Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-554/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı və onun vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 24 oktyabr 2024-cü ildə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində borcun və 123 manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən etibar etdiyi Cavabdeh 11000 manat borc pul verilmişdir. Qeyd olunan bu məbləğ verilərkən cavabdeh həmin borcu alması və qaytaracağı barədə “qəbz” yazıb iddiaçıya vermişdir. Lakin, bu günə qədər iddiaçının dəfələrlə etdiyi müraciəti, xahişləri və telefon danışıqları heç bir səmərə verməmiş və cavabdeh aldığı borc pulu qaytarmamışdır. Ona görə də, cavabdehlə bu mübahisəsi qarşlıqlı qaydada həll olunmadığından, iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi “11000 manat məbləğində borcun verilməsi” ilə əlaqədar Cavabdeh adından əlyazma yazı ilə yazılaraq imzalanmış və iddia ərizəsində “borc barədə qəbz” adlandırılan “A4” vərəqində yazılmış əlyazma mətn iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur (iş vərəqi: - 4; 34). Hazırkı iddia ərizəsi üzrə birinci instansiya məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra iddiaçı tərəf 24 dekabr 2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 400 manat məbləğində ödəniş edildiyinin nəzərə alınaraq, 10600 manat məbləğində borcun və 123 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqi: - 33).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 24 dekabr 2024-cü il tarixli 2(039)- 2688/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh 10600 (on min altı yüz) manat borc pul və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, öz adına kredit götürə bilmədiyinə görə məcbur qalaraq İddiaçı 2024-cü ilin əvvəllərində ayı 12 faizdən hesablanmaqla 11000 (on bir min) manat pul götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra ödəniş edə bilməmiş və ödənişləri dayandırmışdır. Bundan sonra möcud borca dair qəbz yazaraq iddiaçıya vermişdir. Ödəniş edə bilmədiyinə görə iddiaçı onu şantaj etməyə başlamışdır. 2024-cü ilin oktyabr ayında isə bankdan kredit götürmüş və iddiaçıdan aldığı pulu tam şəkildə ona qaytarmışdır. Lakin pulu qaytaran zaman iddiaçıdan bu barədə qəbz almamış və pulu qaytaran zaman yanlarında heç kim olmamışdır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 11000 (on bir min) manat borc pul götürdüyünü, pulu birdəfəyə verməyə gücü çatmadığını, payıza kimi hər ay 100 manat, payızdan sonra isə hər ay 200 manat qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2024-cü ilin əvvəllərində İddiaçı 11000 manat borc pul almış, mövcud borca dair qəbz yazaraq iddiaçıya vermiş, borcundan 400 (dörd yüz) manat qaytarmış, lakin qalan borcunu qaytarmaqdan yayınmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan borcunu qaytarmamış və buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları dinlənilmişdir. Lakin məhkəmə hesab edir ki, həmin səs yazıları iddiaçı tərəfindən cavabdehə pulun faizlə verilməsinin təsdiqi üçün kifayət deyildir. Belə ki, cavabdeh tərəfindən yazılmış və məhkəmə iclasında tədqiq edilmiş qəbzdən də müəyyən edilir ki, cavabdeh həmin qəbzdə iddiaçıdan borc aldığını göstərmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı pulu tam şəkildə qaytardığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə göndərdiyi vəsatətdən isə cavabdehin borcundan cəmi 400 (dörd yüz) manat qaytardığı müəyyən edilir. Məhkəmə iddiaçının məhkəməyə göndərdiyi vəsatətlə əlaqədar qeyd edir ki, həmin vəsatətdə iddiaçı “Cavabdeh tərəfindən 400 manat ödəniş edildiyinin nəzərə alınaraq 10600 manat pulun və 123 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini” xahiş etsə də, MPM-nin tələblərinə uyğun olaraq verilmədiyində həmin vəsatət “iddianın həcminin azaldılması” kimi qəbul edilə bilməz. Buna görə də, məhkəmə iddiaya 11000 (on bir min) manat borc və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu tələbi həcmində baxmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 390.1, 425.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 106.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(039)-2688/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-2688/2024 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(039)-2688/2024 saylı qətnamə qəbul olunarkən Mülki Prosessual Məcəllənin və Mülki Məcəllənin tələbləri pozulmuş, məhkəmə qanuna əsaslanmayan qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ona qarşı pul tələbinə dair dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ondan 11000 manat borc məbləğinin və 123 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-2688/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş və ondan 10600 manat borc pul və 123 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə ilə tanış olduqda məlum olmuşdur ki, qətnamə heç bir qanuna əsaslanmamış və lazımi qaydada əsaslanmadan çıxarılmışdır. O, dəfələrlə onun tərəfindən olan borcun ödənilməsini bildirməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə, sözügedən qəbzdə olan imzanın və xəttin ona aid olub-olmamasını yoxlamamışdır. O, həmin qəbzi görməmişdir. Əgər qəbz ona nümayiş olunsa, o, sözügedən imzanın ona məxsus olub-olmamasını dəqiq bilərdi. Çünki, o, məhkəmədə də bildirdiyi kimi, pul tam olaraq ödənildikdən sonra iddiaçı olan İddiaçı onun gözünün qarşısında onun tərəfindən yazılmış qəbzi cırmışdır. Cırılmış qəbz necə bərpa olundu? Həmin qəbz rəngli qələmlə yazılmışdı. Lakın hazırda ortalığa qəbz çıxır. İkincisi, iddia ərizəsində ümumiyyətlə əsaslanma yoxdur. İddiaçı tərəf isə məhkəməyə gəlməmiş və öz tələbini əsaslandırmamışdır. İddiaçının iddia ərizəsində əsaslanma olmamasına, iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, hakim özü iddiaçının əvəzinə iddianı əsaslandırmış və vəkil kimi müdafiə etmişdir. Üçüncüsu, iddiaçı məhkəmə iclasına gəlmədikdə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, hakim iddia ərizəsini baxılmamış saxlayır. İddiaçı tərəf məhkəməyə gəlməmiş və o, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Lakin, iş isə baxılmamış saxlanmamışdır. Hakim hansı maraqdan işə baxmış və mahiyyəti üzrə qətnamə çıxarmışdır? Belə ki, o, elektron sistemdə iddiaçının adından hər hansı ərizə görməmişdir. Məhkəmələr elektron sistemə əlavə olunmamış və elektron karguzarlıqda qeydiyyatdan keçməmiş ərizələri rəsmi saya bilməz və sonradan işə əlavə etməməlidir. Hakim əsassız olaraq işi araşdırmadan və onun vəsatətlərini nəzərə almadan 2 ay içində tələsik qətnamə çıxarmışdır. Bu cür işlərdə, işə baxılması müddəti 4 ay olmasına baxmayaraq, hakim 2 ay müddətində işə baxaraq qətnamə çıxarmışdır. Halbuki, şikayətində yazdığı bu sözləri və vəsatətləri məhkəmədə də bildirmişdir. Dördüncüsü, məhkəmə proessual pozuntu etməklə, onun vəsatətlərini nəzərə almamış, tələsik qətnamə çıxarmış, iş üzrə xətşünaslıq ekspertizası keçirməmiş və ən maraqlısı isə xx.xx.2024-cü ildə iddianı qismən təmin etməsinə dair qətnamə çıxarsa da, elektron sistemdə olan tələbin azalması barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda hakim hansı səbəbdən iddianı qismən təmin etmişdir? Əlbəttə bu işin lazımi qaydada araşdırılmamasının və qanunsuz qətnamənin səbəbi və nəticəsidir. Bundan əlavə sözügedən tələbin təmin olunması üçün 121,8 manat dövlət rüsumu tutulmalı olan halda, hansı səbəbdən 123 manat dövlət rüsumu tutulması yazılmışdır. Yenə də bildirir ki, bu işin araşdırılmamasının nəticəsidir. Hakim qətnaməni araşdırmamış və ümumiyyətlə oxumamışdır. Bunlardan əlavə iş materiallarına əlavə olunmuş sənədlər elektron sistemə əlavə olunmamışdır. İş materiallarına əlavə edilməli olan qəbz ona göstərilməmiş və tarixi bildirilməmişdir. Əgər qəbzin tarixi ona bildirilərsə, bəlkə elə müddət keçib? Onun ümumiyyətlə qəbzdən xəbəri yoxdur və məhkəmədə bu qəbzi lazımi qaydada mübahisələndirməyə imkan verməmişlər. Hakim qətnamə çıxararkən sübutlara deyil, qanunla nəzərdə tutulmayan öz daxili inamına əsaslanmışdır. MPM-nin və Mülki Məcəlləsinin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür. Qanunvericiliyin tələbindən də bilindiyi kimi, iş üzrə tərəfin pul tələb etməsi üçün ya öhdəliyin olması və ya deliktlərdən əmələ gələn hüquq pozuntusu olmalıdır. Hazırki iş üzrə deliktdən söhbət gedə bilməz. Öhdəliyin olması üçün isə müqavilə olmalı və tərəflər sözügedən müqaviləni imzalamalıdırlar. Onun yuxarıda da qeyd etdiyi kimi, onların arasında müqavilə olmamış, onun tərəfindən sözügedən borc ödənilmiş və onun tərəfindən yazılmış qəbz gözünün qabağında iddiaçı tərəfindən cırılmışdır. Birinci instansiya məhkəməsində təqdim etdiyi video olan diskdən də göründüyü kimi, iddiaçı pulu tələb etmək üçün qanunla və ya hazırda təqdim etdiyi qəbzlə deyil, hədə-qorxu ilə və özünü öldürəcəyi ilə hədələməklə almaq istəyirdi. Sonradan bu qəbz ortalığa çıxdı və guya onun borcu olmuş kimi qətnamə qəbul olundu. Hazırki iddia tələbi və onun əsasında çıxarılmış qətnamə tam əsassız və qanunsuzdur.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 09 sentyabrr 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına İddiaçı və onun vəkili Vəkil gəlsələr də, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram göndərmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini, Cavabdeh iş üzrə 03 iyul 2025-ci ildə keçirilmiş məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayəti ilə əlaqədar izahat verməsini, hazırkı teleqrama iclasa gəlməməsinin səbəblərinin üzürlü olmasını təsdiq edən sübutları əlavə etməməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh iştirakı olmadan iş üzrə məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)- 2688/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini – Cavabdeh qaytarılması şərti ilə 11000 manat məbləğində pulu borc verərək, cavabdehdən həmin pulun əvvəlcə hər ay 100 manat, daha sonra isə hər ay 200 manat olmaqla qaytarılması barədə yazılı qəbz almasına baxmayaraq, cavabdehin həmin borcdan cəmi 400 manat qaytardığını və borcun qalan hissəsinin isə cavabdehin müxtəlif bəhanələrlə hal-hazıradək qaytarmaması ilə əsaslandırmışdı. Apellyasiya şikayəti üzrə 03 iyul 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak etmiş apellyasiya şikayətini vermiş Cavabdeh həmin iclasda verdiyi izahatında Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdi. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 03 iyul 2025-ci ildə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh iştirakı ilə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 03 iyul 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri və Cavabdeh izahatı nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə mülki iş üzrə məhkəmə- xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizadan “Əsli 2(107)- 554/2025 nömrəli mülki işin 34-cü səhifəsinə tikilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində borc barədə “qəbz” kimi qiymətləndirilən “A4” vərəqində yazılmış əlyazma mətn (mətn bütünlüklə), mətnin sonundakı “Cavabdeh” sözləri və “Cavabdeh” sözlərinin qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdurmu və həmin imza və mətnin icra olunduğu əlyazma xətt onun imzası və xətti ilə eynilik təşkil edirmi ?” sualının aydınlaşdırılması xahiş olunmuşdur. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01 avqust 2025-ci il tarixli 4/1153 nömrəli X3 hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(107)-554/2025 nömrəli mülki işin 34-cü vərəqində Cavabdeh adından olan borc qəbzindəki yazılar və həmin yazıların aşağı hissəsində “İmza” yazısının qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur (Rəydə həmin ekspertiza tədqiqatının dəyərinin 110 (yüz on) manat məbləğində olduğu qeyd edilmişdir).
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-2688/2024 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsinin” xahiş olunması və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... . 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, Cavabdeh iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış və birinci instansiya məhkəməsinin qətnaməsində borc barədə “qəbz” kimi qiymətləndirilən “A4” vərəqində yazılmış əlyazma mətndə yazılmışdır ki, “Mən, Cavabdeh İddiaçı 11000 (on bir min) manat borc pul götürdüm, hər ay 100 manat payıza kimi qaytarmaq şərti ilə. Payızdan sonra 100 manatı 200 manat qaytaracam. Pulu tam verməyə gücüm çatmır. Azaz qaytarmaq şərti ilə pulu qaytaracam. Pulu borc götürmüşəm.” Cavabdeh həmin “qəbz” adlanan mətnin onun tərəfindən “yazılmaması və imzalanmaması” barədə mövqeyi ilə əlaqədar apellyasiya instansiyasında müvafiq qaydada keçirilmiş məhkəmə-xətşünaslıq eksperizasının 01 avqust 2025-ci il tarixli 4/1153 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2(107)-554/2025 nömrəli mülki işin 34-cü vərəqində Cavabdeh adından olan borc qəbzindəki yazılar və həmin yazıların aşağı hissəsində “İmza” yazısının qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Yəni, həmin ekspertiza rəyi ilə cavabdehin hazırkı iddia tələbinə qarşı “qəbz”lə bağlı etirazı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, işin konkret hallarına görə İddiaçı Cavabdeh 11000 manat borc pul alması öz təsdiqini tapmış və hətta, bununla bağlı sonuncu tərəfindən yazılaraq imzalanmış yazılı “qəbzdə” həmin borcun qaytarılma şərtləri də təsbit olunmuşdur. Lakin, hazırkı iddia ərizəsi üzrə birinci instansiya məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 24 dekabr 2024-cü il tarixli yazılı vəsatətində göstərilir ki, Cavabdeh tərəfindən 400 manat məbləğində ödəniş edildiyindən, onun 10600 manat məbləğində borcu qalmışdır. Cavabdehin “11000 manat məbləğində aldığı borcu Bankdan kredit alaraq iddiaçıya tam qaytarması” barədə izahatı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, İddiaçı Cavabdeh vermiş olduğu 11000 manat məbləğində borcun qaytarılmamış hissəsi olan 10600 manat məbləğində pulun tutulması hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmış və sübut olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi - iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməli və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 110 (yüz on) manat məbləğində pul vəsaiti isə apellyasiya şikayətini vermiş Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2(039)-2688/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.