Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-551/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı LPO Dəmir Bank ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı LPO Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(046)-1078/2023 nömrəli qətnaməsindən iddiaçı LPO Dəmir Bank ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 589.16 ABŞ dolları kredit borcunun və 30.02 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3200 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə xx.xx.2014- cü il tarixli 1/36/73925938USD nömrəli kassa-məxaric orderinə imza atmaqla 3200 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsdə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASCnin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 3200 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir.
Birinci instansiya məhkəməsində icraat
3. İş üzrə iddiaçı LPO DəmirBank ASC -nin nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, DəmirBank ASC ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti bitmişdir. Onun da bank qarşısında öhdəliyinin müddəti bitmişdir. Buna görə də iddia müddətini tətbiq edib iddianın rədd edilməsini xahiş etmişdir.
5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1078/2023 nömrəli qətnaməsi (hakim İ.Fəttahov) ilə, iddianın təmin edilməməsi, LPO DəmirBank ASC-nin Cavabdeh 589.16 ABŞ dolları əsas kredit borcunun və 30.02 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində iddiaçı, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 3200 ABŞ dolları məbləğində kredit verildiyini qeyd edir. Bundan başqa cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə 3200 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən bankın kassasından alınmasını təsdiq edən kassa məxaric orderini mötəbər sübut kimi məhkəməyə təqdim edir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, lakin kredit neçə gün, ay və il müddətinə verilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdən hesablanmalıdır. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30.02 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 376, 448.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, "Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217, 119.1-ci maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan iddiaçı LPO Dəmir Bank ASC apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 1/36/73925938USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3200 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 3200 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.
12. Göyçay Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirsək görərik ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2023-cü il, saat 1:43 kimi qeyd edilmişdir. (“Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş iddia ərizəsini təsdiq edən sənədin surəti apellyasiya şikayətinə əlavə edilir)
13. Hazırda bank tərəfindən xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və ya korlanması olmuşdur. Həmin xüsusatlar iddia ərizəsində də qeyd edilmişdir.
14. Həmin sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir.
15. Belə ki, kassa məxaric orderindən görünür ki, ödənişin təyinatı ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsidir və cavabdehə 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş 10 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin verilmə tarixi 06 noyabr 2014-cü il tarix, kreditin bitmə tarixi isə 27 aprel 2020-ci il tarixdir. Həmin maliyyə arayışı Əmanətlər Sığortalanması Fondunun səlahiyyətli şəxsi tərəfindən imzalanmaqla möhürlənmişdir.
16. Cavabdeh kredit verilərkən həmin kreditə dair müvafiq məlumatlar bankın “GNİ” sistemində də qeyd edilmişdir. Həmin sistemdən də görünür ki, kreditin verilmə tarixi 06 noyabr 2014-cü il tarix, kreditin bitmə tarixi isə 27 aprel 2020-ci il tarixdir (həmin “GNİ” sistemindən çıxarış şikayətə əlavə edilmişdir). Beləliklə də, kassa məxaric orderi, maliyyə arayışı və “GNİ” sistemindən çıxarışdan kreditin verilmə, bitmə tarixlərinin, müqavilənin nömrəsinin eynilik təşkil etdiyi tam müəyyən olunur. Kredit müqaviləsinin bitmə tarixi xx.xx.2020-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü xx.xx.2023-cü il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni iddia müddətini ötürmədən müraciət etmişdir.
17. Yuxarıdan göründüyü kimi, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir.
18. Bildirir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
19. Beləliklə də, hakim həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədə müvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunan səhv qətnamə qəbul etmişdir.
20. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(046)-1078/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO Dəmir Bank ASCnin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(046)- 1078/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(046)-1078/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırda onda iddiaçı banka aralarında bağlanmış kredit müqaviləsinin olmadığını, iddiaçı bankla aralarında kredit müqaviləsinin hansı müddətə bağlanmasının hazırda xatirində olmadığını göstərmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1078/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
31. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
32. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1078/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixdə Cavabdeh 3200 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı bank iddia ərizəsində həmin məbləğin müəyyən müddətə faizləri ilə birlikdə geri qaytarılması şərti ilə verildiyini göstərsə də həmin məbləğin cavabdehə hansı müddətə və aylıq hansı faiz dərəcəsi ilə verilməsi barədə cavabdehin də imzalamış olduğu müqavilə, yaxud digər bir sənəd təqdim etməmişdir. Cavabdeh isə həqiqətən iddiaçı bankdan kredit məbləğini götürdüyünü, lakin müqavilə müddətinin bitdiyini göstərmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin elektron ərizədən çıxarışda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixinin xx.xx.2023-cü il, saat 1:43 kimi qeyd edilməsi, bank tərəfindən təqdim edilmiş 10 mart 2023-cü il tarixli maliyyə arayışından kreditin verilmə tarixinin 06 noyabr 2014-cü il, kreditin bitmə tarixinin isə 27 aprel 2020-ci il tarixi olmasının görünməsi, bankın “GNİ” sistemindən kreditin verilmə tarixinin 06 noyabr 2014-cü il, kreditin bitmə tarixinin isə 27 aprel 2020-ci il tarixi olmasının görünməsi, iddia müddətinin son gününün xx.xx.2023-cü il tarixi olması, bankın isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni iddia müddətini ötürmədən müraciət etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, tərəfləri arasında yaranan münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.
38. Kollegiya qeyd edir ki, iddiaçı bank tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh 3200 ABŞ dolları məbləğində kreditin verilməsi işin mübahisəsiz halı olmasına baxmayaraq, həmin məbləğin hansı müddətə və hansı faiz dərəcəsi ilə verilməsinə dair cavabdehin də imzalamış olduğu müqavilə və yaxud digər hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddiaçı bank tərəfindən ona kredit məbləğinin verilməsini etiraf etməklə yanaşı kredit müqaviləsinin müddətinin bitməsini əsas gətirərək iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. İddiaçı bankın iddia ərizəsinə əlavə etdiyi hesabdan çıxarışlardan cavabdeh tərəfindən sonuncu ödənişin 28 oktyabr 2019cu il tarixdə aparılması müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin buna dair imzaladığı bir sənəd olmadığı halda, maliyyə arayışlarında və sistemdə kreditin hansı müddətə verilməsinin görünməsi özü-özlüyündə cavabdehin bank qarşısında öhdəliklərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
40. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
41. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
42. Bu baxımdan kollegiya qeyd edir ki, məhkəməyə cavabdehin iddiaçı bank qarşısında əsas borcdan əlavə öhdəliklərinin olmasını təsdiq edən cavabdehin də imzaladığı bir sənəd təqdim edilmədiyindən iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsində məhz 28 oktyabr 2019-cu il tarixinə istinad edilməlidir. İddiaçı bank tərəfindən isə hazırkı iddia ərizəsi 13 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilməklə iddia müddəti ötürülmüşdür.
43. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
44. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.
45. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
46. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
47. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1078/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı LPO Dəmir Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1078/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.