qanunvericilikdə nəzərdə tutulan istənilən digər hərəkəti etməmişdir. İddiaçının təqdim etdiyi sübutlara baxanda da görsənir ki, müxtəlif sənədlərdə faiz borcu müxtəlif rəqəmlərlə göstərilmişdir, borcluya göndərilən pretenziya məktubunda da (19 may 2021-ci il tarixli bildiriş məktubu) müştəridən tələb edilən borcların bir qismi ümumiyyətlə kredit müqaviləsi üzrə heç nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən də görsənir ki, kredit borcu əsas borc, faiz borcu və cərimədən (müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə məbləğinin 0.1% miqdarında hesablanır) ibarətdir. Lakin müştəriyə göndərilən bildiriş məktubunda isə kredit müqaviləsində göstərilən əsas borc və faiz borcundan başqa, kredit müqaviləsində göstərilməyən gecikdirilmiş kredit borcu, gecikdirilmiş kredit borcuna hesablanmış faiz borcu göstərilmişdir. Kreditorun borcludan müqavilədə göstərilməyən meyyar üzrə pul tələb etməsi həm müqavilə hüququna, həm də milli qanunvericiliyə ziddir. İddiaçının iddia ərizəsinə əlavə edilmiş ödəniş qrafikindən görsənir ki, kreditor kredit müqaviləsinə əsasən iddiaçıya yekunda 2025.20 azn faiz borcu qaytarmalı idi. Kreditin tarixindən və hesabdan çıxarışdan görsənir ki, borclu kredit müqaviləsi üzrə 1209.74 azn faiz borcunu qaytarmışdır. Lakin borc haqqında arayışda borclunun iddiaçıya 1966.50 azn faiz borcu qaldığı göstərilir ki, bu da gözlənilən faiz borcundan (815.46 azn) kifayət qədər ciddi qüsurludur. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsinin “1966.50 manat faiz borcu, 116.74 manat cərimə borcu olmaqla, cəmi 5504.84 manat kredit borc” hissəsində ləğv edib, həmin hissədə faiz borcunun 815.46 manat və cərimənin azaldılması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsinin “1966.50 manat faiz borcu, 116.74 manat cərimə borcu olmaqla, cəmi 5504.84 manat kredit borc” hissəsində ləğv edib, həmin hissədə faiz borcunun 815.46 manat və cərimənin azaldılması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsi cavabdehin Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 4855 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh3 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində olan zaman məhkəmə bütün sübutları araşdırmadan yalnız seçmə üsulla bəzi sübutlara qiymət verərək, qətnamə çıxarmışdır ki, bununla da apellyatorun ədalətli məhkəmə hüququnu pozmuşdur. İddiaçının təqdim etdiyi sübutlara baxanda da görsənir ki, müxtəlif sənədlərdə faiz borcu müxtəlif rəqəmlərlə göstərilmişdir, borcluya göndərilən pretenziya məktubunda da (19 may 2021-ci il tarixli bildiriş məktubu) müştəridən tələb edilən borcların bir qismi ümumiyyətlə kredit müqaviləsi üzrə heç nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən də görsənir ki, kredit borcu əsas borc, faiz borcu və cərimədən (müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə məbləğinin 0.1% miqdarında hesablanır) ibarətdir. Lakin müştəriyə göndərilən bildiriş məktubunda isə kredit müqaviləsində göstərilən əsas borc və faiz borcundan başqa, kredit müqaviləsində göstərilməyən gecikdirilmiş kredit borcu, gecikdirilmiş kredit borcuna hesablanmış faiz borcu göstərilmişdir. Kreditorun borcludan müqavilədə göstərilməyən meyyar üzrə pul tələb etməsi həm müqavilə hüququna, həm də milli qanunvericiliyə ziddir. İddiaçının iddia ərizəsinə əlavə edilmiş ödəniş qrafikindən görsənir ki, kreditor kredit müqaviləsinə əsasən iddiaçıya yekunda 2025.20 azn faiz borcu qaytarmalı idi. Kreditin tarixindən və hesabdan çıxarışdan görsənir ki, borclu kredit müqaviləsi üzrə 1209.74 azn faiz borcunu qaytarmışdır. Lakin borc haqqında arayışda borclunun iddiaçıya 1966.50 azn faiz borcu qaldığı göstərilir ki, bu da gözlənilən faiz borcundan (815.46 azn) kifayət qədər ciddi qüsurludur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası faiz və dəbbə puluna münasibətdə aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağlamış olduqları müqavilədə faizlərin ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini yerinə yetirmişdir. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Faiz borcunun ödənilməsi tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə və qanuna uyğun olmuşdur. Maddi imkanın olmamasına görə öhdəliyini icra edə bilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, kredit götürərkən cavabdehə öz maddi imkanları məlum idi, həmin vaxtdan sonra maliyyə vəziyyətinin daha da ağırlaşması onu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir. Məhkəmə kollegiyası dəbbə puluna münasibətdə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlili həmin hissədə də əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu kifayət qədər azaldılmışdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Azərbaycan Respublikası Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutlar bir birinə ciddi şəkildə ziddiyyət yaratmasına baxmayaraq, birinci instansiya məhkəməsi nə öz təşəbbüsü ilə, nə də onun xahişini nəzərə almadan iş üzrə sənədlərdəki ziddiyyətin aradan qaldırılması üçün nə heç bir ekspertiza təyin etməmiş, nə də qanunvericilikdə nəzərdə tutulan istənilən digər hərəkəti etməmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının 4 may 2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 12 iyul 2023-cü il tarixli 9/4802 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə-3432.83 manat, faiz borcu üzrə 1973.88 manat müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borca hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsi Cavabdeh3 mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci Cavabdeh3 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(046)-186/2023 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh3 alınaraq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-550/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-550/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver