Məhkəmə qərarları › İş №2(107)-553/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-553/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-553/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait” tələbinə dair tələbinə dair (Açar sözlər: alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021-ci il tarixdə doğulmuş Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin uşaq üç yaşına çatanadək ona baxılmasına görə ana üçün 100 manat məbləğində vəsaitin tutulub ona ödənilməsi və ödədiyi 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki ailə qurmuşdur. Bu münasibətdən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. Sonradan o, Cavabdeh ilə ayrılmışdır. Cavabdeh uşağın saxlanması üçün ona heç bir köməklik etmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin 2(056)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 80 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Bir neçə ay 80 manat alimentlə razılaşsa da, sonradan 80 manat aliment ilə uşağa baxmaqda çətinlik çəkmişdir. Həmin miqdarda aliment uşağın saxlanılması üçün yetərli deyildir. Faktiki nikahdan doğulmuş uşağa o, tək baxır. Cavabdeh uşağın saxlanılmasında ona heç bir əlavə köməklik etməmişdir. O isə heç bir yerdə işləmir. Uşağa tək baxmağa imkanı yoxdur. Uşağına baxmaq cavabdehin də borcudur. Hansı ki, cavabdeh hərbçidir və kifayət qədər yüksək məbləğdə qazanca malikdir. Hazırda cavabdeh alimentdən yayınmaq üçün bir yerdə yaşadığı ailəsinə formal olaraq aliment kəsdirmişdir. Halbuki, cavabdeh hazırda uşaqları və Gülay Eyvazova ilə birlikdə yaşayır və onların ehtiyacını təmin edir. Hesab edir ki, cavabdehin digər uşaqlarına da aliment ödəməsi ilə bağlı istinad etdiyi dəlillər formal xarakter daşıyır. Cavabdehin məqsədi onun uşağına münasibətdə aliment ödəmək yayınmaqdan başqa bir şey deyildir. Hazırda cavabdehin onun uşağına aliment vermək və öz uşaqlarını da saxlmaq üçün kifayət qədər imkanı vardır. Ona görə də cavabdehin birlikdə yaşadığı uşaqlara aliment ödəməsi ilə bağlı bildirdikləri əsaslı deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbi qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il tarixdə doğulmuş Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-321/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğinin həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər faktiki nikah münasibətində olmaqla evlənmiş, onların birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-321/2022 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı Sənan adlı uşağın saxlanılması üçün təyin edilmiş alimentin artırılmasını və uşaq 3 yaşına çatanadək saxlanması üçün əlavə xərcin alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünmüşdür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmuşdur ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən 80 manat alimentin alınmasının müəyyən edilməsi hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab etmişdir ki, hazırda uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Tələbin ana üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tutulması hissəsinə gəldikdə isə, məhkəmə azyaşlı uşağın tərəflərin faktiki münasibətindən doğulması və onlar arasında rəsmi ər-arvad münasibətinin olmaması baxımından hesab edir ki, iddiaçı azyaşlı uşağı Sənanın 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə haqlı olmamışdır. Məhkəmə, həmçinin cavabdehin X8 ilə aralarında olan nikahdan doğulmuş 4 nəfər uşağına Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(046)-660/2021 saylı qətnaməsinə əsasən qazancının və başqa gəlirlərinin ½ hissəsi məbləğində aliment ödədiyinə görə hazırki iş üzrə iddiaçıdan doğulmuş uşağının saxlanmasına görə 80 manatdan əlavə aliment ödəmək imkanının olmaması ilə bağlı bildirdiklərini işin həqiqi hallarına və uşağın qanuni mənafeyinə uyğun hesab etməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Hazırda cavabdehin hər ay 4 nəfər uşaqlarına görə 455 manat məbləğində aliment ödəməsi ilə bağlı istinad etdiyi halllar, iddiaçının uşağına münasibətdə minimal dolanışıq səviyyəsindən aşağı aliment müəyyən olunmasına əsas vermir. Belə ki, cavabdehin iddiaçının uşağına münasibətdə də qazancının ½ hissəsi həddində alimentin müəyyən edilməsi, uşağın mənafeyinə, yəni onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququna ziddir. Belə olan halda cavabdehin qazancının və başqa gəlirlərinin ½ hissəsindən də yuxarı həddə aliment təyin edilməsi, uşağın üstün mənafeyini uyğundur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 50 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünmüşdür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 78, 84.1, 84.2, 1.4, 2.3, 9.4 və 112.1-ci maddəsi, Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cü maddəsi, 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsi, Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 77.1, 233.4-cü ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-321/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 150 manat sabit pul məbləği həddində müəyyən edilmiş və ondan alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğdə pulun ondan alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Uşağı həm ata, həm də ana saxlamalıdır. O, hərbiçidir və aylıq 641 manat əmək haqqı alır. Eyni zamanda da Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-660/2021 saylı qətnaməsinə əsasən Gülay Eyvazova ilə aralarında olan nikah pozulmuş, 07 dekabr 2010-cu il təvəllüdlü övladı X2, xx.xx.2011-ci il təvəllüdlü övladı X7, xx.xx.2013-cü il təvəllüdlü övladı X4 və xx.xx.2020ci il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi onun qazancının və başqa gəlirlərinin yarısının tutularaq X6 verilməsi qət edilmişdir. Hər ay əmək haqqının 455 (dörd yüz əlli beş) manatını Gülay Eyvazovaya aliment ödəyir. Ancaq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamışdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində qeyd etmişdir ki, cavadeh bildirmişdir ki, guya ki, birinci həyat yoldaşından olan dörd övladına aliment ödəyir. Ancaq söylədikləri tamamilə yalandır. Cavabdeh onunla birlikdə yaşadığı vaxtlar həyat yoldaşı Gülay Eyvazova məhkəməyə müraciət edərək dörd övladı üçün Cavabdeh aliment kəsdirmişdir. Lakin ondan ayrıldıqdan sonra Cavabdeh Gülay Eyvazova ilə barışmış və barışdıqdan sonra Gülay Eyvazova ərizə yazaraq Göyçay Rayon İcra və Probasiya Şöbəsində alimentin qarşısını dayandırmışdır. Həyat yoldaşı ilə barışdığını Mingəçevir Şəhər Prokurorluğunda izahat verərkən Cavabdeh və onun həyat yoldaşı Gülay Eyvazova etiraf etmişdir. Bu gün aliment artırılmaması üçün Göyçay Rayon İcra və X9 Eyvazova ərizə yazaraq Cavabdeh aliment borcu olmadığını bildirmişdir. Gülay Eyvazova və Cavabdeh hal-hazırda birlikdə yaşayırlar. Sənədlərlə tanış olan zaman da məlum olmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsindən Cavabdeh qətnamə göndərilən zaman həmin qətnaməni poçt qəbzinə imza ataraq Gülay Eyvazova götürmüşdür. Buda Cavabdehla Gülay Eyvazovanın birlikdə yaşamalarının sübutudur. Müdafiə Nazirliyinə sorğusundan məlum olmuşdur ki, Cavabdeh əmək haqqısından tutularaq Gülay Eyvazovaya heç bir aliment ödənilmir. İcra və X9 Eyvazovanın yazdığı ərizə heç bir əhəmiyyət kəsb etmir. O, isə heç bir yerdə işləmir, kirayədə yaşayır və azyaşlı övladına baxmaqda çətinlik çəkir. Bundan öncə gözəllik salonunda işləmək üçün işə getmiş, Cavabdeh onu döyərək işdən çıxartdırmışdır. Bu gün isə övladına aliment verməmək üçün hər bir qanunsuz yollara əl atır. Odur ki, onun işləməməyini, kirayədə yaşamağını nəzərə alaraq Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş. Cavabdeh məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, müəyyən səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin qeyd edilən hallarla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə iclasının təxirə salınmasına lüzum görməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanun: “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh Eyvazov X3 Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsini ləğv edilməsinin və iddia tələbinin rədd olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı tam həcmdə mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətində olmaqla evlənmiş, onların birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-321/2022 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin X8 ilə aralarında olan nikahdan doğulmuş 4 nəfər uşağına Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(046)- 660/2021 saylı qətnaməsinə əsasən qazancının və başqa gəlirlərinin ½ hissəsi məbləğində alimentin ödəməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət bu hissədə əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, uşağı həm ata, həm də ana saxlamalıdır. O hərbiçidir və aylıq 641 manat əmək haqqı alır. Eyni zamanda da Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-660/2021 saylı qətnaməsinə əsasən Gülay Eyvazova ilə aralarında olan nikah pozulmuş, 07 dekabr 2010-cu il təvəllüdlü övladı X2, xx.xx.2011-ci il təvəllüdlü övladım X7, xx.xx.2013-cü il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi onun qazancının və başqa gəlirlərinin yarısının tutularaq X6 verilməsi qət edilmişdir. Hər ay əmək haqqının 455 (dörd yüz əlli beş) manatını Gülay Eyvazovaya aliment ödəyir. Ancaq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Hazırda cavabdehin hər ay 4 nəfər uşaqlarına görə 455 manat məbləğində aliment ödəməsi ilə bağlı istinad etdiyi halllar, iddiaçının uşağına münasibətdə minimal dolanışıq səviyyəsindən aşağı aliment müəyyən olunmasına əsas vermir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alınaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(051)-231/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar