Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-576/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X15 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 01 aprel 2024-cü ildə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X12 və Cavabdeh6 tərəfindən ona vurulmuş 26031,5 (iyirmi altı min otuz bir manat 50 qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 168,1 (yüz altmış səkkiz manat 10 qəpik) manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 (40 qəpik) manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızından, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh6 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Mövcud təsərrüfatının genişləndirilməsi məqsədi ilə torpaq icarəyə götürmək qərarına gəlmiş və həmin vaxtı özlərinin mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək istəyən Cavabdeh5 ilə bu barədə razılaşmışdır. Belə ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh2, Cavabdeh1 Şəmil qızına, Cavabdeh5, Cavabdeh4 və X8 2,60 hektar torpaq sahəsi (3 kontur olmaqla – 0,8098 ha, 0,7648 ha və 1,0280 ha) verilmişdir. Bu barədə Cavabdeh2, Cavabdeh1 Şəmil qızının, Cavabdeh5, Cavabdeh4 və X6 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən JN 260 saylı Dövlət Aktı verilmişdir. 01 may 2016-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X4 rayon Torpaq Şöbəsi tərəfindən verilmiş seriya nömrəsi JN 260 olan dövlət aktına əsasən Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən 2,60 ha torpaq sahəsini 99 il müddətinə ona icarəyə vermişlər. Beləliklə, onların arasında 99 illik icarə müqaviləsi bağlanmışdı. İcarə müqaviləsi bağlanarkən o, icarə haqqını da tam şəkildə ödəmişdir. Həmin torpaq sahəsi ona icarəyə veriləndən 2021-ci ilə kimi onun istifadəsində olmuş və 2021-ci ilədək həmin torpaq sahəsini o, əkmişdir. Həmin torpağa dair verilən subsidiyanı da onun özü almışdır. 2021-ci ilin yaz aylarında Cavabdeh6 Cavabdeh5 aldadaraq, vasitəçilik edərək daha öncə onun icarəsinə verilmiş həmin torpaq sahəsini digər şəxsə satmışdır. Belə ki, onun xəbəri olmadan cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X3 nömrəsi JN 260 olan dövlət aktına əsasən Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən 1,028 ha torpaq sahəsinə xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, 0,7648 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli 0,8098 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Daha sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X2 1,28 ha torpaq sahəsini Şəki regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1454 saylı alqı-satqı müqaviləsinə əsasən, 0,8098 ha əkin torpaq sahəsini Şəki regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1455 saylı alqı-satqı müqaviləsinə əsasən və 0,7648 ha torpaq sahəsini isə Şəki regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1456 saylı alqı-satqı müqaviləsinə əsasən X1. 2021-ci ildə torpaq sahəsinin yeni mülkiyyətçisi onu həmin torpaq sahəsindən çıxarmışdır. O, həmin 2,6 ha torpaq sahəsinin ətrafını kənar şəxslər və mal-qara girməməsi üçün xəndək qazaraq ayırmış, xəndəyin üstündən də qaratikan kolu ilə çəpərləmişdir. Həmin ərazidə artıq uzun müddətdir ki, yonca bitkisi əkmişdir. Beləliklə, Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X12 və Cavabdeh6 qanunsuz və saxtakar əməlləri nəticəsində ona cəmi 26031,5 manat məbləğində maddi ziyan dəmişdir. Ona dəymiş maddi ziyanlıq aşağıdakı kimidir: 1. Ona satılmış torpaq sahəsinin dəyəri – 5200 manat; 2. Torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına çəkdiyi xərc – 520 manat; 3. Torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc – 260 manat; 4. Əkdiyi yoncanın biçə bilmədiyi üçün əldən çıxmış fayda – 19500 manat; 5. Torpaq sahəsini sənədləşdirərkən çəkdiyi yol xərci - 150 manat; 6. Torpaq sahəsinin sənədləşdirilməsi üçün ödədiyi rüsumlar – 401,5 manat (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad olunmuşdur). İş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı X13 iş üzrə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 23 dekabr 2024-cü il tarixli e-2(075)- 1203/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, iddiaçının tələbinin bir hissəsi yəni ona cavabdehlər tərəfindən vurulan ziyanın 19500 manatlıq hissəsi əkdiyi yoncanın biçə bilmədiyi üçün əldən çıxmış fayda və eləcə də torpaq sahəsinin ətrafını xəndəklə qazılmasına çəkdiyi xərc və torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində göstərilən və görülməsi iddia edilən yaxşılaşdırmalar olan cavabdehlərin mülkiyyətlərində olmuş torpaq sahəsi daha sonra hazırkı iş üzrə üçüncü şəxs olan Cavanşir Rüstəmə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, görülməsi iddia edilən yaxşılaşdırmaların dəyəri hazırkı iş üzrə üçüncü şəxs Cavanşir Rüstəmdən tələb edilməlidir. Şərh edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X12 və Cavabdeh6 tərəfindən ona vurulmuş 26031.5 (iyirmi altı min otuz bir manat əlli qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 168.1 (bir yüz altmış səkkiz manat on qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh2, Cavabdeh1 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4 və X12 və Cavabdeh6 müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, iş materiallarında olan sənədlərin məzmununa və eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 144.1, 152, 157.4, 324.1, 337.1, 337.2, 560.1, 567, 646.1, 648, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1108.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi həmin qətnamədə iş üzrə aparılan araşdırma zamanı aşağıda qeyd olunan sənədlərin tədqiq olunduğunu göstərmişdir: - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə alıcı X9 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilədən görünür ki, Satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1,028 hektar torpaq sahəsini 1000 manata Alıcıya satmışlar. - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə alıcı X9 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilədən görünür ki, Satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,7648 hektar torpaq sahəsini 760 manata Alıcıya satmışlar. - İşdə olan satıcılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə alıcı X9 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqısına dair” müqavilədən görünür ki, Satıcılar Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,8098 hektar torpaq sahəsini 800 manata Alıcıya satmışlar. - Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış torpaq icarəsi müqaviləsindən görünür ki, Şəki rayonu Sarıca kənd sakini İddiaçı kənd təssərrüfatı məhsulları istehsalı ilə məşğul olması üçün 2,90 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmişdir. - JN-0260 Kod 40400018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 48 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh2, Cavabdeh1, X8, Cavabdeh4 və Cavabdeh5 ümumilikdə cəmi 2,60 hektar torpaq sahəsi verilmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 26031,5 manat məbləğində maddi zərərin, ödənilmiş 168,1 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsi 23 dekabr2025-ci il tarixli qətnamə qəbul edərək, onun iddiasını təmin etməmişdir. O, Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində iddia tələbini təmin etməməsini belə əsaslandırmışdır ki, “iddia tələbində göstərilən və görülməsi iddia edilən yaxşılaşdırmalar olan cavabdehlərin mülkiyyətlərində olmuş torpaq sahəsi daha sonra hazırkı iş üzrə üçüncü şəxs olan Cavanşir Rüstəmə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, görülməsi iddia edilən yaxşılaşdırmaların dəyəri hazırkı iş üzrə üçüncü şəxs Cavanşir Rüstəmdən tələb edilməlidir”. Halbuki, işə baxan birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi tamamilə yanlışdır. Belə ki, o, iddia ərizəsində də qeyd etdiyi kimi 01 may 2016-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 q ızı, Cavabdeh5, Cavabdeh4 və X4 Rayonu Torpaq Şöbəsi tərəfindən verilmiş seriya nömrəsi JN260 olan dövlət aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 2,60 ha torpaq sahəsini ona 99 illik müddətə icarəyə vermişlər. İcarə müqaviləsi bağlanarkən icarə haqqını da o, tam şəkildə ödəmişdir. Həmin torpaq sahəsi ona icarəyə veriləndən 2021-ci ilə kimi onun istifadəsində olmuş və 2021-ci ilədək həmin torpaq sahəsini o, əkmişdir. Torpağa dair verilən subsidiyanı da özü almışdır. 2021ci ilin yaz aylarında Cavabdeh6 Cavabdeh5 aldadaraq vasitəçilik edib, daha öncə onun icarəsinə verilmiş torpaq sahəsini Cavanşir Rüstəmə satmışdır. 2021-ci ildə torpaq sahəsinin yeni mülkiyyətçisi Cavanşir Rüstəm onu həmin torpaq sahəsindən çıxarmışdır. O, həmin 2,6 ha torpaq sahəsinin ətrafını kənar şəxslər və mal-qara girməməsi üçün xəndək qazaraq ayırmış, xəndəyin üstündən də qaratikan kolu ilə çəpərləmişdir. Həmin ərazidə artıq uzun müddətdir ki, yonca bitkisi əkmişdir. İşin faktiki halları ilə də təsdiq edilir ki, o, həmin torpaq sahəsini icarəyə götürərkən və həmin torpaq sahəsində yaxşılaşdırma işləri apararkən həmin torpaq sahəsinin mülkiyyətçiləri hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 olmuşlar. O, həmin torpaq sahəsində yaxşılaşdırma işlərini X13 ilə bağlanmış alqı-satqı müqaviləsinədək etmişdir və hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X13 həmin torpaq sahəsini tərəfindən yaxşılaşdırma aparılandan sonra yaxşılaşdırılmış şəkildə dəyərini cavabdehlərə ödəməklə almışdır. Göründüyü kimi, işə baxan məhkəmə işin faktiki hallarını araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X13 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı iş materialları və işin konkret halları ilə, o cümlədən də iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə müəyyən edilmişdir ki, İddiaçı müvafiq qaydada bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmış icarə müqaviləsi olmadan Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 48 nömrəli qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh2, Cavabdeh1, X8, Cavabdeh4 və Cavabdeh5 verilmiş 1,028 ha, 0,7648 ha və 0,8098 ha olmaqla, ümumilikdə cəmi 2,6026 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edərək, əkib-becərmiş və həmin torpaq sahələri üzrə verilən subsidiyaları almışdır. Lakin, həmin mülkiyyətçilər 08 oktyabr 2020-ci ildə lazımi qaydada, yəni qanunvericiliyin tələb etdiyi qaydada bağlanaraq rəsmiləşdirilmiş “Daşınmaz əmlakın alqı-satqısına dair” müqavilələr əsasında qeyd olunan məlum torpaq sahələrini müvafiq olaraq 1000 manata, 760 manata və 800 manata alıcı X1. Bundan sonra isə qeyd olunan torpaq sahələrinin yeni mülkiyyətçisi X13 hazırkı iş üzrə İddiaçı həmin torpaq sahələrindən istifadəsinin qarşısını almışdır. İddiaçı isə 01 aprel 2024-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “satılmış torpaq sahəsinin dəyəri – 5200 manat, torpaq sahəsinin ətrafının xəndəklə qazılmasına çəkdiyi xərc – 520 manat, torpaq sahəsinin ətrafını qaratikan kolu ilə bağlamaq üçün çəkdiyi xərc – 260 manat, əkdiyi yoncanın biçə bilmədiyi üçün əldən çıxmış fayda – 19500 manat, torpaq sahəsini sənədləşdirərkən çəkdiyi yol xərci - 150 manat və torpaq sahəsinin sənədləşdirilməsi üçün ödədiyi rüsumlar – 401,5 manat” olmaqla, ümumilikdə ona vurulmuş maddi zərər qismində cəmi 26031,5 manat məbləğində maddi zərərin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızından, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh6 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, məhkəmə araşdırmaları zamanı “cəmi 26031,5 manat məbləğində” maddi zərərin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şəmil qızından, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh6 tələb olunmasının əsaslılığı öz təsdiqini tapmamış və mötəbər sübutlar vasitəsi ilə sübut olunmamışdır. Halbuki, iddiaçı tərəfindən cavabdehlərdən ödənilməsi tələb olunan maddi zərərin miqdarı və eyni zamanda, həmin zərərin vurulmasında iddia ərizəsində qeyd olunan cavabdehlərin təqsirli olması - mövcud vəziyyətdə işin konkret halları nəzərə alınmaqla, müvafiq mötəbər sübutlar, yəni “əsaslı şübhədən kənar” sübutlar vasitəsi ilə iddiaçının özü tərəfindən sübut edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(075)-1203/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.