Məhkəmə qərarları › İş №2(107)-598/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-598/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-598/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı BOKT “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 194.37 manat əsas kredit borcu, 9.49 manat faiz borcu, 19.44 manat cərimə borcu olmaqla, cəmi 223.30 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsinə əsasən iddiа rədd edilərək, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 194.37 manat əsas kredit borcu, 9.49 manat faiz borcu, 19.44 manat cərimə borcu olmaqla, cəmi 223.30 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı BOKT “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, X1 əsas məbləğ üzrə 194.37 manat, faiz məbləği üzrə 9.49 manat, cərimə məbləği üzrə 19.44 manat olmaqla, ümumilikdə 223.30 manat və 20 manat ödənilmiş dövlət rüsumunun BOKT xxxx ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı BOKT “xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xxxx BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə illik 22.1 faiz olmaqla 1000 manat kredit verilmişdir. Cavabdeh2 verilmiş kreditin təminatı kimi Cavabdeh1 ilə “xxxx” BOKT MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh2 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməmişlər. Cavabdehlərin banka cəmi 223.30 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı BOKT “xxxx” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli qətnaməsi əsassız olduğundan ləğv edilməli, iş üzrə iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Şikayyətə əlavə edilmiş sənədlərdəndə müəyyən edilir ki, borc tələbinə dair iddia ərizəsi qətnamədə qeyd edilən xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2020- ci il tarixdə Göyçay rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.3.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddəti axımının dayandırılır. Burada da müvafiq icra hakimiyyəti olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı ilə möhlət hüququ verilmişdir. Digər tərəfdən də borclunun kredit müqaviləsi üzrə etdiyi ödənişlərdən də müəyyən edilir ki, borclunun Fərmana əsasən dövlət büdcəsi vəsaiti hesabına ödənilən ödənişdən əvvəl özü tərəfindən edilən son ödəniş tarixi xx.xx.2018-ci il tarixi olmaqla 40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buradanda məlum olur ki, həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə ödəniş edildiyindən həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. Fasilədən sonra iddia müddəti yenidən başlayaraq iddia müddətinin son tarixi xx.xx.2021-ci il olmuşdur. Yuxarıda qeyd edilənlərdən də müəyyən edilir ki, həmin iş üzrə iddia müddəti ötrülməmişdir və bu haldada iddia müddəti tətbiq edilməməlidir. Qeyd edilənlərə əsasən Göyçay rayon Məhkəməsinin 2(046)-731/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi, X1 əsas məbləğ üzrə 194.37 manat, faiz məbləği üzrə 9.49 manat, cərimə məbləği üzrə 19.44 manat olmaqla, ümumilikdə 223.30 manat və 20 manat ödənilmiş dövlət rüsumunun BOKT xxxx ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 250 13 99, 050 889 39 23 və 50 309 13 24 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı " BOKT “xxxx” MMCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: xx.xx.2015-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh2 arasında illik 22.1 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019- cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.3, 375.2 və 376-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından 3 illik iddia müddəti buraxılmış hesab edilməli və iddia tələbi təmin edilməməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə xxxx BOKT MMC arasında xx.xx.2015-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh2 arasında illik 22.1 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit verilməsi barədə müqavilə bağlanmış, cavabdehlər aldığı krediti və ona hesablanmış faizləri ayrı-ayrı məbləğlərdə illərdə qismən, sonuncu dəfə isə Cavabdeh2 xx.xx.2018-ci il tarixdə 40 manat ödəniş etmişdir (iş mat. səh. 69). Apellyasiya şikayətinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh xxxx BOKT MMC-yə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 40 manat ödəniş etmiş, qalan borc isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödənilməmişdir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyi «Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü mаddələrinin şərh edilməsinə dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin x xxxx 2013-cü il tаrixli qərаrında da bir daha təsdiqlənmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia müddətinin axımı sonuncu ödənişin edildiyi xx.xx.2018-ci il tarixdə 40 manat başlanmışdır. Həmin vaxtdan məhkəməyə iddianın verildiyi vaxta qədər bu işlər üçün müəyyən edilmiş 3 illik iddia müddətindən daha az müddət keçdiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2020–ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli məhkəmə iclası zamanı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini alarkan məhkəmə iclasını təxirə alıb həmin ərizə ilə bağlı iddiaçı tərəfin fikrini və rəyini öyrənməli olduğu halda bunu etməyərək, hazırki mübahisələndirilən qətnaməni qəbul etmişdir Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Prosessual Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi zaminlik müqaviləsində müddət təmin edilmədiyindən kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh1 qarşı iddia irəli sürməli idi. Lakin, iddiaçı tərəf bu hüquqndan vaxtında istifadə etmədiyindən iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməlidir Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini QƏT ETDİ: İddiаçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-731/2020 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "BOKT “xxxx” MMC-nin Cavabdeh2 münasibətdə iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 194.37 manat əsas kredit borcu, 9.49 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 208.86 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar