Məhkəmə qərarları › İş №2(107)-567/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-567/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-567/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-323/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat və mediasiya üçün ödədiyi 50 manat məbləğinin tutularaq iddiaçı Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat aliment tutulub Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Cavabdeh hər ay cəmi 160 manat ödəsə də, uşaqlar böyümüş, xərcləri artmışdır.

Birinci instansiya məhkəməsində icraat;

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh onun oğludur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat aliment tutulub Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Qət edilən aliment məbləğini oğlu çətinliklə ödəyir. Oğlu Elşad xəstədir, İİ qrup əlildir və 320 manat məbləğində pensiya alır. Qeyd edilən alimenti həmin pensiyadan ödəyir. Maddi imkanı yoxdur ki, aliment məbləğinin daha da çox ödəsin. Ona görə də alimentin məbləğinin artırılmasına narazıdır.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-323/2024 nömrəli qətnaməsi ilə, (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manatın, cəmi 280 (iki yüz səksən) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, İddiaçı 16 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X12 doğulmuşdur. Sonra Cavabdeh ilə Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı arasında rəsmiləşdirilmiş nikah Mingəçevir şəhər Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixində №244 akt qeydi ilə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat aliment tutularaq Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Sonradan Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit aliment tutulmasını xahiş edir, cavabdeh etiraz edir, bildirir ki, ikinci dərəcə əlilliyə görə pensiyası alır, ikinci dəfə ailə qurmuşdur, ikinci nikahından olan övladına da aliment ödəməsi barədə barışıq sazişi bağlamışdır. Bu iş üzrə aliment artırılarsa ödəyə bilməyəcəkdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2017-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Eyni zamanda məhkəmə cavabdehin ikinci nikahından olan uşağın mənafeyini də nəzərə alır.

8. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaqlar üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay hər uşağa 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü və 8.14-cü bəndlərinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə şablon ifadələrlə yazılmışdır və onun ailə və ya maddi vəziyyəti, həmçinin iddiaçının da maddi vəziyyəti tamamilə araşdırılmamışdır. İddiaçı işləmədiyini bildirmişdir, lakin Bakı şəhərində kirayə məzildə qalır və orada işləyir. Əgər işləməsəydi nə kirayədə qala bilərdi, nə də Bakıda yaşaya bilərdi. İddiaçı onun səhhətində olan problemlərlə əlaqədar ondan boşanmışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı başından aldığı xəsarətlə əlaqdar 2-ci qrup əlildir. Ona daim nəzarət və baxım tələb olunur. Çünki özünü tam olaraq idarə edə bilmir. Həmçinin “Qarabağ qaziləri” Birliyinin üzvüdür. 2-ci qrup əlil olmağıyla bağlı dövlət tərəfindən 320 manat pensiya ilə təmin edilmişdir. 160 manat aliment həmin pensiyasına yönəldilməklə bu günədək ödənilirdi. Bundan əlavə o, ikinci dəfə X6 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 2020-ci il təvəllüdlü Sevinc Səmədova dünyaya gəlmişdir. Sağlamlığı yerində olmadığı üçün ailələni dolandıra bilmir. Yalnız dövlət tərəfindən 320 manat pensiya alır və qardaşları bəzən maddi yardım edirlər. Ailəni dolandıra bilmədiyi üçün aralarında olan qarşılıqlı razılıqla ikinci həyat yoldaşı Səmədova Nuranə ilə ayrıldı və barışıq sazişi ilə ona hər 250 manat ödəmək öhdəliyi üzərinə qoyulmuşdur. Özünə baxmaqda çətinlik çəkir. Xəstə olduğu üçün gərək ona nəzarət olunsun.

13. Mingəçevir şəhər məhkəməsinin qətnaməsində onun Azərbaycan Respublikasının müdafiəsi zamanı başından aldığı xəsarətlə əlaqdar əlil olduğu üçün əmək pensiyası aldığı, ikinci həyat yoldaşı Nuranə Səmədovaya aliment vermək öhdəliyi aralarında olan barışıq sazişində göstərilsə də, alimentin miqdarı müəyyən edilərkən bu halların heç biri nəzərə alınmamışdır. Bununla da məhkəmə dövlət adından əsassız qətnamə çıxarmaqla onunla tamamilə ədalətsiz davranmışdır. Çünki onun dövlət tərəfindən aldığı əmək pensiyasının miqdarı elə 320 manatdır. Həmin 320 manat pensiyanın tamamı alimentə ödənilsə, 2-ci həyat yoldaşından anadan olmuş az yaşlı qızı Sevinc Səmədovanın maddi vəziyyətinin təmin edilməsi mümkün olmayacaq və digər tərəfdən öz həyat şəraiti çətinləşəcək. Bu halda gərək dövlət tərəfindən onun öz yaşamağı üçün əlavə yardım ayrıla.

14. İddiaçı Qormaz qızı Bakı şəhərində işləyir və maddi vəziyyəti yaxşıdır. Qanunun tələbinə əsasən uşaqlara baxmaq hər iki valideynin borcudur. O, xəstə və əlil olduğu halda öz övladlarına əlilliyi ilə bağlı müavinətini verməklə köməklik edir, lakin daha artığını bacarmır. Buna görə də ikinci həyat yoldaşı da onu tərk etmişdir. Ona bəzən qardaşları maddi yardım edir. Belə vəziyyətdə olduğu halda artırılmış alimenti ödəyə bilmir. Əgər alimentin miqdarı azaldılmasa, onun üzərinə gələcəkdə çoxlu miqdarda aliment borcu yiğilacaq. Məhkəmə ədalətli araşdırma aparmaqla düzgün qiymət verirdisə, alimentin miqdarı artırılan zaman digər az yaşlı uşağı və aldığı 320 manat pensiya nəzərə alınmalı və həmçinin 320 manat pemsiya 3 uşağı arasında bərabər bölünməli idi. Çünki 2024-cü il üçün bir uşağa görə yaşayış minimumu 235 manat müəyyən edildiyi halda onun isə aldığı müavinət 320 manatdır. Aylıq qazancı yalnız bundan ibarətdir. Xəstə olduğu üçün bəzən isə qardaşları ona xərclik kimi pul verirlər. İkinci ailəsinin dağılması səbəbi də onun xəstəliyi və pul qazana bilməməsi olmuşdur. İndi isə hər iki həyat yoldaşı onun vəziyyətini bilə-bilə ondan aliment istəyirlər.

15. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən, maddi və ailə vəziyyətini deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürmüşdür. Bununla da araşdırma tam və hərtəfli aparılmadan qətnamə qəbul edilmişdir. Onun məhkəməyə təqdim etdiyi sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməli olduğu halda səbəblər göstərilməmişdir. Yalnız 320 manat pensiya aldığı üçün məhkəmə alimentin miqdarını dəyişmədən də saxlaya bilərdi və ya aşağı da sala bilərdi, bundan başqa aliment ödəməkdən azad edə bilərdi.

16. Birinci instansiya məhkəməsi qismində çıxış edən Mingəçevir şəhər Məhkəməsi alimentin artrılması barədə iddia ərizəsi əsasında qəbul etmiş olduğu qətnaməni, qanunda alimentin miqdarının dəyişdirilərək, artırılması nəzərdə tutulsa da, tətbiq olunduğu hallara görə əsassız hesab edir. Belə ki, Qətnamədə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranmış əlilliyi, bununla əlaqədar aldığı 320 manat pensiya və başqa heç bir işdə işləməməyi, ikinci həyat yoldaşım Nuranə Səmədovadan anadan olmuş az yaşlı uşağı və ona görə ödədiyi aliment haqqında məlumatların araşdırılmaması qəbul edilmiş qətnamənin əsassız olmasını bir daha təsdiq edir.

17. Odur ki, iddiaçının alimentin artırılması ilə bağlı ərizəsi əsasında qəbul edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-323/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-323/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

19. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

24. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, cavabdeh Səmədov X11 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-323/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır. Birinci instanasiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, məhkəmə apellyasiya şikayətinə iddianın təmin edilmiş hissəsinə münasibətdə baxmalıdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur. Münasibətləri pisləşdiyindən Cavabdeh ilə Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı arasında rəsmiləşdirilmiş nikah Mingəçevir Şəhər Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat alimentin tutularaq Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Sonradan Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirmiş və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.

34. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alimentin miqdarı artırılan zaman digər az yaşlı uşağının nəzərə alınmalı olmasına, 320 manat pensiyasının 3 uşağı arasında bərabər bölünməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Cavabdeh ilə üçüncü şəxs X7 arasında 07 noyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişindən görünür ki, Cavabdeh X3 himayəsində qalacaq 21 iyun 2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay X4 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yalnız 320 manat pensiya aldığı üçün aldığı pensiyanın nəzərə alınmalı olması, məhkəmənin alimentin miqdarını dəyişmədən də saxlaya bilməsi, aşağı da sala bilməsi, aliment ödəməkdən azad edə bilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarının aşağı salınması, aliment ödəməkdən azad edilmə məsələləri isə hazırkı mübahisənin predmetini təşkil etməmişlər.

37. Kollegiya həmçinin qeyd edir ki, işdə olan elektron qaydada əldə edilmiş sorğu məlumatlarından tərəflərin birgə nikahlarından olan uşaqlarını himayəsində saxlayan İddiaçı da işləməsi və hər hansı bir qazanca malik olması halı müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla tələbatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

39. Cavabdeh apellyasiya şikayətində iddiaçının tam əmək qabiliyyətli olmasını, onun isə işi və qazancının olmadığını, eyni zamanda Azərbaycan Respublikasının müdafiəsi zamanı başından aldığı xəsarətlə əlaqdar İİ qrup əlil olmasını, ona daim nəzarət və baxımın tələb olmasını, ikinci dəfə X6 ilə birgə nikahından 2020-ci il təvəllüdlü Sevinc Səmədovanın dünyaya gəlməsini və ikinci həyat yoldaşı Səmədova Nuranə ilə ayrılmasını və barışıq sazişi ilə ona hər 250 manat ödəmək öhdəliyini götürməsini bildirsə də, bu hallar onu uşaqlarını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsi diqqətə alınaraq, qət edilmiş aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manatın, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onun saxlanması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manatın, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-323/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-323/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar