Məhkəmə qərarları › İş №2(107)-599/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-599/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-599/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddaçı «xxxx» QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 239.96 ABŞ dolları faiz və 98.34 ABŞ dolları cərimə olmaqla, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 1318.93 ABŞ dolları faiz və 530.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 8476.39 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmin əmrə etiraz vermiş və bununla əlaqədar Göyçay rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İddiaçı «xxxx» QSC sonradan iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 715.30 ABŞ dolları faiz və 1039.99 ABŞ dolları cərimə olmaqla cəmi 2738.75 ABŞ dolları borcun, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 3989.95 ABŞ dolları faiz və 5558.21 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 14853.35 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tаrixli, 2(046)-846/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 239.96 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1233.42 ABŞ dolları, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları 1318.93 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 6634.12 ABŞ dolları, ümumilikdə 7867.54 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi ilə 20 manat ödənilmiş dövlət rüsumu tutularaq «xxxx» QSC-nin hesabına keçirilməsi, Cavabdeh1 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza xərci 145 manat Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilməsi və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı iddiaçı «xxxx» QSC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini X1 Apellyasiya Məhkəməsinin elektron poçtuna ərizə ilə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar olaraq icraatda olan 2(107)-599/2021 saylı mülki iş üzrə Cavabdeh1 banka olan borcunu ödədiyi üçün iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizəsinii iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, imtina qəbul edilməlidir. Belə ki, MPM-in 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 191.1. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2. maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 52.5. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 370.1. maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həl edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «xxxx» QSC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulinanın iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcədə iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(046)-846/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı «xxxx» QSCnin İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulina tərəfindən verilmiş iddiadan imtina barədə ərizə qəbul edilsin. Göyçay Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tаrixli, 2(046)-846/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar