Məhkəmə qərarları › İş №2(107)-592/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-592/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-592/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, barışıq sazişi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin və ödənilmiş dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 7114,6 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 02 iyun 2012-ci il tarixdə 2600,0 manat ödəməklə və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 09 iyul 2015-ci il tarixdə 1100,0 manat ödəməklə X6 şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmişdir. Cavabdeh müqaviləni torpağın pulunu almasına dair qəbzlə təsdiq etmiş və gələcəkdə alqı-satqı əməliyyatını notarial qaydada həyata keçirtməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsi həmin vaxtdan etibarən X1 olmaqla təyinatına uyğun şəkildə istifadə edilmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırılmışdır. Ötən müddət ərzində torpaq sahəsinin qiymətində əhəmiyyətli artım olduğu üçün Cavabdeh torpaq sahəsinə dair X6 ilə bağladığı şifahi müqavilənin notarial qaydada təsdiq olunmasından imtina etmiş və torpaq sahəsini geri almışdır. Ona görə də, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin indeksasiya nəzərə alınaraq, 7114,6 manat dəyərində ekvivalenti və 94,0 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X3 xeyrinə ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin olunmuş, Cavabdeh 7114,60 (yeddi min bir yüz on dörd manat altmış qəpik) manat pul və 92,0 (doxsan iki) manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)-1250/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Tahirovdan və V.Məlikovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2025-ci il tarixli, 2(102)-998/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(107)- 1250/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən İddiaçı və Cavabdeh tərəfindən mübahisə üzrə barışıq sazişi imzalanmış, həmçinin həm İddiaçı, həm də Cavabdeh ayrıayrılıqda məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, aralarında bağlanmış 06 avqust 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmaq hüququ, bunun prosessual qaydaları və hüquqi nəticələri qanunvericiliklə tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişinin şərtləri aşağıdakı kimidir.

1. Cavabdeh ona qarşı qaldırılmış 7114,60 manat pul tələbi barədə iddianı qismən qəbul edərək iddiaçıya həmin məbləğin müqabilində 2025-ci ilin dekabr ayının 31-nə qədər hissə-hissə 4000 mnat pul ödəyəcəyini öhdəsinə götürür. 2.İddiaçı da, cavabdehin həmin məbləği ödəyəcəyi tərzdə iddianın qalan hissəsindən imtina etdiyini və bu halda mülki işin icraatına xitam verilməsinə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyasının iclasında tərəflərə barışıq sazişi bağlamaqla işin qurtarmasının hüquqi nəticələri müfəssəl izah olunaraq bildirilmişdir ki, barışıq sazişi məhkəmə kollegiyası tərəfindən təsdiq edilərsə qətnamə ləğv olunaraq iş üzrə icraata xitam veriləcək və barışıq sazişi ilə nəzərdə tutulmuş şərtlər onlar üçün məcburi olacaqdır. Həmçinin, tərəflərin eyni əsaslarla və eyni predmet barədə yenidən məhkəməyə müraciəti yolverilməz hesab ediləcəkdir. Tərəflər barışıq sazişini heç bir kənar təsir olmadan bağladıqlarını, həmin şərtlərin onların mənafelərinə və istəyinə uyğun olduğunu bildirmiş və barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsini xahiş etmiş, həmçinin barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası barışıq sazişinin şərtlərini təhlil edərək bu qənaətə gəlmişdir ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir, onların iradə ifadəsinə əsaslanır və hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası barışıq sazişini təsdiq edir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh ona qarşı qaldırılmış 7114,60 manat pul tələbi barədə iddianı qismən qəbul edərək iddiaçıya həmin məbləğin müqabilində 2025-ci ilin dekabr ayının 31-nə qədər hissə-hissə 4000 mnat pul ödəyəcəyini öhdəsinə götürür.

2. İddiaçı da, cavabdehin həmin məbləği ödəyəcəyi tərzdə iddianın qalan hissəsindən imtina etdiyini və bu halda mülki işin icraatına xitam verilməsinə razı olduqlarını bildirdilər. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Ödənilmiş 139 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar