Məhkəmə qərarları › İş №2(107)-553/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-553/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-553/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-678/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 1920,20 manat, cərimə borcuna görə 1200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3150,20 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-678/2019 saylı qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 1775 (bir min yeddi yüz yetmiş beş) manat, cəriməyə görə 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1905 (bir min doqquz yüz beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki halları lazımi qaydada araşdırılmadan, müvafıq maddi və prossesual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmışdır. Belə ki, xx xxxxxx 2017-ci il tarixli müqavilədəki imza ona aid deyildir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsini xahiş etsə də, ekspertiza təyin edilməmişdir. Ona görə də qeyd edilən xüsusatlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)- 678/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)- 678/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən ediliş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, iş üzrə keçirilmiş xx xxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli müqavilədə Təsərrüfat qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olduğu təqdirdə cavabdehin apelyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-678/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-678/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borca görə 1920,20 manat, cərimə borcuna görə 1200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3150,20 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı MMC-dən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar