Məhkəmə qərarları › İş №2(107)-590/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-590/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-590/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, 845,05 ABŞ dolları əsas borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatının İddiaçı MMC-nin özünə aid edilməsi, 5 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları Kreditor İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı MMC -nin xeyrinə 1,639,19 ABŞ dolları əsas və 869,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.508,19 ABŞ dolları borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə xx xxxxxx 2016-cı il tarixdə əmr icraatı qaydasında baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)-12824/2016 saylı məhkəmə əmri çıxarılmışdır. Cavabdeh4 məhkəmə əmrinə etiraz etdiyindən xx xxxxxx 2016-cı il tarixli 2(075)- 12824/2016 saylı məhkəmə əmri ləğv edilmiş işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxxx 2013-cü il tarixdə birgə borcluluq müqaviləsi imzalanmışdır. Birgə borcluluq müqaviləsinə əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx xxxxxxx 2013- cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2,42 faiz olmaqla 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 və Cavabdeh3 ilə İddiaçı MMC arasında xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh4 və Cavabdeh3 xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı MMC qarşısında götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda cavabdehlərin ərizə ilə məhkəməyə müraciət edilmiş tarixə 1,639,19 ABŞ dolları əsas və 869,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.508,19 ABŞ dolları məbləğində ödənilməmiş borcları vardır. Hazırda isə cavabdehlərin İddiaçı MMC-nə 845,05 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc məbləği “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsiri dairəsinə düşmqr. Həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qalan hissədə iddianı müdafiə edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsini, mülki və prosessual hüquq rormalarının düzgün tətbiq edilməməsi ilə əsassız hesab edir. Şəki Rayon Məhkəməsinin 2(075)-12824/2016 saylı, xx.xx.2016-cı il tarixli Məhkəmə Əmrinin verilməsindən sonra, tərəflərin qarşılıqlı şifahi razılaşması ilə təxminən 1 il 6 ay müddətində, adı qeyd edilən müqavilə üzrə hər ay mütamadi olaraq, borclular tərəfindən 100 (biryüz) manat pul vəsaiti, BOKT “xxxx” MMC-yə ödənilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı elan edilmiş və həmin fərmanın adı yuxarıda qeyd edilən müqaviləyə də şamil edilməli olduğu halda bu hal, nə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən və nə də ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən, əsassız olaraq baş verməmişdir. 2(07S)-12824/2016 saylı Məhkəmə Əmri icraya yönəldildikdən 3 il 2 ay sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 öğlu xx.xx.2020-ci il tarixdə, Şəki rayon Məhkəməsinin 2(075)-ı2824/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə dair icraata başlamaq haqqında Qərar qəbul etmişdir. Həmin Qərarın ləğv edilməsi və kreditor BOKT “xxxx” MMC ilə, Şəki rayonu, Baltalı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında, bağlanmış xx.xx.2013 -cü il tarixli kredit müqaviləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.20l9-cu il tarixli Fərmanına uyğun restruktrizasiya edilməsi öhdəliyinin BOKT “xxxx”MMC-nin üzərinə qoyulması tələbi ilə, Şəki rayon Məhkəməsinə borclular tərəfindən edilmiş müraciət, Məhkəmənin xx.xx.2020-ci il tarixli, 8(075)-98/2020 saylı qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-12824/2016 saylı Məhkəmə Əmri ilə cavabdehlərin, iddiaçı BOKT “xxxx”MMC-yə ödəməli olduqları məbləğ 1639,19 (bir min altı yüz otuz doqquz tam, yüzdə on doqquz) ABŞ dolları əsas borc və 869 (səkkiz yüz altmış doqquz) ABŞ dolları faiz borcu olmaqla ümumi 2508,19 (iki min beş yüz səkkiz tam, yüzdə on doqquz) ABŞ dollarıdır. Həmin Məhkəmənin eyni mübahisə üzrə xx.xx.2020-ci il tarixli, 2(075)-1664/2020 saylı Qətnaməsi üzrə isə, borcluların iddiaçıya ödəməli olduğu məbləğ cəmi 845,05 (səkkiz yüz qırx beş tam, yüzdə beş) ABŞ dollarıdır. Belə ki, iddiaçı həmin müqavilənin, qeyd ədilən Fərmanın əhatə dairəsinə düşməməsinin əsaslı səbəbləri barəsində, Məhkəməyə heç bir sübut və yaxud sənəd təqdim etməmişdir. Məhkəmə isə bu faktı araşdırmamış, ancaq iddiaçının izahatı ilə kifayətlənmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddiaçı BOKT “xxxx” MMC-nin Şəki rayonu Baltalı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə bağladığı xx.xx.2013-cü il tarixli borc müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsi və həmin Fərmana uyğun borcun restruktrizasiya edilməsi öhdəliyinin iddiaçı BOKT “xxxx” MMC-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxxx 2013-cü il tarixli, L-SK-0017292-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC ilə həmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2,42 faiz olmaqla 24 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxxx 2013-cü il tarixli, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış birgə borcluluq haqqında müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləni imzalayan şəxslərdən hər biri (bundan sonra birgə borclular) kreditor qarşısında öhdəliyinin tam icrasında iştirak etməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi) ilə ailə üzvünə verilən 9000 ABŞ dolları kreditə təminat olaraq kreditor qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların birgə borcluluq və zaminlik öhdəliyini tənzimləyir. İşdə olan xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh4 və Cavabdeh3 xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcalana verilən 9000 ABŞ dolları kredit öhdəliyinin icrasında İddiaçı MMC qarşısında kredit öhdəliklərinin tamamılə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və Cavabdeh3 ünvanlanmış məktubların surətlərindən görünür ki, cavabdehlərə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə kredit təşkilatı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixl arayışda göstərilmişdir ki, hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və Cavabdeh3 845,05 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 390.1, 427, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 465.2, 472.1, 477.0.4 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 9000 ABŞ dolları pulun birgə borclular adından çıxış edən Cavabdeh1 verilməsinə baxmayaraq birgə borclular kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də İddiaçı MMC ödənilməmiş kredit və faiz borcunun ödənilməsini birgə borclular Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Lakin, iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə əsaslı deyildir. Belə ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin icrası vaxtı xx xxxxxxx 2015-ci il tarixdə başa çatmışdır. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrində zaminliyin verilmə müddəti göstərilməmişdir. Belə müddət təyin edilmədiyindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3nin zaminliyi ilə onun təmin etdiyi xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx xxxxxxx 2016-cı il tarixədək İddiaçı MMC cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia irəli sürməli idi. Lakin, İddiaçı MMC bu müddəti ötürdükdən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də cavabdehlər Cavabdeh4 və Cavabdeh3 xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqavilələri üzrə İddiaçı MMC qarşısında olan zaminliyinə xitam verilməli olduğundan iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı olan hissəsi təmin edilməməlidir. Həmçinin, İddiaçı MMC tələbində cavabdehlərdən 1,639,19 ABŞ dolları əsas və 869,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.508,19 ABŞ dolları borcun tutulmasını tələb etsə də, İddiaçı MMC-nin nümayəndəsi cavabdehlərin ödənilməmiş 845,05 ABŞ dolları məbləğində əsas borcunun olduğunu bildirmiş və iddianı həmin hissədə müdafiə etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin həmin izahatına və məhkəməyə təqdim etdiyi İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixl arayışa istinad etməklə hesab edir ki, iddia qismən təmin edilərək, 845,05 ABŞ dolları əsas borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatı İddiaçı MMC-nin özünə aid edilməli, 5 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar