Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-558/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)- 43/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmış və Cavabdeh üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 3, ev 4də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur.
2. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.
3. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli "Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, Cavabdeh oğlunda olan “Attenti V6” mobil qurğusunun texniki baxışın nəticəsində ana platada antena pinlərinin qırıldığı, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu göstərilmişdir.
4. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli, ED-M-96-21 nömrəli məktubun surətindən görünür ki, 1 ədəd sadə elektron qolbağın, 1 ədəd mobil nəzarət qurğusunun, 1 ədəd elektrek adapterin və 1 ədəd proqram lisenziyasının qiyməti ƏDV ilə birlikdə 2277,40 manat təşkil edir.
5. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, 20 Yanvar küçəsi, ev 4-də yaşayır.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277,40 manat pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)-43/2022 saylı hökmü ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)-43/2022 saylı hökmünün icrası ilə əlaqədar 10 avqust 2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı, 078CE11636 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı, 35654272 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir, habelə, məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin, yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş 10 avqust 2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. 05 dekabr 2023-cü il tarixdə məhkum Cavabdeh alınmış izahatda məhkum mobil qurğunun yararsız hala saldığını etiraf etməmiş, lakin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən mobil qurğuya 28 noyabr 2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı mobil qurğunun ana platasında antena pinlərinin qırılması, təmiri mümkün olmayaraq istifadəyə tam yararsız olduğu göstərilmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277,40 manat təşkil etdiyi bildirilmışdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə əlaqədar şöbədə qeydiyyata götürülərək sadə elektron qolbaq, mobil nəzarət qurğusu və enerşi toplayıcı ona təhvil verilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız hala salmamış, mobil nəzarət qurğusu qüsurlu olmuşdır, bu barədə icra məmuruna şifahi qaydada məlumat da vermişdir.
10. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh zərərə görə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq X1 hesabına ödənilməsi, Cavabdeh dövlət rüsumuna görə 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Cavabdeh izahatında ona verilmiş mobil nəzarət qurğusunun yararsız hala salmadığını bildirsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bunun təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir, odur ki, onun etirazı əsaslı hesab edilə bilməz.
12. Məhkəmə bu nəticəyə gəlmişdir ki, 2277,40 manat miqdarında maddi ziyana görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq X1 hesabına ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3, 15-2.4 və 15-2.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1 və 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)- 132/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ucar Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yekun olaraq, iddianın rədd edilməsi barədə nəticəyə gələrkən qanuni əsas kimi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3cü, 15-2.4-cü, 15-2.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1097.1-ci maddələrinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, Ucar rayon Məhkəməsinin 23 iyun 2022-ci il 1(063)-43/2022 saylı hökmü ilə Azərbayacn Respublikası CM-nin 234.1-ci maddəsiində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdılması cəzasıba məhkum edilmişdir. 10 avqust 2022-ci il tarixdə protokol tərtib edilərək ona bir ədəd mobil nəzarət qurğusu bir ədəd elektron qolbaq bir ədəd elektron qolbaq üçün enerji bankı quraşdırılaraq təhvil verilmişdir. İddiaçı 05 dekabr 2023-cü il tarixdə akt tərtib edərək qeyd etmişlər ki, cavabdeh lazımınca məsuliyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşməklə onlara maddi ziyan dəymişdir. Birinci məhkəmə instansiyası nəzərə almamışdır ki, o, həmin elektron mobil nəzarət qurğusunu qəsdən xarab etməmişdir. Qeyd etdiyi kimi elektron nəzarət qurğusu qüsurlu olduğuğu, keyfiyyətli olmadığı üçün xarab olmuşdur. Buna görə o, bir neçə dəfə İddiaçınə dəfələrlə məlumat vermişdir. Ancaq laqeyidlik edib heç bir tədbir görmədilər ancaq ona (cavabdehə) qarşı ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə olan təqdirdə İddiaçınə ziyanı cavabdeh tərəfindən yox dövlət tərəfindən ödənilməlidir. Ucar Rayon Məhkəməsi bunu nəzərə almadan əsassız və qanunsuz qətnamə çıxarmışdır. Bu isə subut edir ki, birinci məhkəmə instansiyası iddianın təmin edilməsində maraqlı olmuş, maddi hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi.
21. Maddə 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.
22. Maddə 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.
23. Maddə 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi.
24. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ucar Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 1(063)-43/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmış və Cavabdeh üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 3, ev 4-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. 10 avqust 2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 28 noyabr 2023-cü il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında antena pinlərinin qırılması, təmirinin mümkünsüz olduğu, istifadəyə tam yarasız olduğu müəyyən edilmiş, habelə həmin yararsız vəziyyətə düşən avadanlığın qiyməti 2277,40 manat təşkil etmişdir.
47. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Cavabdeh izahatında ona verilmiş mobil nəzarət qurğusunun yararsız hala salmadığını bildirsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bunun təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir, odur ki, onun etirazı əsaslı hesab edilə bilməz.
48. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
49. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir.
50. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir.
51. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
53. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
54. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
57. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
59. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (42-ci paraqraf). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tаrixli, 2(063)-132/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov