Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-560/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(037)-784/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2020-ci il tarixli, e- 2(037)-784/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2144.97 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2174.97 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. İşin halları Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 2144.97 manat əsas borc, 1182.25 manat faiz borcu, 1045.74 manat cərimə, 325.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 4698.46 manat kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 0222/15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Cavabdehlərdən 2144.97 manat əsas borc, 1182.25 manat faiz borcu, 1045.74 manat cərimə, 325.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 4698.46 manat kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 0222/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 24 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit borcunu bir müddət hər ay vaxtlı-vaxtında ödəsə də, sonradan kredit götürdüyü bank bağlandığından borcunu ödəyə bilməmişdir. Kredit borcunun necə ödənilməsi barədə məlumat əldə etmək istəsə də, nəticəsi olmamışdır. İddiaçı tərəfindən ona ayrılmış kredit məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, iddiaçı tərəfindən ona qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması üçün bildiriş göndərilməmişdir. O, 2144.97 manat kredit borcunun 60 ay müddətinə restrukturizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmiş və ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə ləğv prosesində olan "İddiaçı" ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. İddia tələbini qismən - 2144.97 manat əsas borc məbləğinə dair hissədə etiraf edir və həmin borc məbləğini yaxın vaxtlarda iddiaçıya ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(037)-784/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehlərdən tələb edilən məbləği əsassız olaraq təmin etməmişdir. Belə ki, iddia tələbi Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsaslanır. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarlarının tələblərini də nəzərə almamışdır. İddia tələbinin əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması təşkil edir. İddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehlərdən tam tutulmalıdır. Qəbul edilmiş qətnamə ilə iddiaçının maddi və prosessual hüquqları pozulmuşdur. Bu səbəbdən həmin qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bu səbəbdən hesab edirlər ki, həmin qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli, e-2(037)-784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli 0222/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən "İddiaçı" ASC tərəfindən birinci cavabdehə illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli 0222/15/01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "İddiaçı" ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli **********831 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli **********945 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli 0222/15 nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxxxxx 2020-ci il tarixinə yaranmış ümumi borcu 4698.46 manat məbləğində olmuşdur. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh1 2144.97 manat qalıq borcu qalmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, birinci cavabdeh 2144.97 manat kredit borcunun 60 ay müddətinə restrukturizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, ərizə xx xxxxxxx 2020-ci il tarixdə ləğv prosesində olan "İddiaçı" ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən, xx xxxxxxxx 2015-ci il tarixli 0222/15 nömrəli kredit müqaviləsi üzrə birinci cavabdehdən 2144.97 manat əsas borcun tutulmasına dair hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 0222/15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə ikinci cavabdeh arasında xx xxxxxxxx 2015-ci il tarixli 0222/15/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və üzərində 2144.97 manat qalıq borcu saxlanılmışdır. Birinci cavabdeh 2144.97 manat kredit borcunun 60 ay müddətinə restrukturizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, ərizə xx xxxxxxx 2020-ci il tarixdə ləğv prosesində olan "İddiaçı" ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada 2144.97 manat əsas borc, 1182.25 manat faiz borcu, 1045.74 manat cərimə, 325.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 4698.46 manat kredit borcu və 30 manat dövlət rüsumunu tələb edir. Birinci cavabdeh iddia tələbini qismən - 2144.97 manat əsas borc məbləğinə dair hissədə etiraf edir və həmin borc məbləğini yaxın vaxtlarda iddiaçıya ödəyəcəyini bildirir. İkinci cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsinin tələbi baxımından hesab etmişdir ki, iddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, 0222/15 nömrəli kredit müqaviləsi üzrə 2144.97 manat əsas borc, 1182.25 manat faiz borcu, 1045.74 manat cərimə, 325.50 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 4698.46 manat kredit borcunu ikinci cavabdeh (zamin) Cavabdeh2 tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 24 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh-zaminə qarşı iddianı borcun ödənilməsi müddətinin bitdiyi xx xxxxxxxx 2017-ci il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək, yəni ən geci xx xxxxxxxx 2019-cu ilədək qaldıra bilərdi. İddiaçı cavabdeh-zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan "İddiaçı" ASC-yə xx xxxx 2019-cu il tarixinə kredit borcu üzrə restrukturizasiya məbləği 2144.97 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqindən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 aralarında yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət etmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi yaranmış borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, istinad edilən Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Həmin Fərman kreditlərin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin iddiaçı tərəfindən restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə gəlməsinin arqumentləri ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Digər tərəfdən, işdən görünür ki, cavabdeh qalıq (əsas) borcun restrukturizasiya olunmasını istəmiş, lakin iddiaçı bundan ötrü cavabdehə bildiriş verməmiş, cavabdehi yeni güzəştli müqavilə bağlamağa dəvət etməmiş, əksinə, cavabdeh belə müqavilə bağlamaq təşəbbüsündə olub iddiaçıya ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, indiyədək qalıq borcun restrukturizasiya olunmamasında və yeni güzəştli kredit müqaviləsinin bağlanmamasında cavabdehin təqsiri olmamışdır. Ona görə də hazırkı mübahisəli kredit borcuna münasibətdə xx xxxxxx 2019-cu il tarixli Fərmanın tətbiqinin və Fərmandan irəli gələn tələblərin icrasının gecikdirilməsinə görə məsuliyyət cavabdehin deyil, iddiaçının üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(037)-784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2(037)-784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-560/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-560/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver