Məhkəmə qərarları › İş №2(107)-573/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-573/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-573/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rаyоn Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2(035)-927/2018 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rаyоn Məhkəməsinin (hаkim Tahir Qubadov) 2(035)-927/2018 nömrəli mülki iş üzrə xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ilə iddiаçı İddiaçı cavabdehlər X5 və Cavabdeh2 Baris oğluna qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbi bаrədə iddiаsı təmin edilməmişdir. İşin halları İddiаçıİddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər X5 və Cavabdeh2 Baris oğluna (bundan sonra cavabdeh və ya Baris Abbasov və Cavabdeh2) qarşı iddiа ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə mürаciət edərək onun xx.xx.2017-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən Baris Abbasova məxsus evə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2016-cı ildə cavabdeh Baris Abbasova məxsus evə gəlin gəlmiş, 07 ay sözügedən evdə yaşamış, sonra Bakı şəhərinə ərinin yanına (cavabdeh Baris Abbasovun) yanına gedərək 01 il 06 ay orada yaşamışdır. xx.xx.2018-ci ildə iddiaçı yenidən sözügedən evə qayıdaraq xx.xx.2018-ci il tarixədək orada yaşamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 iddiaçını Mingəçevir şəhərində kirayədə yaşayan valideynlərinin yanına aparmışdır. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda valideynləri ilə birlikdə kirayədə yaşayırlar. İddiaçı valideynləri ilə birlikdə azyaşlı uşağı ilə yaşamaqda çətinlik çəkir. İddiaçıya məxsus cehiz əşyaları da sözügedən evdədir. İstəyir ki, oğlu ilə birlikdə cehiz əşyalarının yerləşdiyi evə köçüb orada rahat yaşasınlar. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Baris Abbasov iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayonu Yuxarı Seyidlər kəndində özünə məxsus yaşayış sahəsi 48 kv.m. olan iki otaqlı evi vardır. İddiaçı onun oğlu – hazırkı iş üzrə digər Cavabdeh2la xx.xx.2016-cı il tarixdə ailə qurmuş və sözügedən evin bir otağına gəlin gəlmişdir. Vüsalla Gülnarın xasiyyətləri tutmadığından aralarındakı nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı çox vaxt əri ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. Onlarla yaşadığı vaxtlarda Gülnar heç kimlə, xüsusən də digər oğlu Ceyhunla yola getməmiş, hamıya, o cümlədən Ceyhuna hörmətsiz yanaşmışdır. Bəzi hallarda iki qardaş (əri Vüsal və qaynı Ceyhun) arasında münasibətlərin korlanmasına şərait yaratmışdır. X6 ailəsinin dağılmasına iddiaçının onlarla, o cümlədən Ceyhunla yola getməməsi və ailəyə hörmətsiz yanaşması səbəb olmuşdur. Oğlu Ceyhun bir neçə gün öncə, yəni xx.xx.2018-ci il tarixdə özünü asaraq intihar etmişdir. Oğlu Ceyhunun intiharından sonra əvvəllər ona hörmət etməyən, hazırda ailəyə yad olan hazırkı iddiaçını qəbul edə bilmir. Hesab edir ki, bu oğlu Ceyhunun ruhuna hörmətsizlik olardı. İddiaçı hazırkı iddianı verməkdə hazırda mərhum oğlunun ruhuna hörmətsizlik etmişdir. Oğlunun intiharından sonra onun iddiaçı ilə bir evdə yaşaması qeyrimümkündür. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırır ki, iddianın təmin edilməsi onun bir mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, sözügedən ev onun bilavasitə özünün xüsusi mülkiyyətidir. Onun isə iddiaçı qarşısında bilavasitə öhdəliyi yoxdur və öz evində ömrünün ahıl vaxtında rahat yaşamaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İddiaçı belə bir razılaşma barəsində məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 cavabdeh Baris Abbasovun izahatı ilə razı olduğunu bildirərək, izahatında göstərmişdir ki, iddiaçı əvvəllər onun arvadı olmuşdur. Aralarındakı nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı əvvəllər həmişə onun valideyinlərinə və qardaşı Ceyhuna hörmətsiz yanaşmışdır. Qardaşı Ceyhun bir neçə gün öncə, yəni xx.xx.2018-ci il tarixdə özünü asaraq intihar etmişdir. Ceyhunun intiharından sonra əvvəllər ona hörmət etməyən, hazırda ailəyə yad olan hazırkı iddiaçını qəbul edə bilmir. Hesab edir ki, bu qardaşı Ceyhunun ruhuna hörmətsizlik olardı. Digər tərəfdən artıq iddiaçı ilə aralarında ümumiliyə əsas verən hal yoxdur və iddiaçı ilə bir evdə yaşamaları mümkün deyildir. Sözügedən ev ona deyil, atasına məxsusdur. Atasının isə iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-2335/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, iş üzrə Zərdab Rаyоn Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiаçı İddiaçı tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə Zərdab rayonu Yuxarı Seydlər kəndində yerləşən X4 məxsus evə köçürülmələri qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-2335/2019 nömrəli qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7484/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)- 2335/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, “məhkəmə araşdırması zamanı iddiaçının keçmiş ərinə məxsus evin olması müəyyən olunmadı. Sözügedən ev keçmiş ərinin deyil, qayınatasına məxsus olan evdir və iddiaçı orada daimi olaraq deyil, fasilələrlə cəmi 13 ay yaşamışdır. İddiaçı cavabdehlərlə yaşadığı vaxtlarda aralarında qarşılıqlı hörmətə əsaslanmayan münasibət olmuş, xüsusən də cavabdehlərin bildirməsinə görə iddiaçı qaynı olmuş Ceyhunla yaxşı münasibətdə olmamışdır.” Eyni zamanda məhkəmə Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad etmiş və nəticədə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərək mənzildən istifadə hüquqlarını pozmuşdur. Məhkəmənin yuxarıda qeyd olunan əsaslandırması ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, o, ailə qurduqdan sonra hazırda mübahisəsi gedən fərdi yaşayış evinə gəlin köçmüş və orada da yaşamışdır. Müvəqqəti olaraq bir müddət Bakı şəhərində yaşamağı hazırda mübahisəsi gedən mənzildən istifadə etmədiyini xarakterizə etmir. İşin mübahisəsiz halıdır ki, bütün şəxsi əşyaları, eyni zamanda cehiz əşyaları hamısı mübahisəsi gedən fərdi yaşayış evindədir. Cavabdehlər tərəfindən məhkəmədə verilən şifahi izahatlara əsaslanaraq məhkəmə qeyd etmişdir ki, mübahisəsi gedən fərdi yaşayış evi iddiaçının qayınatasına məxsusdur. Lakin iş materiallarında mübahisəsi gedən fərdi yaşayış evinin onun qayınatasına məxsus olması barədə heç bir hüquq müəyyən edici sənəd mövcud deyildir. Mülkiyyəti təsdiq edən sənəd Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır ki, həmin çıxarış da hazırda mübahisəsi gedən mənzilə dair mövcud deyildir. Eyni zamanda, qeyd olunmalıdır ki, məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarları mülkiyyətdə olan evlərə şamil edilir. Hazırkı iş üzrə isə ev mülkiyyətdə olmadığından Konstitusiya Məhkəməsinin sözügedən xx.xx.2013-cü il tarixli qərarı şamil edilə bilməz. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1pelyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Baris Abbasov, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı nəzərdən keçirilmiş Zərdab Rayon Məhkəməsinin 2(035)-728/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Baris oğlu ilə İddiaçı arasında olan nikahın pozulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı nikahlarının pozulmasına razı olmuşdur. Yəni hər iki tərəfin razılığı ilə aralarındakı nikah barışıq üçün vaxt verilmədən pozulmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zərdab Rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 235 saylı arayışdan görünür ki, X2 Zərdab rayonu Yuxarı Seyidlər kəndində ümumi sahəsi 106 kv.m. yaşayış sahəsi 48 kv.m. olan iki otaqlı evi vardır. Gəlini İddiaçı xx.xx.2018-ci il tarixdən həmin evdə yaşamır. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Zərdab rayon İHB-nin Yuxarı Seydlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 07 saylı arayışdan görünür ki, Zərdab rayonu Yuxarı Seyidlər kəndi üzrə təsərrüfatbaşına kitab № 01 və şəxsi hesab 40 nömrəli kitabdan çıxarışa əsasən təsərrüfatbaşçısı X2 adına 0.29 ha həyətyanı torpaq sahəsi, 5.55 ha pay torpaq sahəsi və 1993-cü ildə tikilmiş ümumi sahəsi 126 kv.m. və yaşayış sahəsi 48 kv.m. olan fərdi yaşayış evi vardır. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********36 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətlə əlaqədar Xidmətin arxivindən Zərdab rayonu Yuxarı Seyidlər kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair siyahıdan qeyd edilən hissədən çıxarışın qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş surəti təqdim edilir. Nəzərinizə çatdırırıq ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra rayon (şəhər) torpaq şöbələrinin arxivində saxlanılan dövlət aktları, şəhadətnamələr, plan- xəritə materialları və digər sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə təhvil verilmişdir. Bu səbəbdən də sözügedən şəhadətnamənin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X10 xx.xx.2020-ci il tarixli **********16 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, JN-039A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində 0.29 ha həyətyanı torpaq sahəsi vardır. Lakin, sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildiririk ki, X2 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. 16 saylı X10 xx.xx.2020-ci il tarixli **********16 nömrəli məktubuna əlavə edilmiş JN 039A KOD 90504028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 saylı qərarı ilə Zərdab rayonu Yuxarı Seyidlər kənd sakini X2 və ailə üzvlərinin mülkiyyətlərinə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7484/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-2335/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi qətnamədə iddianın tam təmin edilməsi qənaətinə gəlsə də, iddia tələbinin evdən istifadə hüququnun tanınması hissəsi üzrə araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində bu tələbə qiymət verməmiş və nəticə hissədə həmin tələb üzrə gəldiyi nəticəni göstərməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının mübahisəli evə köçməsi ilə bağlı tələbə baxarkən tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi üçün evin hüquqi statusu ilə bağlı məsələnin araşdırılması zəruri olduğu halda bunu etməmiş, iddiaçının köçmək istədiyi evin özbaşına tikili və yaxud evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikili olub-olmamasını araşdırmamışdır. Belə ki, özbaşına tikili MM-nin 180.1-ci maddəsinəəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lakin müvafiq torpaq ayırma sənədləri əsasında inşa edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən sənədlərdən birinə malik olan evlər isə həmin reyestrdə qeydə alınmasa da, onların məqsədləri üçün ayrılmayan torpaq sahəsində və onlar özbaşına tikili sayıla bilməzlər. Buna görə də, mübahisə predmetini təşkil edən evin hüququ statusunun müəyyən edilməsi, həmin evə dair hansı sənədlərin mövcudluğu araşdırılmalı və yalnız bundan sonra müvafiq münasibətləri tənzimləyən hüquq norması olmazsa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinəəsasən oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları mübahisəyə tətbiq edilə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, cavabdehin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin düzgün maddi hüquq normalarına istinad etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə araşdırması zamanı iddiaçının ərinə (keçmiş ərinə) məxsus evin olması müəyyən olunmadı. Sözügedən ev ərinin (keçmiş ərinin) deyil, qayınatasına məxsus olan evdir və iddiaçı orada daimi olaraq deyil, fasilələrlə cəmi 13 ay yaşamışdır. İddiaçı cavabdehlərlə yaşadığı vaxtlarda aralarında qarşılıqlı hörmətə əsaslanmayan münasibət olmuş, xüsusən də cavabdehlərin bildirməsinə görə iddiaçı qaynı olmuş Ceyhunla yaxşı münasibətdə olmamışdır. Ceyhun bir neçə gün öncə, yəni xx.xx.2018-ci il tarixdə özünü asaraq intihar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaşayış sahəsi ilə (evlə) bağlı hüquq münasibətləri 2016-cı ildə yarandığından hazırkı mübahisənin həlli zamanı xx.xx.2009-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddiaçı cavabdehlərlə ailə münasibətlərinə xitam verildikdən sonra (iddiaçı ilə Cavabdeh2 Baris oğlu arasındakı nikah tərəflərin razılığı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ləğv olunmuşdur) keçmiş ailə üzvü kimi cavabdehlərə məxsus yaşayış sahəsindən istifadə hüququ saxlanmasına əsas verən hər hansı bir razılaşmanın olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh2 Baris oğluna ərə gəlməklə ərinə deyil, az bir müddətdə, yəni müəyyən fasilələrlə cəmi 13 ay qaynatasına məxsus evdə gəlin kimi yaşaması həmin evdən istifadə hüququ əldə etməsi üçün faktor ola bilməz. Məhkəmə mübahisənin həlli zamanı həmçinin tərəflərin bir-birinə hörmət etməmələri ilə bağlı olan qarşılıqlı münasibətini, aralarında olan bağlılıq və hörmətin aradan götürülməsi, iddiaçının, sözügedən evdə yaşayarkən qaynı Ceyhunla yola getməməsini və sonuncunun bir neçə gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdə özünü asaraq intihar etməsini, cavabdehlərin iddiaçıya qarşı olan barışmaz münasibətini nəzərə alaraq hesab edir ki, qeyd olunan hallara əsasən bundan sonra tərəflərin bir evdə yaşaması qeyri-mümkündür. Ona görə də iddia təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda qeyd edilənləri göstərməyi zəruri hesab edir. İşdən görünür ki, iddiаçının istifаdə hüququnun tanınması və köçürülməsini tələb etdiyi fərdi yaşayış eviZərdab rayonu Yuxarı Seyidlər kəndində cavabdeh X4 məxsus ümumi sahəsi 126 kv.m., yaşayış sahəsi 48 kv.m. olan iki otaqlı yaşayış evidir. Həmin fərdi yaşayış evi Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 saylı qərarı ilə Zərdab rayonu Yuxarı Seyidlər kənd sakini X2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş və JN 039A KOD 90504028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.29 ha həyətyanı torpaq sahəsində yerləşir. Yaşayış evi hazırkı vaxta kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin Zərdab rayonu Yuxarı Seyidlər kəndi üzrə təsərrüfatbaşına 01 nömrəli kitabda və 40 nömrəli şəxsi hesab kitabında təsərrüfatbaşçısı X2 adına 0.29 ha həyətyanı torpaq sahəsində 1993-cü ildə tikilmiş ümumi sahəsi 126 kv.m. və yaşayış sahəsi 48 kv.m. olan sözügedən fərdi yaşayış evi qeyd edilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev 1993-cü ildə inşa edilmişdir, həmin vaxtdan etibarən Baris Abbasov ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Baris Abbasovun ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Baris Abbasovun həmin əmaka “gözlənilən mülkiyyət hüququ” vardır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına istinad etməklə səhvə yol vermişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi və Konstitusiya Məhkəməsinin sözügedən qərarı mülkiyyətdə olan evlərə şamil edilir. Hazırkı iş üzrə isə ev mülkiyyətdə olmadığından qeyd edilən maddi hüquq norması iddia tələbinin əsası deyildir və Konstitusiya Məhkəməsinin qərarı da tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Kollegiyaya görə, İddiaçı iddia tələbi üzrə mübahisə edilən hüquq nünasibətlərini birbaşa tənzimləyən hüquq norması olmadığına görə, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbinə uyğun olaraq qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən maddi hüquq norması tətbiq edilməlidir. Mübahisə edilən hüquq nünasibətlərinə oxşar olan münasibətləri tənzimləyən və həmin münasibətlərin mahiyyətinə zidd olmayan maddi hüquq norması isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci (Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri) maddəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar 68.4-cü maddəsinə görə, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İddiaçı sözügedən yaşayış evinə 2016-cı ildə evin Mənzil Məcəlləsinin 68-ci maddəsinin məzmununa əsasən kirayəçisi hesab edilən Baris Abbasov və sonuncunun oğlu Cavabdeh2 tərəfindən ailə üzvü kimi köçürülmüşdür. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə müddəalar “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 13-cü maddəsində, “İnsan Hüquqları və X3 haqqında” Avropa Konvensiyasına əlavə 2 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxаrıdа şərh оlunаnlаrı nəzərə аlаrаq belə nəticəyə gəlir ki, İddiaçı gəlin köçdüyü ərəfədə və hazırda cavabdehlərin və onların ailə üzvlərinin sahibliyində və istifadəsində olan mübahisə predmeti fərdi yaşayış evinə, baxılan mübahisə üzrə cavabdehlər olan keçmiş əri Cavabdeh2, qayınatası Baris Abbasovunvə onların ailə üzvlərinin razılığı ilə köçməklə xx xxxxxxxx 2016-cı il tarixdən 2018-ci ilin avqust ayının 28-dək azyaşlı oğlu Mərd ilə birlikdə həmin evdə yаşаmışdır. O, birgə nikahda olduğu dövrdə myəyyən müddətə keçmiş ərinin işi ilə bağlı Bakı səhərində müvəqqəti yaşasa də, onun daimi yaşayış yeri sözügedən ev olmuşdur.İddiaçının hazırda özünə məxsus olan digər yaşayış sahəsi yoxdur. Cavabdehlər də iddiaçının özünə məxsus olan digər yaşayış sahəsinə malik olmasına dair sübut təqdim edə bilmirlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi bütün bunları nəzərə almayaraq mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və iddianı təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-927/2018 nömrəli mülki iş üzrə xx xxxxxx 2018-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilərək İddiaçı xx.xx.2017-ci ildə anadan olmuş oğlu X8 ilə birlikdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən və Baris Abbasova məxsus olan evə istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi qət edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-927/2018 nömrəli mülki iş üzrə xx xxxxxx 2018ci il tаrixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər X5 və Cavabdeh2 Baris oğluna qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürürlmə” barədə iddiası təmin edilsin. İddiaçı xx.xx.2017-ci ildə anadan olmuş oğlu X8 ilə birlikdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən və X4 məxsus olan evə istifadə hüququ tanınsın və həmin evə köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar