Məhkəmə qərarları › İş №2(107)-574/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-574/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-574/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əldən çıxmış fayda) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona verilməli olan 18401 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 17595 manat borc məbləğinin və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə edərək onun 33304 manat pulunu almış və həmin pulun 18401 manatını geri qaytarmamışdır. O, Cavabdeh həmin hərəkətləri ilə bağlı aidiyyəti üzrə şikayət etmiş və şikayəti üzrə araşdırma aparılmışdır. Cavabdeh barəsində ona qarşı etdiyi həmin cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi apellyasiya şikayəti vermişdir. Hökm çıxarılmamışdan qabaq cavabdeh borcundan 10000 manat ödəniş etmişdir. Qeyd edilən işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh vurduğu ziyandan 5000 manatını ödəmiş və qalan borcunu ayda 500 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş, bununla bağlı ərizə yazaraq məhkəməyə təqdim etmişdir. O da, Cavabdeh və onun yaxınlarının xahişlərini diqqətə alaraq, humanistlik etmiş, Cavabdeh şikayətçi olmamışdır. Cavabdehin şirkətə olan borcunu o özü ödəmişdir. Buna görə də Cavabdeh azadlığın məhdudlaşdırılması cəzası verilərək o, məhkəmə zalında həbsdən azad edilmişdir. Lakin Cavabdeh azadlığa çıxdıqdan sonra yalnız bir dəfə, 05 noyabr 2019-cu il tarixdə 500 manat ödəniş etmiş, qalan borcunu bu günədək ödəməmişdir. Cavabdeh borcundan hər ay beş yüz manat ödəniş etməklə ona olan cəmi 18901 manat borcunu 04 aprel 2019-cu il tarixdən başlamaqla 37-38 aya, yəni, təxminən 3 ilə ödəməli olmuşdur. Lakin Cavabdeh bu günədək onun qalan 18401 manat pulundan heç bir ödəniş etməmişdir. Beləliklə cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 13 fevral 2023-cü il tarixli, 2(075)- 123/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 17595 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh, 09 dekabr 2011-ci il tarixdən 17 yanvar 2017-ci il tarixədək "ARS” MMC-nin Şəki filialında satış təmsilçisi (ekspeditor) vəzifəsində işləyərkən 33304 manat pulu mənimsəmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılmış və Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü ilə Cavabdeh 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarı ilə Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 09 dekabr 2011-ci il tarixdən 17 yanvar 2017-ci il tarixədək "ARS” MMC-nin Şəki filialında satış təmsilçisi (ekspeditor) vəzifəsində işləyərkən 33304 manat pulu mənimsəmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılmış və Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü ilə Cavabdeh 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2019cu il tarixli, 1(107)-59/2019 saylı qərarı ilə Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qanuni qüvvəsini almış birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarında da hazırkı iş üzrə Cavabdeh həqiqətən də 33304 manat məbləğində pulu mənimsədiyi sübuta yetirilmişdir. İddia tələbində də qeyd edildiyi kimi həmin məbləğin bir qismi cavabdeh tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən ona ödənilməli olan, lakin bu günədək ödənilməmiş 17595 manat məbləğində borc pulu tələb etmişdir. X2 Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarının məzmunundan (Cavabdeh ifadəsində) görünmüşdür ki, İddiaçı ilə Cavabdeh aralarında belə razılaşmışlar ki, qeyd edilən borc məbləği Rövşən tərəfindən Ceylan MMC-yə ödənilir və əvəzində onun Rövşənə 33 304 manat borcu olması barədə notarial qaydada borc müqaviləsi bağlanılır. Eyni zamanda həmin qərardan görünmüşdür ki, Cavabdeh sonuncu dəfə dəymiş ziyanın 5000 manatını ödəmiş, qalan məbləğin isə ayda 500 manat olmaqla ödənilməsi barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17595 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 21.1, 21.2, 1097.1, 1091.1, 1091.2, 157.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 191.3, 14.2, 77.1, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi işə mahiyyəti üzrə xx.xx.2023-cü il tarixdə baxaraq e-2(075)-123/2023 saylı qətnamə ilə iddianı təmin etmişdir, ondan 17595 manat məbləğində pul və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görünmüşdür. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra etmişdir. Belə ki, iddianı qismən qəbul edərək onun şirkətin depozit hesabında 4200 manat puldan çox pulun olmasını və həmin məbləğinin araşdırılaraq dəqiqləşdirildikdən sonra məhz həmin məbləğin ümumi borcdan çıxılmasını istədiyini bildirsə də, depozitdə qalan pulunun məbləği dəqiq müəyyən edilməmişdir. Qətnamədən də göründüyü kimi iddiaçı iddia ərizəsini onunla əsaslandırılmışlar ki, o, borcundan hər ay beş yüz manat ödəniş etməklə iddiaçıya olan cəmi 18901 manat borcunu 04 aprel 2019-cu il tarixdən başlamaqla 37-38 aya, yəni, təxminən 3 ilə ödəməli olmuşdur. Lakin o, bu günədək iddiaçıya qalan 18401 manat pulundan heç bir ödəniş etməmişdir. Beləliklə o, göstərilən pulu könüllü olaraq ona qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda qətnamədən göründüyü kimi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin hazırda ona olan borcu 17595 manat təşkil edir. Onun depozit hesabına qoyulan 3000-4000 manat pul onun ümumi borcundan çıxılmışdır. İddiaçının depozitində olan pul məbləği barədə dəqiq məlumat bildirməmiş, habelə iddiaçı tərəfindən göstərdiyi qeyri-müəyyən məbləğ barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə bu ziddiyətlər araşdırılmamış, depozit hesabına qoyulan pul məbləği dəqiq müəyyən edilməmişdir. İddiaçı tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək əvəzinə, məhkəməyə onun depozit hesabına qoyulan pulun məbləği barədə dəqiq məlumat verməyərək, hansı məbləğin onun borcundan çıxılmasını dəqiq göstərməmişdir. Məhkəmə qətnamədə iddiaçı tərəfindən qeyd edilmiş dəlilləri əsas götürərək işə hərtərəfli və tam baxmadan, qətnаməni yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа deyil, iddiaçının məlumatlarına əsasən əsаslаndırmışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Qətnamədə qeyd olunmuşdur ki, “Qanuni qüvvəsini almış birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarında da hazırkı iş üzrə onun həqiqətən də 33304 manat məbləğində pulu mənimsədiyi sübuta yetirilmişdir. İddia tələbində də qeyd edildiyi kimi həmin məbləğin bir qismi onun tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda İddiaçı onun tərəfindən ona ödənilməli olan, lakin bu günədək ödənilməmiş 17595 manat məbləğində borc pulu tələb etmişdir.” Qeyd etmişdir ki, tərəfindən qeyd olunan məbləğin bir qismindən daha çox pul "xxxx" MMC-yə ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6cı maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh və onun vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsini apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 09 dekabr 2011-ci il tarixdən 17 yanvar 2017-ci il tarixədək "ARS” MMC-nin Şəki filialında satış təmsilçisi (ekspeditor) vəzifəsində işləyərkən 33304 manat pulu mənimsəmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılmış və Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü ilə Cavabdeh 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2019cu il tarixli, 1(107)-59/2019 saylı qərarı ilə Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 1(075)-77/2018 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İlk olaraq kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh qətnamənin yalnız təmin edilən 4200 manat hissəsini mübahisləndirmişdir. Ona görə də kollegiya hesab edir ki, qiymətləndirmə yalnız qətnamənin mübahisələndirilən hissəsinə uyğun aparılmalıdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçının depozitində olan pul məbləği barədə dəqiq məlumat bildirməmiş, habelə iddiaçı tərəfindən göstərdiyi qeyri-müəyyən məbləğ barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə bu ziddiyətlər araşdırılmamış, depozit hesabına qoyulan pul məbləği dəqiq müəyyən edilməmişdir. İddiaçı tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək əvəzinə, məhkəməyə onun depozit hesabına qoyulan pulun məbləği barədə dəqiq məlumat verməyərək, hansı məbləğin onun borcundan çıxılmasını dəqiq göstərməmişdir. Məhkəmə, qətnamədə iddiaçının qeyd etdiyi dəlilləri əsas götürərək işə hərtərəfli və tam baxmadan, qətnаməni yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа deyil, iddiaçının məlumatlarına əsasən əsаslаndırmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şirkətə vurduğu ziyan iddiaçı tərəfindən ödənilmiş və bu hal iş materialları, həmçinin onun özünün etirafı ilə tam sübuta yetirilir. Cavabdeh işlədiyi müddətdə 4200 manat depozitin yığılmasını, onun iddiaçıya olan 17595 manat məbləğində borcundan həmin depozit məbləğinin çıxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin halları sübut etmək Cavabdeh üzərinə düşsə də, o buna dair məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi, qanunverici sübutların təqdim edilməsini tərəflərin üzərinə qoymuşdur. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh işlədiyi müddətdə 4200 manat depozitin yığılmasını dair heç bir sübut təqdim etməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarında da hazırkı iş üzrə Cavabdeh həqiqətən də 33304 manat məbləğində pulu mənimsədiyi sübuta yetirilmişdir. İddia tələbində də qeyd edildiyi kimi həmin məbləğin bir qismi cavabdeh tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda İddiaçı, cavabdeh tərəfindən ona ödənilməli olan, lakin bu günədək ödənilməmiş 17595 manat məbləğində borc pulu tələb edir. X2 Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(107)-59/2019 saylı qərarının məzmunundan (Cavabdeh ifadəsində) görünür ki, İddiaçı ilə Cavabdeh aralarında belə razılaşmışlar ki, qeyd edilən borc məbləği Rövşən tərəfindən Ceylan MMC-yə ödənilir və əvəzində onun Rövşənə 33304 manat borcu olması barədə notarial qaydada borc müqaviləsi bağlanılır. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh sonuncu dəfə dəymiş ziyanın 5000 manatını ödəmiş, qalan məbləğin isə ayda 500 manat olmaqla ödənilməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki, dəlillər əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 4200 manat olduğundan cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(075)-123/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar