Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-571/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Qəbələ Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 23 avqust 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Birgə nikahlarında xx.xx.2014-cü il təvllüdül Nurgün və xx.xx.2017-ci il təvəllüdlü Tunar adlı uşaqları doğulmuşdur. Qəbələr Rayon Məhkəməsinin 2(025)-878/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 08 avqust 2014-cü il təvəllüdlü X5 və 11 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqlarının analarının(hazırki iş üzrə iddiaçının) yanında qalması qət olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi və müalicə xərcləri üçün hər bir uşaq üçün hər ay 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 23 avqust 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə evlənmişlər və nikahları cavabdehin iddiasına əsasən Qəbələ Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(025)-1267/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur və uşaqları 08 avqust 2014-cü il təvəllüdlü X4 və 11 yanvar 2017-ci il təvəllüdlü X6 onun yanında saxlanılmışdır. Lakin hələ nikahları pozulmamışdan əvvəl cavabdeh uşaqların saxlanılması üçün evə hər hansı bir qazanc gətirmədiyinə və uşaqlarla maraqlanmadığına görə o, cavabdehdən aliment tələb etmişdir. Ona görə də məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(025)-878/2020 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək 08 avqust 2014-cü il təvəllüdlü X1 və 11 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər birinin saxlanması üçün hər ay sabit pul məbləğində 125 manat, cəmi 250 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin 2020-ci ildə müəyyən etdiyi 250 manat aliment uşaqların böyüdükləri və xərclərinin artdığı indiki şəraitdə kifayət etmədiyinə görə məhkəmədə alimentin artırılmasına dair iddia qaldırmaq qərarına gəlmişdir. Hesab edir ki, alimentin həcmi 2023cü il üçün uşaqlar üçün müəyyən edilmiş həddə artırılmalıdır. Bundan başqa uşaqlar teztez xəstələnir, ona görə də onların müalicə xərclərinə cavabdehin cəlb edilməsi zərurəti yaranır. Bu səbəbdən ən azı iki il ərzində cavabdehin əlavə xərclərə cəlb edilməlidir. Əlavə xərclər hər bir uşaq üçün hər ay 50 manat təşkil edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı uşaqların tez-tez xəstələndiyini, onun uşaqların müalicə xərclərinə cəlb edilmə zərurətinin yarandığını yazsa da, uşaqlarda hansı xəstəliyin olması (mövsümü xəstəliklərdən başqa), hansı vaxtlarda müalicə olunduqlarını, nə qədər müalicələrinə pul xərclədiyini açıqlamamışdır. Eyni zamanda hal-hazırda müayinə və müalicələrin pulsuz olduğu halda uşaqların müalicəsi üçün əlavə yardım olunması zərurətinin yarandığı barədə iddiaçı hər hansı mötəbər sübut təqdim etmədiyindən və təsdiqini tapmadığından, iddia tələbinin hüquqi əsası da yoxdur. O, rəsmi olaraq işləyir və aldığı əmək haqqı 484 manat təşkil edir. Digər tərəfdən hər ay 200 manatdan artıq kredit ödənişi edir və həmin kreditin ödənişlərini etməkdə çətinlik çəkir. Təyin olunmuş alimenti isə valideynlərinin köməkliyi ilə ödəyir. Tələb olunan məbləğdə aliment ödəmək iqtidarında deyil və cavabdeh də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı Qəbələ şəhər Apayev adına 4 saylı tam orta məktəbdə müəllimə, eyni zamanda sinif rəhbəri vəzifəsində işləyir və bildiyinə görə 600 manat civarında əmək haqqı alır, uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan, qarşı tərəfdə aldığı əmək haqqı ilə uşaqların saxlanılmasında köməklik etməlidir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(025)- 161/2024 nömrəli iş üzrə qəbul etdiyi 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, 08 avqust 2014-cü il təvəllüdlü X4 və 11 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz) manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(025)-878/2020 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 08 avqust 2014-cü il təvəllüdlü X4 və 11 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(025)-878/2020 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 125 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 180 manat, iki uşaq üçün hər ay 360 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay hər bir uşaq üçün 180 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər bir uşağa görə 180 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 440 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananın da vəzifəsi olmasını, iddiaçının özünün də işləyərək aylıq əmək haqqı almasını nəzərə alır. İddiaçının uşaqların xəstəliyi ilə əlaqədar 50 manat aliment tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı uşaqların xəstəliyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 112.1, “Uşaq hüquqları haqqında” Qanunun 3, 13-cü maddələlərinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən, hər uşağa görə 150 manat olmaqla təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin ailə vəziyyəti, maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti(hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi, kreditinin olubolmaması və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Ona görə də, alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutularsa cavabdehin də yaşamağında maddi məhrumiyyətlər yaranacaqdır. Cavabdeh hal-hazırki maddi vəziyyətinə görə hər bir uşağa 150 manat civarında aliment ödəyə bilər. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi və alimentin miqdarının 180 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 fevral 2024cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-571/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-571/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver