Məhkəmə qərarları › İş №2(107)-572/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-572/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-572/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)- 474/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsinə ilə iddia rədd edimiş, iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh 348.87 manat əsas kredit borcu, 44.14 manat faiz borcu, 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumu əvəzinin tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 348.87 manat əsas borc, 44.14 manat faiz borcu, 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 38 faiz dərəcəsi ilə 12 ay müddətinə 800 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT “xxxx” MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehin banka ümumilikdə 427.90 manat kredit borcu qalmışdır. Bundan başqa, bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək BOKT «xxxx» MMC-nin ona qarşı kredit müqaviləsi üzrə 348.87 manat əsas borc, 44.14 manat faiz borcu, 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat məbləğində kredit borcunun qaytarılması tələbi üzrə iddia müddəti bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT “xxxx” MMC tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçısının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır, onu qanunsuz və əsassız hesab edir. Belə ki, borc tələbinə dair iddia ərizəsi qətnamədə qeyd edilən xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsinə verilmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki iş "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərmanının icrası məqsədilə dəqiqləşdirməyə zərurət yarandığından və fiziki şəxslərə bu istiqamətdə möhlət hüququ verildiyindən baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 379.1.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə həmin möhlət (moratorium) müddəti iddia müddətinə daxil olmur. Digər tərəfdən isə, borclunun kredit müqaviləsi üzrə etdiyi ödənişlərdən məlum olur ki, son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla həmin tarixdə 30 manat ödəniş edilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə müvafiq olaraq qeyd edilən ödəniş iddia müddətinin axımının həmin ödəniş tarixindən yenidən başlanması üçün əsasdır. Şərh olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir... Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh 348.87 manat əsas borc, 44.14 manat faiz borcu, 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat məbləğində kredit borcunun və 20 manat məbləğində dövlət rüsumu əvəzinin BOKT “xxxx” ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 38 faiz dərəcəsi ilə 12 ay müddətinə 800 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. İddiaçı BOKT «xxxx» MMC xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə 348.87 manat əsas borc, 44.14 manat faiz borcu və 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat məbləğində kredit borcunun olduğunu iddia edərək həmin borcun cavabdehdən tutulub MMC-yə ödənilməsi üçün müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2015-ci il, bitmə tarixinin xx.xx.2016-cı il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır... Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş, həmin tarixdən sonra borc tələbi üzrə iddia müddətinin axımı başlamışdır. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə müvafiq olaraq əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir... Ona görə də iddia tələbi təmin edilməməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin nəticənin işin faktiki hallarına uyğun olmadığı qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hazırkı tələb üzrə öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixdə sona çatmış və növbəti gündən iddia müddətinin axımı başlamış, iddiaçının xx.xx.2019-cu il tarixədək məhkəmədə iddia qaldırmaq hüququ olmuşdur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən müəyyən olunur ki, onun Cavabdeh qarşı hazırkı tələblə bağlı əvvəlki iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə verilmiş (daxil olmuş) və Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Buna səbəb iddiaçının mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etməməsi və bu qaydanı tətbiq etmək imkanının tükənməməsi olmuşdur. Məhkəmə iddiaçıya təklif etmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanından irəli gələn tələb və tövsiyələr kontekstində mübahisəli kredit borcunun restrukturizasiyası üzrə cavabdehlə razılığa gəlmək üçün müvafiq tədbirlər görülməsini təmin etsin və həmin tədbirlər müsbət nəticə vermədikdə yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. İddiaçı pretenziya qaydasına riayət edəndən sonra yenidən məhkəmədə iddia qaldırmışdır. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi maliyyə sənədindən (borclunun bank hesabından çıxarışdan) görünür ki, borclu (cavabdeh) kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2020-ci il tarixdə etmişdir (həmin tarixdə 30 manat ödəniş edilmişdir). Ondan əvvəl cavabdeh xx.xx.2018-ci il tarixdə 30 manat, bundan əvvəl isə xx.xx.2016-cı il tarixdə 50 manat ödəniş etmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixdə sona çatdıqdan sonra da cavabdeh ödənişlər etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İstinad edilən normaya müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti sona çatdıqdan sonra cavabdehin ödənişlər etməsi onun borcu etiraf etməsini göstərən hərəkətlərdir və öhdəliyin icrası müddəti sona çatdıqdan sonra cavabdeh hər dəfə yeni ödəniş etdikcə həmin ödənişin edildiyi tarixdən iddia müddətinin axımı təzələnmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı xx.xx.2020-ci il tarixə cavabdehin 348.87 manat əsas borc, 44.14 manat faiz borcu və 34.89 manat cərimə borcu olmaqla cəmi 427.90 manat məbləğində kredit borcunun olduğunu iddia edir və həmin borcun ödənilməsini cavabdehdən tələb edir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanında banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanına əsasən, problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı borcluya münasibətdə xx xxxxxx 2019-cu il tarixli Fərmandan irəli gələn güzəştləri tətbiq etməmiş, o cümlədən borclu ilə bağlanmış kredit müqaviləsi restrukturizasiya olunmamış və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Halbuki, restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni kredit müqaviləsini əsas qalıq borca görə bağlamalı idi. Belə olduğu halda banklar istinad edilən Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı tərəfindən restrukturizasiya edilməli olan kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə alınaraq, iddia tələbinin restrukturizasiya edilməli olan, yəni qalıq əsas borc məbləği həddində təmin edilməsi, silinməli olan faiz borcu və cəriməyə aid tələbin isə təmin olunmaması qanuni və ədalətli sayılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası qismən, yəni 348.87 manat əsas kredit borcu məbləğində təmin edilməlidir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə haqlı olmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən - 348.87 manat əsas kredit borcu tələbinə dair hissədə təmin, qalan hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu normaya uyğun olaraq iddiaçı BOKT “xxxx” MMC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilməli, 10 manatı isə cavabdehdən alınaraq ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-474/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası qismən - 348.87 manat (üç yüz qırx səkkiz manat səksən yeddi qəpik) məbləğində əsas kredit borcu tələbinə dair hissədə təmin edilsin. Cavabdeh 348.87 manat (üç yüz qırx səkkiz manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti alınıb iddiaçı BOKT “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı BOKT “xxxx” MMC tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı özünə aid edilsin, 10 (on) manatı isə Cavabdeh iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə tutulsun. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar