Məhkəmə qərarları › İş №2(107)-58/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-58/2020

12.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-58/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnaməsindən maraqlarına toxunan üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,17 hektar torpaq sahəsi ilə əlaqədar torpaqdan özbaşına və təyinatı üzrə olmadan istifadəyə birdəfəlik son qoyulması və 0,2 hektar torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2016-cı il tarixdə iddiaşı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,17 hektar torpaq sahəsi ilə əlaqədar torpaqdan özbaşına və təyinatı üzrə olmadan istifadəyə birdəfəlik son qoyulması və 0,04 hektar torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,2253 hektar torpaq sahəsi ilə əlaqədar torpaqdan özbaşına və təyinatı üzrə olmadan istifadəyə birdəfəlik son qoyulması və həmin 0,2253 hektar torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən 0,2253 ha torpaq sahəsi zəbtdən azad edilərək Ağdaş Bələdiyyəsinə geri qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan üçüncü şəxs Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin əllərindən alınaraq faktiki olaraq Cavabdeh1 əlində qalmasına şərait yaradıb və övladlarının mərhum atalarından qalan əmlaklar üzrə almalı olduqları paylar məqsədli olaraq azaldılmışdır. İddia əsassızdır. Rədd edilməlidir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Ağdaş rayon X3 xx xxxxxx 2006-cı il tarixli qərarı ilə JN- 4208 A nömrəli şəhadətnamə əsasında X1 mülkiyyətinə verilmiş 0.17 ha torpaq sahəsi barədə elektron baza məlumatlarında Ağdaş şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə bələdiyyə və dövlət mülkiyyətinə torpaqların plan layihəsində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********55 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ qeydiyyata alınmış 0.11 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********54 reyestr nömrəli çıxarışla X5 mülkiyyət hüququ qeydiyyata alınmış 0.11 ha torpaq sahəsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi qeyd olunmuşdur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid fondunu təsbit edir məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları kənd təsərüüfatı təyinatlı torpaqlarına, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarına sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarına, meşə fondu torpaqlarına, su fondu torfaqlarına, ehtiyat fondu torpaqlarına bölünür. Həmin Məcəllənin 48.4-cü maddəsinə görə torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların məcburi geri alınması müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bələdiyyələrin statusu haqqında qanunun 36.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bələdiyyələr hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Ağdaş rayon X3 xx xxxxxx 2006-cı il tarixli qərarı ilə JN- 4208 A nömrəli şəhadətnamə əsasında X1 mülkiyyətinə verilmiş 0.17 ha torpaq sahəsi barədə elektron baza məlumatlarında Ağdaş şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə bələdiyyə və dövlət mülkiyyətinə torpaqların plan layihəsində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********55 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ qeydiyyata alınmış 0.11 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********54 reyestr nömrəli çıxarışla X5 mülkiyyət hüququ qeydiyyata alınmış 0.11 ha torpaq sahəsidir. Göründüyü kimi mübahisəli torpaq sahəsi Ağdaş bələdiyyəsinin nə mülkiyyətində, nə istifadəsində, nədə ki, icarəsindədir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda isə iddiaçının hüququları Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinin təsiri altına düşmür.Bununla da müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ona məxsus olmasını sübuta yetirə bilməyən hazırkı iş üzrə iddiaçı tərəfindən də hazırkı iddia qaldırılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələbləri gözlənilməmiş, iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.B.un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ağdaş bələdiyyəsi hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi onun iddiasını qismən təmin edərkən də haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlarına toxunan üçüncü şəxs Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tаrixli, 2(014)-06/2016 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0,2253 hektar torpaq sahəsi ilə əlaqədar torpaqdan özbaşına və təyinatı üzrə olmadan istifadəyə birdəfəlik son qoyulması və həmin 0,2253 hektar torpağın zəbtdən azad edilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçı Ağdaş Bələdiyyəsindən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar