Məhkəmə qərarları › İş №2(107)-583/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-583/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-583/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 3M-225 qeydiyyat nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 14.000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh həmin məbləği xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən qaytarılmamış 7.000 manat məbləğində borc, əldən çıxmış faydaya görə hesablanmış 679,30 manat , 91 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.770,30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 30 noyabr 2020-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində bağlanılmış kredit müqaviləsinə əsasən o, (borc verən) 14.000 manat məbləğində pulu cavabdehə (borc alana) verməyi, cavabdeh isə krediti xx.xx.2021 tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günədək pulun yalnız ayrı-ayrılıqda 3.000 və 4.000 manat olmaqla ümumilikdə 7.000 manat məbləğini qaytarmışdır. Digər 7.000 manat məbləği isə müqavilədə razılaşdırılmış tarixdən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələ də qaytarmamışdır. Cavabdeh aldığı 7.000 manat məbləğində pulu müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarsa idi, həmin pulu banklardan birinə depozitə qoyaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidmətinin həmin il üçün, yəni 2021-ci il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Banklara qoyulan depozitlərə Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti uçot faizləri hər ilə görə müəyyən edir. Odur ki, cavabdehin əldən çıxmış fayda formasında vurduğu zərərin həcmi X2 Xidmətinin 2021-2022-ci illər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. Belə ki, 2021-ci ilin mart ayından məhkəməyə müraciət etdiyi günədək cavabdeh tərəfindən pulun gecikdirilməsi 16 ay təşkil edir. 2021-ci il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7 %-lə, 2022-ci il üçün isə 7,75 % təşkil edir. 2021-ci il: 7.000 x 7 % = 490:12 = 40,80 x 10 ay = 408 manat. 2022-ci il: 7.000 x 7,75 % = 542:12 = 45,20 x 6 ay =271.20 manat. Beləliklə, 16 ay ərzində əldən çıxmış fayda 408 manat+271.30 manat = 679,30 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin bu günədək ödəməli olduğu 7.000 manat borc məbləği, 679.30 manat əldən çıxmış fayda, 91 manat dövlət rüsumu olmaqla 7.770,30 manat təşkil edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, əslində iddiaçıdan heç bir məbləğdə borc pul almamışdır. Belə ki, X1 adlı şəxs onu öz ofisinə işə götürmüş və ona hər ay maaş verəcəyi barədə vəd vermişdir. İddiaçı adlı şəxs əri ilə onun oturduğu ofisə gəlib Cavad Ağayevlə söhbət etmiş və sonuncu ona torpaq tapacağını və ev tikəcəyi barədə vəd vermişdir. 30 noyabr 2020-ci il tarixdə İddiaçı, onun əri, Cavad Ağayev və o Sabunçu rayonunda yerləşən notariat ofisinə getmişlər. X5 bildirmişdir ki, şəxsiyyət vəsiqəsini itirmişdir və ondan öz şəxsiyyət vəsiqəsi vasitəsi ilə müqavilə bağlamağı xahiş etmişdir. Cavad Ağayev onu iddiaçıya öz xalası oğlu kimi təqdim etmişdir. Cavad Ağayev onu əmin etmişdir ki, burda heç bir qanunsuz hərəkət yoxdur, pulun müqabilində İddiaçı üçün iş görəcəkdir. Cavad Ağayevə inanmış və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra onunla iddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Bank hesabı vasitəsi ilə İddiaçı adından 14.000 manat pulu almış və Cavad Ağayevə vermişdir. 08 dekabr 2021-ci il tarixdə Cavad Ağayev ona zəng edərək ona demişdir ki, notariat ofisinin qarşısına getsin və özü də oraya gələcəkdir. Lakin özü oraya gəlməmişdir. İddiaçı isə oraya gələrək onlardan şikayət edəcəyini bildirmiş və 102 xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. X3 əlaqə saxladıqda sonuncu xahiş etmişdir ki, onun əvəzindən İddiaçı 7.000 manat pul versin, bir müddət sonra həmin pulu ona qaytaracaqdır. Bundan sonra İddiaçı iki dəfəyə ümumilikdə 7.000 manat məbləğində pul vermişdir. Lakin sonradan Cavad Ağayev verdiyi sözə əməl etməmiş və ona İddiaçı verdiyi 7.000 manat pulu qaytarmamışdır. Cavad Ağayev həmin əməllərinə görə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinmiş və hazırda azadlıqdan məhrum etmə cəzası çəkməkdədir. Qeyd olunanlara əsasən onun tərəfindən 30 noyabr 2020-ci il tarixli müqavilə formal olaraq imzalanmışdır. Həmin müqavilə üzrə öhdəlik onun tərəfindən deyil Cavad Ağayev tərəfindən icra edilməlidir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1716/2022 nömrəli iş üzrə qəbul etdiyi 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilərək cavabdehdən 30 noyabr 2020-ci il tarixli müqavilə üzrə 7.000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 manat, cəmi 7.090 manat məbləbində pulun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə tərəf olaraq müqavilədə qeyd edilən məbləği Bank hesabı vasitəsi ilə aldığından bu müqavilə üzrə üzərinə öhdəlik götürmüş olmuşdur. Eyni zamanda həmin öhdəliyi qismən icra etmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 7.000 manat pul tələbi hissəsində tələb əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əldən çıxmış fayda tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin tələbini Mülki Məcəllənin 449.1 maddəsi ilə əsaslandırmışdır ki, belə olan halda cavabdehin həmin məbləğdən faydalandığına dair sübutlar təqdim edilməlidir. Lakin iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 449.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddianı qismən təmin edərkən formal olaraq pul mənim adım alınsa da, pulun mənə çatmadığını müəyyən etməmişdir. Halbuki bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə öz təsdiqini tapır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin olunsa da, iddiaçı iddianın bir hissəsinin təmin olunmaması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni bütövlükdə deyil, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, qətnamənin əsaslılığı və qanuniliyini yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaya və bu iddianın qismən təmin edilməsi barədə xx.xx.2022-ci il tarixi qətnaməyə dair cavabdehin apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli, 3M-225 qeydiyyat nömrəli kredit müqaviləsi tərəflər arasında formal olaraq bağlanmışdır. Həmin müqavilə üzrə borcalan və iddiaçı qarşısında öhdəlik daşıyan əslində Cavad Ağayevdir. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borc olaraq verilmiş 14.000 manat məbləğində pulu bank hesabı vasitəsi ilə alaraq Cavad Ağayevə vermişdir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-225 №-li kredit müqaviləsi etibarsızdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Pozulmuş hüququn bərpası barədə müraciət yazılı şəkildə - iddia ərizəsi formasında verilir (maddə 149.1.). Məhkəmə (hakim) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır (maddə 217.4.). Qeyd olunan prosessual hüquq normalarının tələblərinin müzakirə olunan məsələnin tətbiqi nəticəsində müəyyən edilir ki, müqavilənin etibarsız olduğunu bildirən cavabdeh, bu barədə iddiaçıya qarşı “əqdin etibarsız hesab edilməsi barədə” iddia irəli sürməlidir. Lakin o, bu kimi iddia irəli sürməmişdir. Belə olan halda həmin müqavilənin etibarlılığı hazırki icraat zamanı şübhə doğurmamalıdır. Bundan başqa, iddiaçı kredit müqaviləsi üzrə bank vasitəsilə 14.000 manat məbləğində pulu cavabdehə təhvil vermiş və bu andan etibarən pul cavabdehin mülkiyyətində olan əşya sayılmışdır. Cavabdeh, kredit müqaviləsi üzrə iddiaçıdan borc aldığı pulu qəbul qəbul etdikdən sonra həmin məbləği üçüncü şəxsə (o cümlədən Cavad Ağayevə) verməsi həmin şəxsi iddiaçı qarşısında borcalana çevirməyib, çünki bu pul iddiaçının deyil, artıq cavabdehin mülkiyyətində olan əşya kimi verilib. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlilləri əsassızdır. İşin araşdırılmış halları ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə bu halı mübahisələndirmir. Göstərilənlənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin əsas borc olaraq 7.000 manat məbləğində pulun cavabdehdən tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 90 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğundur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apelyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar