Məhkəmə qərarları › İş №2(107)-596/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-596/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-596/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)-743/2020 nömrəli qətnaməsindən iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)-743/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia rədd edilmiş, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 148.80 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. İşin halları: BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 148.80 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xxxx BOKT MMC arasında 30.11.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 faizsiz 05 ay müddətinə 228 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə “xxxx” BOKT MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməmişlər. Cavabdehlərin banka cəmi 148.80 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək BOKT «xxxx» MMC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 148.80 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi Cavabdeh2nın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə əsassız olduğundan ləğv edilməli, iş üzrə iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Borc tələbinə dair iddia ərizəsi qətnamədə qeyd edilən 10.06.2020-ci il tarixdə deyil, 31.05.2020- ci il tarixdə Göyçay rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddəti axımının dayandırılır. Burada da müvafiq icra hakimiyyəti olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı ilə möhlət hüququ verilmişdir. Digər tərəfdən də kredit müqaviləsi üzrə ödənişdən də müəyyən edilir ki, borclunun borcundan Fərmana əsasən dövlət büdcəsi vəsaiti hesabına 11.07.2019-cu il tarixdə 79.20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buradan da məlum olur ki, həmin kredit müqaviləsi üzrə 11.07.2019-cu il tarixdə ödəniş edildiyindən həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. Fasilədən sonra iddia müddəti yenidən başlayaraq iddia müddətinin son tarixi 11.07.2022-ci il olmuşdur. Yuxarıda qeyd edilənlərdən də müəyyən edilir ki, həmin iş üzrə iddia müddəti ötrülməmişdir və bu haldada iddia müddəti tətbiq edilməməlidir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)- 743/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh2 əsas məbləğ üzrə 148.80 manat, faiz məbləği üzrə 0 manat, cərimə məbləği üzrə 0 manat olmaqla, ümumilikdə 148.80 manat və 20 manat ödənilmiş dövlət rüsumunun BOKT xxxx ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)-743/2020 nömrəli qətnaməsi qismən - Cavabdeh1 aid rədd edilmiş hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh1 148.80 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT “xxxx” MMC-yə ödənilməlidir. İşdə olan 30.11.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında faizsiz 05 ay müddətinə 228 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019- cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.3, 375.2 və 376-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, kredit müqaviləsinin bağlandığı tarixin 30.11.2016-cı il, qüvvədə olma müddətinin isə 02.05.2017-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 02.05.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə 10.06.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia rədd edilməli, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 148.80 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və iddianın qətnamənin ləğv edilmiş hissəsində təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə xxxx BOKT MMC arasında 30.11.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 faizsiz 05 ay müddətinə 228 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə “xxxx” BOKT MMC arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməmişlər. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyi «Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü mаddələrinin şərh edilməsinə dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 3 iyun 2013-cü il tаrixli qərаrında da bir daha təsdiqlənmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, 10 sentyabr 2019-cu ildə iddiaçı bank olmayan kredit təşkilatı “xxxx” MMC cavabdehlər X3 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(046)-1523/2019 nömrəli qərardadı ilə, iddiaçı bank olmayan kredit təşkilatı “xxxx” MMC-nin cavabdehlər X3 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC məhkəməyə şikayətlə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(046)-1523/2019 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(046)-1523/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(107)-3029/2019 nömrəli qərardadı ilə, iddiаçı X7 BOKT “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(046)-1523/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən həmin qərardadda iddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sənəddən görünür ki, Cavabdeh1 borcundan dövlət büdcəsi vəsaiti hesabına 11.07.2019-cu il tarixdə 79.20 manat ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh1 münasibətdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 aid hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, hazırki iş üzrə iddiaçı BOKT «xxxx» MMC 30.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə, 148.80 manat kredit borcunu və 20 manat məbləğində dövlət rüsumunu Cavabdeh2 tələb etməkdə haqlı olmamışdır. Çünki, həmin müqavilə üzrə kredit 5 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 30 aprel 2017-cı ildən bir il keçənədək yəni, 30 aprel 2018-ci ilədək məhkəmədə iddia qaldıra bilərdi. Həmin maddədə göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)-743/2020 nömrəli qətnaməsi qismən - Cavabdeh1 aid rədd edilmiş hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən - Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh1 148.80 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini QƏT ETDİ: İddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tаrixli, 2(046)-743/2020 nömrəli qətnaməsi qismən - Cavabdeh1 aid rədd edilmiş hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən - Cavabdeh1 münasibətdə təmin edilsin. Cavabdeh1 148.80 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT “xxxx” MMC-yə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar