Məhkəmə qərarları › İş №2(107)-586/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-586/2020

19.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-586/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “pul və maddi ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1405/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1405/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 604,12 (altı yüz dörd manat on iki qəpik) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul və maddi ziyan” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7500 (yeddi min beş yüz) manat pulun və kreditə görə dəyən ziyana görə ödənilən 2400 (iki min dörd yüz) manatın, ərinin xəstəliyinə görə 2000 (iki min) manat və əri xəstələndəndən sonra işləmədiyinə görə hər ay 1000 (bir min) manat olmaqla 3 (üç) il müddətə 36000 (otuz altı min) manatın alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aytək Rəşidova onun qızıdır. O, 2011-ci ildə cavabdehlərin oğlu Cavabdeh3 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Bundan sonra onların birgə nikahları dövründə cavabdehlərin mülkiyyətində olan Qəbələ rayonu, M.Paşayev küçəsində yerləşən 0,06 torpaq sahəsində 2013-2015-ci illərdə ev inşa olunmuşdur. Qızına və ailəsinə ev tikildiyini nəzərə alaraq, inşaat materialları və evin inşası üçün bankdan 6000 manat kredit götürərək evin inşasını başa çatdırmışdır. Bundan sonra da o, 2014-cü ilin mart ayında “xxxx" QSC-dən 3000 manat kredit alıb cavabdehlərə vermişdir. Yenidən Cəlilin xahişi ilə 2014-cü ilin aprel ayında «xxxx» ASC-dən öz adına daha da 3000 manat kredit götürüb evin təmiri üçün Cəlilə vermişdir. Həmin kredit borcları aldığı əmək haqqından hissə-hissə ödənilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-1372/2016 saylı qətnaməsində bu öz əksini tapmışdır. 2013cü ildən Cavabdeh2 hər ay 2014-cü ilin mart ayına qədər cəmi 1500 (bir min beş yüz) manat pul vermişdir. Bu faktı Cavabdeh2 etiraf etmişdir. Göstərilən pul məbləğlərini cavabdehlərə bağışlamamışdır. Onlara kömək məqsədi ilə vermişdir ki, pulları olan kimi qaytarsınlar. Aytək Rəşidova ilə Cavabdeh3 arasında nikah 2016-cı ilin aprel ayında pozulmuşdur. Evin tikintisinə başlayandan bitənə kimi əri və oğlu evin inşasında iştirak etmişlər (12 sot torpağa çəpər inşa olunması, 2 darvazanın qoyulması, evin suvanması, sanuzel işlərinin aparılması, pilləkənin inşası və sair). Əri Şahid1 ustadır, yeganə qazanc yeri ustalıq olmuşdur. Ona əslində həkim belə işləri görməyə icazə verməmişdir. Buna səbəb isə 2015-ci iliniyun ayında bel qrijasından əməliyyat olunmasıdır. Ərinin əməliyyatına digər xərclər hesablanmaqla 1000 manat pul xərclənmişdir. Beləliklə, o, cavabdehlər tərəfindən bankdan götürdüyü 6000 manata görə 2400 manat faiz borcu, əlavə olaraq onlara 1500 manat kredit götürdükdən əvvəl ödəmiş, evin inşası ilə bağlı əri xəstələnmiş və onun əməliyyatına 1000 manat və 1000 manat digər xəstəxana xərclərini ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, qızı Aytək Rəşidova 2011-ci ildə Cavabdeh3la rəsmi nikaha girərək ailə qurmuşdur. Bundan sonra cavabdehlərin mülkiyyətində olan Qəbələ rayonu, M.Paşayev küçəsində yerləşən 0,06 torpaq sahəsində 2013- 2015-ci il tarixdə onlar üçün ev inşa edilmişdir. O, inşaat materialları və evin inşası üçün 6000 manat kredit götürərək evin inşasına başa çatdırmışdır. 2014-cü ilin mart ayında “xxxx" QSC-dən 3000 manat kredit alıb cavabdehlərə vermiş və yenidən Cəlilin xahişi ilə 2014-cü ilin aprel ayında «xxxx» ASC-dən öz adına daha da 3000 manat kredit götürüb evin təmirinə xərclənməsi üçün Cəlilə vermişdir. Həmin kredit borcları onun əmək haqqından hissəhissə çıxarılmışdır. Qeyd etdikləri Qəbələ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-1372/2016 saylı qətnaməsində öz əksini tapmışdır. 2013-cü ildən 2014-cü ilin mart ayına qədər Cavabdeh2 cəmi 1500 (bir min beş yüz) manat pul vermişdir. Bu faktı Cavabdeh2 məhkəmə iclasında etiraf etmişdir. Bu pulu o, cavabdehlərə bağışlamamış, sadəcə onlara kömək məqsədi ilə vermişdir ki, pulları olan kimi qaytarsınlar. Qızı Aytək rəşidova ilə Cavabdeh3 arasında nikah 2016-cı ilin aprel ayında pozulmuşdur. Əlavə olaraq tikintiyə başlayandan bitənə kimi əri və oğlu evin inşasında iştirak etmişlər. Yəni 12 sot torpağa çəpər inşa olunması, 2 darvazanın qoyulması, evin suvanması, sanuzel işlərinin aparılması, pilləkənin inşası və sair işləri aparmışlar. Əri ustadır, yeganə qazanc yeri də ustalıq olmuşdur. Əslində həkim ona belə ağır işləri görməyi icazə verməmişdir. Buna səbəb 2015-ci ilin iyun ayında ərinin bel qrijasından əməliyyat olunmasıdır. Ərinin əməliyyatına digər xərclər hesablanmaqla 1000 manat pul xərclənmişdir. İki dəfəyə hər dəfə 3000 manat olmaqla cavabdehlərə görə cəmi 6000 manat məbləğində kredit götürmüşdür. 1500 manat pulu isə həmin kreditlərdən əlavə olaraq cavabdehlərə vermişdir. Kreditlər üçün də əlavə olaraq 2400 manat məbləğində faiz ödəmişdir. Ərinin xəstəliyinə görə cavabdehlərdən 2000 manat tələb edir. Əri xəstələnərək işləyə bilmədiyi üçün də 3 ilə görə hər ayda 1000 manat olmaqla 36000 manat pulu onlardan tələb edir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X8 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək göstərmişdir ki, məhkəmə araşdırılmaları zamanı, doğurudan da iddaçının cavabdehlərə 6000 manata qədər pulun verdiyi, həmin pulun müqabilində onun banka müəyyən qədər faiz ödədiyi müəyyən olunur. Kreditlərin müəyyən hissəsi iddiaçının əmək haqqından tutulmuş, böyük bir hissəsi isə nəğd şəkildə onun tərəfindən ödənilmişdir. Eyni zamanda iddiaçının əri həmin evdə işləyən zaman səhhətində problemlər yaranmış və nəticədə müəyyən məbləğdə ziyana düşmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçının qızı Aytək Rəşidova 5 il müddətində oğlu Cavabdeh3 ilə ailəli olmuşlar. Xasiyyətləri düz gəlmədiyi üçün ayrılmışlar. O, özü “xxxx”dan kredit alaraq sözügedən evi tikmişdir. Həmin dövrdə oğlu işsiz olduğundan iddiaçının adına “xxxx”dan 3.000 manat pul götürmüşlər, lakin həmin krediti də banka özləri ödəmişlər. Məhkəməyə təqdim etdikləri ödəniş qəbzləri buna sübutdur. İkinci 3.000 manat kreditdən isə məlumatı yoxdur. İddiaçının əri sözügedən evin inşası zamanı usta olaraq işləməmişdir. Evində Tofiq, Əlihüseyn və Əhməd adlı ustalar işləmişlər. Ustaların zəhmət haqqını da onun özü ödəmişdir. İddiaçı evin inşası zamanı usta gətirməmişdir. Onlar usta olaraq evin inşasında iştirak etməmiş, tikintidə heç bir maddi və ya mənəvi köməklik göstərməmişlər. Evin tikintisində iddiaçının həyat yoldaşının da heç bir köməkliyi olmamışdır. Buna görə də iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı etiraf etməyərək göstərmişdir ki, oğlu ilə iddiaçının qızı 5 il müddətində ailəli olmuşlar. Xasiyyətləri düz gəlmədiyi üçün ayrılmışlar. İddiaçı bankdan kredit götürdüyü 3.000 manat məbləğində kreditə mətbəxt mebeli almış, digər 3.000 manatı isə oğlu ödəmişdir. İddiaçının qızının cehizləri və mətbəxt mebeli hazırda sözügedən evdə qalmaqdadır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı “xxxx” QSC-dan aldığı 3.000 manat kreditin onlara heç bir aidiyyatı yoxdur. İddiaçı onun üçün “xxxx”dan 3.000 manat kredit götürmüş və krediti o, iki il ərzində banka ödəmişdir. Bunu təsdiq edən ödəniş qəbzləri də vardır. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 şahid qismində vediyi ifadəsində göstərmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Cavabdehlərlə isə keçmişdə qohumluq əlaqəsində olmuşdur. Sözügedən evin tikintisində iştirak etmişdir. Belə ki, evin suvağını çəkmiş, pilləkənlərini, evin kanalizasiyasını quraşdırmış və həyətyanı divarını çəkmişdir. Evin elektrik işlərini isə oğlu Araz görmüşdür. “xxxx”dan 3.000 manat pul alaraq cavabdeh A.Cəlilə vermişlər ki, evin təmirinə xərcləsin. 0,12 ha torpaq sahəsinə çay daşından və kubikdən istifadə olunaraq hasar çəkilmişdir. Hasarın ön hissəsi 2 metr, arxa hissəsi isə təxminən 1.60 sm təşkil edir. Qapını cavabdeh Vaqif sifariş vermiş, o isə qapının qoyulmasına köməklik etmişdir. 2 böyük dəmir qapını və iki balaca dəmir qapını onun özü, Vaqif və başqa usta ilə birlikdə qoymuşlar. Sözügedən evdə işə başlayarkən səhhətində hər hansı bir narahatçılıq olmamışdır. Həmin evdə işlədikdən sonra belində qrija yaranmışdır. Belindən əməliyyat olmuş və əməliyyata 1.500 manat xərc çəkmişdir. Əməliyyat xərcini özü çəkmiş, Bakı şəhərində əməliyyat olunmuşdur. Bundan əvvəl 10 il müddətində usta işləmişdir. Axırıncı iş yeri cavabdehlərin evi olmuşdur və orada da qeyd etdiyi xəstəlik meydana gəlmişdir. Səhhəti ilə bağlı başqa yerdə işləyə bilməmişdir. Belindən aparılan əməliyyat xərcini həkimə özü ödəmişdir. Əmək qabiliyyətini itirdiyi üçün hazırda işsizdir. Lakin əmək qabiliyyətinin itirilməsinə dair heç bir sənədi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 şahid qismində ifadə verərək bildirmişdir ki, o, İddiaçı qardaşı, cavabdehlərin isə qonşusudur. Sözügedən evin inşası vaxtı o, cavabdehlərlə qonşu və iddiaçının qardaşı olduğundan tez-tez həmin həyətə gedib-gəlmişdir. Abdullanın evin suvağını vurduğunu, 0,12 ha həyətyanı sahəyə hasar çəkdiyini və evin pilləkənini quraşdırdığından xəbəri vardır. Hətta Abdulla sözügedən evin pilləkənini quraşdıran zaman o, usta və mühəndis olduğu və bu işləri yaxşı bildiyi üçün ondan məsləhət də almışdır. Evin işıqlarını Abdullanın oğlu Araz çəkmiş, evin rəngləmə (molyar) işlərini Xəlil usta görmüşdür. Abdullanın səhhətində əvəllər narahatçılıq olmamışdır. Sonradan ayaq damarlarında genişlənmə yaranmışdır. Abdullanın əməliyyat olunduğundan xəbəri olsa da, həmin əməliyyata nə qədər xərc çəkdiyi barədə məlumatı yoxdur. Rəna ona 3000 manat məbləğində kredit alaraq cavabdehlərə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında X11 şahid qismində ifadə verərək bildirmişdir ki, o, usta olaraq Cavabdeh2 fərdi yaşayış evinin tikinti işlərini görmüşdür. Təməlindən (fundamentindən) başlayaraq evin divarlarını hörmüş, üstünü örtüb döşəməsini vuraraq ona təhvil vermişdir. Bundan sonra həmin evə ləvazimatlarının dalınca gedəndə Vaqifin evin alçipandan tavanını vurduğunu görmüşdür. Bu zaman evin artıq suvağı da vurulmuşdur. Lakin suvağı kimin vurduğundan, rəngləmə (molyar) işlərini kimin aparıldığından məlumatı yoxdur. İddiaçı və onun ərini həmin evə gəlib-gedən, evinin tikintisinə hər hansı köməklik edən görməmişdir. Evin pilləkənini onlar quraşdırmışlar. Vaqifin həyətyanı torpaq sahəsinə hasarın çəkdiyini görmüş, lakin həyətə qapı qoyduğunu görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında X5 şahid qismində ifadə verərək bildirmişdir ki, o, digər ustalar Tofiq Mahmudovla və Əhməd Abdurahmanovla birlikdə tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinin təməlindən başlayaraq divarlarını hörərək üstünü örtüb Vaqifə təhvil vermişdir. Evin yerləşdiyi torpaq sahəsinin hasarının çəkilməsində və evin pilləkəninin quraşdırılmasında iştirak etməmişdir. Digər ustaların onlardan əvvəl, yaxud da sonra həmin evdə hər hansı bir iş gördüyünü nə görməmiş, nə də bu bardə məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin iclasında X3 şahid qismində ifadə verərək bildirmişdir ki, o, mübahisələndirilən evin tikintisi zamanı usta olaraq işləmişdir. Tikintinin təməlindən başlayaraq digər iki usta ilə birlikdə divarlarını hörmüş, damını, iki otaq və bir zalın döşəməsininin taxtasını vuraraq cavabdehlərə təhvil vermişdir. Görülən işlərə görə zəhmət haqqını Vaqifdən almışdır. Tikilmiş ev bir zaldan, iki otaqdan və hamamdan ibarət olmuşdur. Evin pilləkəninin kim tərəfindən quraşdırıldığını bilmir. Evin suvağını onlar vurmamış, rəngləmə işlərini görməmişdir. Evin döşəməsi vurulan zaman Vasifin alçipanla evin tavanını örtdüyünü görmüşdür. Həyətyanı sahəyə qoyulan dəmir qapıları Aləddin Qarayevdən almışlar. Qapıların yerində asılmasında iddiaçı Rənanın əri Abdullanın heç bir köməyliyi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hakim qətnamə qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Hakim işin faktiki hallarını araşdırarkən onun məhkəməyə təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsində iş üzrə dindirilmiş maraqlı şəxs Cavabdeh2 öz ifadəsində ona borclu olduğunu qeyd etsə də, hakim qətnamənin pryedusial qüvvəyə malik olduğunu nəzərə almamışdır. O, 2016-cı ildə cavabdeh kimi dindirilərkən nə qədər xərc çəkdiyini qeyd etmişdir, lakin, o dövrdə iddiaçılar verdiyi izahatda bu məbləğin, yəni 6000 (altı min) maat borc pulu aldıqlarına etiraz etməmişlər. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 1405/2019 nömrəli qətnaməsinin dəyişdirilməsini və onun iddiasının bütövlüklə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1405/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(025)-1372/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh3 cavabdehlər X1, İddiaçı və X6 qarşı «fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin tamamilə boşaldılması, iddiaçının sahibliyinə və istifadəsinə verilməsi» tələbinə dair məhkəmədə iddia qıldırmışlar. Qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X4 iddiaçı Cavabdeh1 məxsus olan Qəbələ şəhəri M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m2 ,yaşayış sahəsi 110,0 m2 olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İşdə olan “xxxx” ASC-nin Qəbələ Rayon Filialından İddiaçı verilmiş xx xxxxxx 2018-ci il tarixli, 336 nömrəli arayışda «xxxx» ASCnin Qəbələ filialında xx.xx.2015-ci il tarixdə verilmiş 149GTK********** referens nömrəli gündəlik tələbat krediti üzrə borcunun tam olaraq ödənildiyi, müştərinin hal hazırda müqavilə üzrə heç bir borcunun olmadığı qeyd olunmuşdur. İşdə olan “xxxx” QSC-nin İsmayıllı Rayon Filialından İddiaçı verilmiş xx xxxxxx 2018ci il tarixli, 823 nömrəli arayışda «xxxx» QSC-nin İsmayıllı filialında xx.xx.2014-cü il tarixdə verilmiş 3000 AZN **********00220459 saylı kreditin xx.xx.2015-ci il tarixdə tam olaraq bağlandığı onun bank qarşısında heç bir kredit öhdəliyinin olmadığı göstərilmişdir. İşdə olan “xxxx” QSC-nin İsmayıllı Rayon Filialından İddiaçı verilmiş xx xxxxxx 2019cu il tarixli, 252 nömrəli arayışda onun xx.xx.2014-cü il tarixdə 3000 AZN məbləğində 12 ay müddətinə aylıq ödəniş 296.45 AZN olmaqla kredit götürdüyü 12 ayın sonunda 3557.45 AZN ödənildiyi, kredit üzrə borcun bağlandığı və müştərinin öhdəliyinin bitdiyi göstərilmişdir. İşdə olan “xxxx” QSC-nin İsmayıllı Rayon Filialından Cavabdeh2 verilmiş xx xxxxxx 2019-cu il tarixli, 251 nömrəli arayışda xx.xx.2013-cü il tarixdə 3800 AZN, xx.xx.2014-cü il tarixdə 6000 AZN və xx.xx.2018-ci il tarixdə 2000 AZN məbləğində onun kredit götürdüyü, kreditlər üzrə borcun bağlandığı və müştərinin öhdəliyinin bitdiyi qeyd edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli ödəniş qəbzində onun İddiaçı adından «xxxxına» 167.00 manat, xx.xx.2017-ci il tarixdə 165.00 manat, xx.xx.2017-ci il tarixdə 165.00 manat, xx.xx.2017-ci il tarixdə 165.00 manat, xx.xx.2016-cı il tarixdə TT472100 nömrəli qəbzlə 160 manat, xx.xx.2017-ci il tarixdə TT3874193 nömrəli qəbzlə 66.25 manat, xx.xx.2015- ci il tarixli qəbzlə 167 manat, xx.xx.2015-ci il tarixli qəbzlə 167 manat, xx.xx.2015-ci il tarixli qəbzlə 167 manat, xx.xx.2016-cı il tarixli qəbzlə 167 manat ödəniş etdiyi məlum olur. İşdə olan «xxxx» ASC-nin xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı təqdim etdiyi və onun adına açıldığı xx.xx.2015-xx.xx.2017-ci illər üzrə hesabat tarixindən görünür ki, xx.xx.2015-ci il tarixdə onun əmək haqqından 164,75 manat, xx.xx.2015-ci il tarixdə 119,59 manat, xx.xx.2015-ci il tarixdə 47,73 manat, xx.xx.2015-ci il tarixdə 7.89 manat, xx.xx.2015-ci il tarixdə 162,76 manat, xx.xx.2016-cı il tarixdə 100.32 manat və xx.xx.2016cı il tarixdə 1.08 manat olmaqla, cəmi 604,12 manat məbləğində pul kredit borcuna görə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə Xəstəxanasının Şahid1 adına tərtib etdiyi «Xəstənin stasionar tibbi kartından 1178 nömrəli çıxarış»ından (epiqriz) onun xx.xx.2015-ci il tarixdə əməliyyat olunduğu müəyyən olunur. Epiqrizdə L4 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L4-R5 fəqərəarası diskin sol tərəfli yırtığının xaric edilməsinin icra olunduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18 və 442-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisələndirilən və cavabdehlərə məxsus torpaq sahəsində inşası aparılmış fərdi yaşayış evinin tikilməsinə sərf olunmuş xərclərin müəyyən hissəsi onların bank təşkilatlarından aldıqları kredit vəsaiti hesabına aparılmış və tikinti işləri həyata keçirilmişdir. Bir sözlə, tərəflər arasında mülki hüquq münasibətləri bu zəmində yaranmış, iddiaçının adına kredit alınaraq tikinti işlərinə xərclənmiş və sonradan cavabdehlər tərəfindən İddiaçı adından banklara ödənilmişdir. İşin qeyd edilən halı cavabdehlər tərəfindən məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə təsdiq olunmuşdur. Bundan başqa, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbin bir hissəsi də (7500 manat pul (dəyən ziyan) və kreditə görə 2400 manat tələbi) tərəflərin kredit münasibətlərinə əsaslanmış tələblər təşkil edir. İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı qızı Aytək Rəşidova 2011-ci ildə Cavabdeh3la rəsmi nikaha girərək ailə qurmuşdur. Aralarındakı nikah 2016-cı ilin aprel ayında pozulmuşdur. Nikahları dövründə, 2013- cü ildə cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində tərəflər arasında hazırda mübahisləndirilən fərdi yaşayış evinin tikintisinə başlanmışdır. İddiaçılar Cavabdeh1, Cavabdeh3 cavabdehlər X1, İddiaçı və X6 qarş «fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin tamamilə boşaldılması, iddiaçının sahibliyinə və istifadəsinə verilməsi» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(025)-1372/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X4 iddiaçı Cavabdeh1 məxsus olan və Qəbələ şəhəri M.Paşayev küçəsində yerləşən, ümumi sahəsi 121 m2 ,yaşayış sahəsi 110,0 m2 olan üç otaqdan ibarət yaşayış evindən və həmin evin 0,06 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinin tikintisi cavabdehlər tərəfindən şahid qismində məhkəmədə ifadə verən ustalar X11, X5 və X3 tərəfindən tikilmiş və Cavabdeh2 təhvil verilmişdir. Onlara evin tikintisinə görə zəhmət haqqını da sonuncu ödəmişdir. İddiaçı özünün adına «xxxx» ASC-dən kredit alaraq cavabdehlərə versə də, həmin krediti cavabdehlər ödəmişlər. İşin bu halı cavabdehlər tərəfindən məhkəməyə iddiaçının adına ödədikləri ödəniş qəbzlərinin əsli ilə də təsdiq olunur. Bundan savayı da Cavabdeh2 həmin banklardan müxtəlif vaxtlarda evin tikintisinə xərclənməsi məqsədi ilə kreditlər almış və həmin kerditləri ödəmişdir. İşin qeyd olunan halı onun məhkəməyə təqdim etdiyi araşyılarla təsdiqini tapmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi xxxx» ASC-nin xx xxxxxxx 2019-cu il tarixli, İddiaçı adına açıldığı xx.xx.2015-xx.xx.2017-ci illər üzrə hesabatdan xx.xx.2015-ci il tarixdə 164,75 manat, xx.xx.2015-ci il tarixdə 119,59 manat, xx.xx.2015-ci il tarixdə 47,73 manat, xx.xx.2015-ci il tarixdə 7.89 manat, xx.xx.2015-ci il tarixdə 162,76 manat, xx.xx.2016-cı il tarixdə 100.32 manat və xx.xx.2016-cı il tarixdə 1.08 manat olmaqla cəmi, 604,12 manat məbləğində pulun kredit borcuna görə onun əmək haqqından tutulduğu müəyyən olunur. Bunu iddiaçı özünün təqdim etdiyi “bank hesabından çıxarış”da etdiyi qeydlərdə də göstərmişdir. Lakin iddiaçının “xxxx”dan aldığı krediti cavabdehlərin inşa etdiyi evə xərcləməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehlərdən aralarında mübahisələndirilən fərdi yaşayış evinin tikintisi zamanı cavabdehlərə verdiyi 7500 manat məbləğində pulun (dəyən ziyana görə) və 2400 manat kreditə görə ödənilən pulun onlardan alınması barədə onlara qarşı iddia tələbi irəli sürmüşdür. İşin hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası olan 7500 manat məbləğində pulun cavabdehlərə verilməsini, 2400 manat kreditə görə ödənilən məbləği təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi «xxxx» ASC-nin xx xxxxxxx 2019-cu il tarixli, onun adına açıldığı xx.xx.2015-xx.xx.2017-ci illər üzrə hesabat tarixi ilə 604,12 manat məbləğində pulun kredit borcuna görə iddiaçının əmək haqqından banka tutuldüğü sübut olunur. İşin qeyd olunan halını iddiaçı xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında etiraf emiş, «xxxx» ASCdən götürdüyü kreditin ödənilməsində gecikmələr olduğuna görə təxminən 600 manata yaxın məbləğin bir hissəsinin onun əmək haqqından tutulduğunu göstərmişdir. Buna görə də iddia həmin hissədə təmin olunmalıdır. Bundan savayı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin tarixdə keçirilən məhkəmə iclasında Şahid2 ifadəsinə etiraz edən Cavabdeh2 (şahidin ifadəsindəki xüsusatlara təkzib edərək) şahidin dediklərinin həqiqəti əks etdirmədiyini, onun mübahisəli evin yerləşdiyi həyətdən kifayət qədər uzaq məsafədə yaşadığını, evin tikintisi zamanı həmin həyətə heç vaxt gəlmədiyini göstərmişdir. Eyni zamanda məhkəmə iddiaçının və onun vəkilinin şifahi vəsatətləri əsasında məhkəmədə dindirilmiş şahidlər Şahid1 iddiaçının əri olmasını, iddia tələbinin onun səhhətinə vurulmuş zərərlə bağlı olmasını, digər Şahid2 İddiaçı qardaşı olmasını, idianın təmin olunmasında maraqlarının olmasını etimal edərək, onların evin tikintisində əvvəldən axıradək iştiraklarının olmadığını (halbuki, əks tərəfin şifahi vəsatəti əsasında dindirilmiş şahidlər evin təməlindən damının örtülməsinə kimi evin inşasında iştirak etmişlər) nəzərə alaraq onların ifadələrinə tənqidi yanaşır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına qeyd olunan hüquq normalarının tələbləri ilə müqayisəli və obyektiv şəkildə qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılar tərəflər arasında mübahisələndirilən fərdi yaşayış binasının tikintisi zamanı xəstələnməsinə görə 2000 manat, ərinin xəstələnməsindən sonra işləmədiyinə görə hər ay 1000 manat olmaqla 3 il müddətində 36000 manat məbləğində pulun cavabdehlərdən alınmasını tələb etsə də, ərinin (bel qrijası) xəstələnməsinin mübahisələndirilən evin tikintisində baş verməsi ilə əlaqəli səbəbin olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab etmişdir ki, tələb İddiaçı tərəfindən qoyulduğundan, onun belə tələb irəli sürmək, bir sözlə öz hərəkətlərinə hüquqi ixtiayar olmadığından məhkəmədə belə tələb irəli sürməyə subyektiv hüquqları mövcud olmur, iddiaçının bu tələbə münasibətdə subektiv hüququ yoxdur. Belə ki, Şahid1 fəaliyyət qabiliyyətli şəxsdir, onun adından belə bir iddianın verilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna görə də iddia tələbi həmin hisədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 604,12 (altı yüz dörd manat on iki qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasındakı münasibətlərə tətbiq edilməli hüquq normaları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1405/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1405/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar