Məhkəmə qərarları › İş №2(107)-578/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-578/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-578/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılaraq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: İlk iddia- alimentin artırılması, qarşılıqlı iddia-alimentin miqdarının azaldılması ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-234/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(033)-1393/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşağa 220 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatora ödənilmiş 50 manat pulun və vəkilə ödənilmiş 50 manat xidmət haqqının, cəmi 100 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, onların cavabdeh ilə birgə nikahlarından 19 dekabr 2009-cu il tarixdə “Yasəmən” adlı övladları doğulmuşdur. Onların cavabdehlə olan nikahları pozulmuş, uşağın saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(033)-1393/2018 saylı qətnaməsi ilə Zaqatala Rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay uşağa 154 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşağa hər ay 220 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də, alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün uşağa hər ay 220 manat alimentin qət edilməsi kifayət edər. Həmçinin, məhkəmə aliment qət edərkən nəzərə almalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən hesab edir ki, alimentin artırılması ilə bağlı məhkəmə xərcləri (mediasiya xərci və vəkil xidmət haqqı) cavabdehdən alınaraq ona ödənilməlidir.

3. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddiasının rədd edilməsini, Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında olmuş nikah pozulmuş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X2 qarşılıqlı iddia üzrə cavabdehin yanında saxlanılması və tərəfindən aliment ödənilməsi qət edilmiş və daha sonra aliment məbləği artırılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin hazırki iddiası, yəni, aliment məbləğinin 220 manata artırılması tələbi yersiz tələbdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən uşağı saxlamaq valideynlərin hər ikisinin də vəzifəsi olaraq bu işdə bərabər vəzifə daşıyırlar. Yəni, uşağın saxlanması üçün tək atanın və ya ananın deyil, hər iki valideynlər maddi və digər baxımdan eyni hüquq və vəzifələrə sahibdirlər. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin ondan tələb etdiyi 220 manat məbləğində aliment valideynlər olaraq aralarında bərabər bölünməli, yəni, 110 manat ona, 110 manat isə qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Bundan əlavə o, Zaqatala rayon Gözbarax kəndi orta məktəbində gözətçi işləməklə 273 manat əmək haqqı alır. Onun bundan başqa gəlir mənbəyi yoxdur. Yeganə gəlir mənbəyi aldığı rəsmi əmək haqqıdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 32 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla Nümayəndə3 Rəsul qızı ilə nikah bağlamışdır. Yəni, o artıq yeni ailə qurmuş və hazırda evlidir. Belə ki, o, uşağından əlavə yeni ailəsini dolandırmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh isə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununu əsas gətirərək öz hüquqlarından sui-istifadə etməklə onun və ailə üzvünün hüquqlarını pozur, maddi cəhətdən onun və yeni ailəsinin acınacaqlı vəziyyətdə yaşamaları üçün zəmin yaratmağa çalışır. Onun yeganə gəliri olan 273 manat məbləğində maaşının 220 manatının ona verilməsi ilk öncə qanunvericiliyin ciddi pozulmasına, onun və ailəsinin maddi rifahının acınacaqlı vəziyyətə düşməsinə səbəb olacaqdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırda uşağın 13 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o və iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Uşağın ehtiyaclarını tək qadın olaraq iddiaçı qarşılaya bilmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ilkin iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh-iddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 Rəsul qızı birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh ilə oxşar məzmunda izahat verərək ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-234/2023 saylı qətnaməsi ilə (T.Həsənov), ilk iddianın qismən təmin edilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh alınaraq 19 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(033)- 1393/2018 nömrəli qətnaməsi ilə artırılmış ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verilən alimentin miqdarının artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqı, cəmi 100 (bir yüz) manat pul vəsaitinin alınaraq ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılaraq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahdan 19 dekabr 2009-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1393/2018 saylı 05 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 19 dekabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı-cavabdehin nümayəndəsi uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh-iddiaçı isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar.

11. Məhkəmə qeyd etmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehiddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə ödəməsi, yüksək gəlir yerinin olmaması, əmək haqqının az olması, yenidən ailə qurması və maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin və nümayəndəsinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 19 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, aliment tələbi ilk iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir.

14. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh-iddiaçı gəlirlərinə dair arayış təqdim edərək aylıq gəlirinin 312 manat olduğunu bildirmişdir. O eyni zamanda qarşılıqlı iddia ərizəsində yenidən ailə qurduğunu və əlavə olaraq yeni ailəsini dolandırmalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, təqdim edilən sənəd və cavabdeh iddiaçının yenidən ailə qurması alimentin miqdarının azaldılmasına və onun növünün dəyişdirilməsinə əsas ola bilməz.

15. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

16. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, alimentin miqdarının azaldılması üçün qanuni əsaslar yoxdur.

17. Qarşılıqlı iddia ərizəsində göstərilən dəlilləri isə məhkəmə əsassız hesab etmişdir. Belə ki, iddiaçının gəlirinin az olması və ikinci dəfə ailə qurması, onun qanunla müəyyən edilmiş uşaqlarının lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaqlar qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsunlar. Yuxarıda şərh olunan qanunlara görə uşaqlar minimum səviyyədə deyil, lazımi səviyyədə saxlanılmalıdırlar. Bundan başqa məhkəmə hesab edir ki, uşağın saxlanması üçün müəyyən olunmuş 154 manat alimentin azaldılaraq qarşılıqlı iddiaçının əmək haqqının dörddə biri, yəni 78 manat məbləğində alimentin tutulması barədə iddiası təmin edilərsə müəyyən edilmiş alimentin miqdarı, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş 220 manat məbləğdən xeyli miqdarda az olardı ki, bu da yolverilməzdir.

18. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır.

19. Məhkəmə bildirmişdir ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

20. Bundan başqa, qanunvericilikdə vəklin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur.

21. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir.

22. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 50 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X5rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, məhkəmə bu başlıq altında bütün xərclər üçün 50 manat məbləğini təyin etməyi ağlabatan hesab etmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci və 78.2-ci, 78.3, 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.2, 121.1, 217.4, 218.3, 233.4-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi, Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5,8,13 və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən aydın şəkildə görünür ki, onunla ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında olmuş nikah pozulmuş, birgə nikahlarından 1 övladları, yəni, xx.xx.2009-cu il tarixdə X4 doğulmuş və başqa_ovladı yoxdur. Bundan başqa xx.xx.2021-ci il tarixdə Zaqatala rayon qeydiyyat şobəsı tərəfindən 32 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla Nümayəndə3 ilə nikah bağlamışdır. Yəni, o artıq yeni ailə qurmuşdur və hazırda evlidir. Yəni uşağından əlavə yeni ailəsini də dolandırmalıdır. Lakin hazırki mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd etdiyi hallar araşdırılmamış və nəticədə qəbul edilmiş qətnamənin ləğvini şərtləndııən maddi və prosessual hüquq pozuntularına yol verilmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 76-cı maddəsinə əsasən 1 uşağa gorə qazancın və (və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur və bu miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki mübahisədən və sübutlardan da görünür ki, onunla, qarşılıqlı iddia uzrə cavabdeh İddiaçı ilə birgə nikahlarından 1 (bir) övladları yəni, xx.xx.2009-cu il tarixdə X4 doğulmuş və başqa övladları yoxdur. Yəni ki, qanunvericiliyə əsasən 1 uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır.

27. Hazırkı mübahisədə məhkəmə düzgün araşdırma aparmadan, səhv nəticəyə gələrək, təqdim edilmiş sübutları və faktları ümumiyyətlə tədqiq etməmiş, qətnamə qəbul edilərkən yalnız qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin mövqeyinə əsaslanmışdır.

28. Məhkəmə qətnamə qəbul edərkən onunla, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikahlarından 1 (bir) övladları, yəni, xx.xx.2009-cu il tarixdə X4 doğulmuş və başqa övladlarının olmamasını və qanunvericiliyə əsasən 1 uşağa gorə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmalı olduğunu, bundan başqa, onun xx.xx.2021-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 32 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla Nümayəndə3 ilə nikah bağlamağını-yeni ailə qurduğunu, yeni qurduğu ailəsini də dolandırmalı olduğunu və onun Zaqatala rayon Gözbarax kəndi orta məktəbində gözətçi işləməklə 312 manat əmək haqqı aldığını, başqa gəlir mənbəyinin olmamasını və yeganə gəlir mənbəyinin aldığı rəsmi əmək haqqı olduğu hallarını araşdırmadan yalnız formal mülahizələrə və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin mövqeyinə əsaslanaraq qətnamə qəbul etmişdir.

29. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanunununu və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin mövqeyini əsas götürərək 175 manat aliment təyin etmişdir.

30. Hazırki mübahisə predmetinə əsasən ilk öncə onu qeyd etməlidir kı, uşağı saxlamaq valideyinlərin hər ikisinində vəzifəsi olaraq bu işdə bərabər vəzifə daşıyırlar. Yəni, uşağın saxlanması üçün tək atanın və ya ananın deyil, hər iki valideyinlər maddi və digər baxımdan eyni huquq və vəzifələrə sahibdirlər. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin ondan tələb etdiyi 220 manat məbləğində aliment valideyinlər olaraq aralarında bərabər bölünməli, yəni, 110 manat ona, 110 manat isə qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir.

31. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddiası rədd edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan əmək haqqısının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

37. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

38. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

39. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

40. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddiası rədd edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılması, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan əmək haqqısının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan 19 dekabr 2009-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1393/2018 saylı 05 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 19 dekabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı-cavabdehin nümayəndəsi uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh-iddiaçı isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

47. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarını artıraraq hər ay 175 manat sabit pul məbləğində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh-iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır.

49. Belə ki, cavabdeh-iddiaçı apellyasiya şikayətində yeni ailə qurduğunu, yeni qurduğu ailəsini də dolandırmalı olduğunu, 312 manat aylıq əmək haqqı aldığını, başqa gəlir mənbəyinin olmadığını bidlirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini 175 manat sabit pul məbləğində qət etməklə əslində cavabdeh-iddiaçının da mənafeyini nəzərə almışdır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyinin nəzərə alınaraq onun saxlanması üçün 175 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

52. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(033)-234/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-234/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar