Məhkəmə qərarları › İş №2(107)-585/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-585/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-585/2023 23.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8000 manat məbləğində borcun və 100 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ondan maşın alveri etmək məqsədilə 8000 manat borc pul almışdır. Lakin pulunu istədikdə isə ona imkanının olmadığını bildirmişdir. Sonradan isə Bankdan pul götürüb qaytaracağına söz versə də buna əməl etməmişdir. Dəfələrlə cavabdehin iş yerinə getməyinə baxmayaraq cavabdeh hər dəfə bankdan pul götürüb borcunu qaytaracağını vəd etmiş, lakin başqa bəhanələrlə hazıradək onu aldadır. Ümumilikdə ona 8000 manat dəyərində ziyan vurmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi Solmaz Qasımova birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında iddiaçını tanmadığını, pulu Solmazdan aldığını və ona geri qaytardığını bildirmiş, iddiaçının təqdim etdiyi qəbzin onun tərəfindən yazılmayaraq imzalanmadığını qeyd edərək ekspertiza keçirilməsini xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsi ilə (K.Əliyev) iddianın təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manatın İddiaçı xeyrinə tutuması, ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 8000 manat məbləğində borc pul vermiş, Cavabdeh 8000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasında mübahisəli məbləği iddiaçının nümayəndəsi olan Solmaz Qasımovadan götürdüyünü, habelə həmin pulu sonuncuya qaytardığını bildirsə də, bunu təsdiqləyəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o ümumiyyətlə İddiaçı görməmişdir və tanımır. İddiaçının anası, iş üzrə hazırda iddiaçının nümayəndəsi olan X3 tanıyır. X5 pul götürmüşdür və artıqlaması ilə qaytarıb vermişdir. Hazırda onun onların heç birinə heç bir borcu yoxdur. Bir müddət əvvəl Solmaz Qasımova ona qarşı eyni tələblə məhkəməyə müraciət etsə də, ona olan borcunun tam olaraq ödənildiyini sübuta yetirdiyi üçün Solmaz Qasımovanın ona qarşı olan yuxarıda qeyd etdiyi iddiası təmin olunmamışdır. Ona görə də həmin vaxtdan Solmaz Qasımova ondan əl çəkmir və ondan qisas almağa çalışır. Hansı ki, o İddiaçı heç vaxt görməmişdir və tanımır. O da onu tanımır. Lakin buna baxmayaraq məhkəməni aldadaraq iddianın təmin olunmasına nail olmuşdur.

11. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-53/2023 saylı qətnaməsi qanunsuz və əsassızdır. Ona görə ki, məhkəmə iddiaçının mənafeyindən çıxış edərək heç bir araşdırma aparmamış və əsas sübutetmə yükünün iddiaçının üzərində olmasını nəzərə almamışdır.

12. O, İddiaçı heç bir vaxt heç bir məbləğdə borc pul almamışdır. İddiaçının nümayəndəsi Solmaz Qasımovadan borc pul almışdır və onu da qaytarmışdır və bu məhkəmə qaydasında öz təsdiqini tapmış Solmaz Qasımovanın ona qarşı qaldırdığı eyni iddia rədd edilmişdir. Ondan sonra hazırda mübahisələndirdiyi eyni iddianı Solmaz Qasımova qızının adından ona qarşı qaldırmışdır. Lakin o öz üzərinə düşən öhdəliyi tam olaraq icra edərək Solmaz Qasımovaya olan borcunu tam olaraq qaytarmışdır. Onun hazırda onların heç birinə heç bir borcu yoxdur. Çox təəssüf ki, Yevlax rayon məhkəməsində qeyd etdiyi hallar barədə ədalətli araşdırma aparılmamış və nəticədə 8000 manat məbləğində borc məbləği haqsız olaraq üzərinə qoyulmuşdur

13. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsi əsassız olduğundan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. O, həmçinin izahatında Solmaz Qasımova ilə aralarında bundan əlavə də ayrıca məhkəmə mübahisəsinin olduğunu, digər mübahisə üzrə Solmazın ona qarşı qaldırdığı pul tələbinə dair iddiasının təmin edilmədiyini göstərmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsininin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. O, həmçinin izahatında Cavabdeh onun vasitəsi ilə qızından 8000 manat borc aldığını, Cavabdeh verilən 8000 manat pulun məhz qızı İddiaçı aid olduğunu, buna görə də Cavabdeh məhz qızı İddiaçı 8000 manat borc almasına dair əlyazma sənədi imzaladığını göstərmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnaməni əsassız hesab edərək, ləğv edilməsini xahiş etmişdir.

21. Kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 8000 manat məbləğində borc pul vermiş, Cavabdeh 8000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır.

26. Belə ki, işdə olan qəbzdən görünür ki, Cavabdeh həqiqətən də İddiaçı 8000 manat məbləğində borc pul almışdır.

27. Əlavə olaraq mülki iş materiallarından görünür ki, Cavabdeh həmin borcun qaytarılmasına dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

28. Kollegiya qeyd edir ki, cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, iddiaçı ilə cavabdehin arasında pulun qaytarılmasına dair müqavilənin bağlanıldığı, yaxud borcun qaytarıldığı müəyyən olunsun. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh özü işin nəticəsində maraqlıdır

29. Əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir.

30. Bundan başqa birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh yazılı vəsatəti əsasında iş materiallarında olan cavabdehin iddiaçıdan borc pul almasına dair qəbzdəki imzanın kim tərəfindən icra edildiyini dəqiqləşdirmək üçün Yevlax Rayon Məhkəməsinin 08.09 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli 4/1400,5/1167 saylı rəydən görünür ki, mülki iş materiallarında olan qəbzdə “imza” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir.

31. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş cavabdehə məxsus eksperimental xətt və imza nümunələri əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı cavabdehə 8000 manat məbləğində borc pul vermiş, Cavabdeh 8000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

34. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-53/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar