Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-6/2022 14.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Mirhadı oğlunun Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, Cavabdeh borca görə ******* (bir milyon altı yüz əlli min) USD və gecikdirilmiş vaxt üçün faizə görə 175770.83 (bir yüz yetmiş beş min yeddi yüz yetmiş, səksən üç) USD, cəmi 1825770.83 (bir milyon səkkiz yüz iyirmi beş min yeddi yüz yetmiş, səksən üç) USD məbləğində borc pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı Mirhadı oğluna verilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* (bir milyon altı yüz əlli min) USD əsas borcun, 175770.83 (bir yüz yetmiş beş min yeddi yüz yetmiş, səksən üç) USD faizin və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi və izahatında göstərmişdir ki, iddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında 18 fevral 2016-cı il tarixdə 9 saylı notariat kontorunda kredi müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə iddiaçı (borc verən) cavabdehə (borc alana) ******* USD şəklində (18 fevral 2016-cı il tarixə manatla olan kurs üzrə (USD=1.60 manat) ******* manat məbləğində) borc vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə görə cavabdeh (borc alan) krediti 18 fevral 2017-ci il tarixədək iddiaçıya (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh (borc alan) krediti 18 fevral 2017-ci il tarixədək iddiaçıya (borc verən) qaytarmağı öhdəsinə götürsə də bu günədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı (borc verən) dəfələrlə kreditin qaytarılmasını cavabdehdən (borc alandan) tələb etmiş, lakin cavabdeh (borc alan) kreditin qaytarılmasına dair heç bir hərəkəti yerinə yetirməmiş, hər dəfə də borcu yaxın zaman ərzində qaytaracağı barədə yalan vədlər vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsinə əsasən əsas borc ******* (bir milyon altı yüz əlli min) USD-dir. Həmin borc 18 fevra 2017-ci tarixədək verilməli idi. Həmin borcun qaytarılması öhdəliyindən 2 il, 1 ay, 17 gün keçir. ******* USD x 5 faiz = 82500 USD x 2 (il) = 165000 USD. 82500:12 (ay) = 6875 USD. 6875 USD : 30 = 229.16. 229.1666 x 17 = 3895.83. 165000 + 6875 + 3895.83 = 175770.83. Odur ki, sonuncu həcmdə iddianın təmin olunmasını xahiş edir. Cavabdehə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamadığına görə təqdim edilmədən geri qaytarılmış, başqa ünvanı barədə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə yalnız iddiaçının ərizəsində və məhkəmə baxışı zamanı verdiyi izahatında istinad etdiklərinə əsaslanır. Məhkəmə iddiaçının tələbinin əsası kimi təqdim etdiyi dəlilləri aydınlaşdırmamışdır. Hesab edir ki, iş üzrə ədalətli nəticəyə gəlmək və mübahisəni aradan qaldırmaq, həll etmək üçün işin faktiki hallarına dair onun təqdim etdiyi dəlillər də çəkişmə prinsipinə əsasən müzakirə edilməli və fktlar araşdırılmalı idi. Lakin məhkəmədə iştirak etmədiyindən və izahat verə bilmədiyindən məhkəmənin qənaəti bir tərəfin dəlilləri əsasında formalaşmışdır. Tərəflərin müqavilə bağlanana kimi olan münasibətlərini, sonrakı münasibətlərini, nə üçün bu məbləğdə “borc” pul verildiyini, nə üçün iddiaçı Rusiyada yaşadığı və Rusiya vətəndaşı olduğu, cavabdeh isə Azərbaycanda yaşadadığı (daimi olaraq Türkiyədə yaşadığı) halda, “borcun” burada - Azərbaycanda verildiyini, həmin pul məbləğinin haradan əldə edildiyini və leqallaşmış olub-olmadığını, hansı ki həmin vaxt Azərbaycanda artıq iki devalvasiya prosesi baş vermişdi, hansı ki, dövlət və bələdiyyə rəhbərliyinin ölkədən nəqd pul çıxarılmasının qadağan olunması ilə bağlı rəsmi və qeyri-rəsmi göstəriş və tapşırıqları var idi, belə bir halda, o, bu məbləğdə pulu necə ala bilərdi və necə aparacaqdı, çünki müqavilə bağladıqdan dərhal sonra Türkiyəyə getmişdi, həmin məbləğdə pulun iddiaçı tərəfindən haradan əldə edildiyini, pulun harada saxlandığını (bankdamı, yoxsa digər yerdə) və s., bankda saxlandığı halda, bunu təsdiq edən sənədin olub-olmamasını, nə üçün bu məbləğdə pulun təminatsız verilməsini, tərəflər arasında hansı etibar-güvən münasibətinin olmasını və bunun nəyə əsaslanmasını, nə üçün 2 il ərzində bu puldan ödəniş edilməməsini, cavabdehin hazırda (yəni məhkəmə baxışı zamanı) harada yaşadığını, cavabdehin yerini müəyyən etmək üçün iddiaçının nə kimi tədbirlər gördüyünü, görüşüb-görüşməməsini, borcun qaytarılmamasının səbəblərini və s. verilmiş “borc” məbləğinin notariusda verilib verilməməsini, verilmişdirsə, bunu təsdiq edən video-çəkiliş görüntülərinin olub-olmamasını, başqa yerə verilmişdirsə, nə üçün və harada verilməsini, “verilməsində” kimlərin iştirak etməsini, şahidlərin olub-olmamasını, pulun sayılıb-sayılmamasını, pulun hansı əskinaslarda olmasını, neçə müddətə və harada sayılmasını, nə üçün pulun köçürmə ilə deyil, “nəqd” ödənilməsini, pulun sayılmasının” notariat orqanında kimin yanında, hansı otaqda həyata keçirilməsini, bu prosesdə notariusun, digər əməkdaşların iştirak edib-etməməsini və s. göründüyü kimi iş üzrə aydınlaşdırılmalı olan kifayət qədər hallar vardır, lakin bunlar araşdırılmamış, aydınlaşdırılmamış, dəqiqləşdirilməmiş və qiymətləndirilməmişdir. İddianın əsası kimi təqdim edilən müqavilə uydurmadır, görünüş üçün bağlanmışdır. Hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır, bu üzdən icrası qaydası müəyyən edilməmiş və təminatı da nəzərdə tutulmamışdı. Bununla bağlı dəlillərini apellyasiya instansiyasında məhkəmə baxışına qədər əlavə olaraq təqdim edəcəyini qeyd etmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı Mirhadı oğlu və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Mirhadı oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kolelgiyasına ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştrak edə bilməyəcəyini, Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak edə bilmədiyindən və qarşılıqlı iddia ərizəsini özündən asılı olmayan səbəblərə görə məhkəməyə təqdim edə bilmədiyindən mülki işin materialları ilə yenidən tanış olmağını və qarşılıqlı iddia ərizəsinin təqdim edilməsi üçün məhkəmə kollegiyasının iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18 fevral 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda tərəflər arasında bağlanmış kredit müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən-iddiaçı ******* (bir milyon altı yüz əlli min) USD şəkildə (manatla kurs üzrə (1 USD=1.60 manat) ******* manat) məbləğində pulu borc alanacavabdehə borc vermiş, borc alan-cavabdeh krediti 18 fevral 2017-ci il tarixədək borc verənə-iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə həmin tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu R.Z.Sadıqov tərəfindən Ucar Rayon Məhkəməsinə ünvanlanmış 02 aprel 2019-cu il tarixli, 653 nömrəli məktubdan görünür ki, 18 fevral 2016-cı il tarixdə 3M/234 reyestr ilə iddiaçı ilə cavabdeh arasında rəsmiləşən kredit müqaviləsi ləğv edilməmiş, hal-hazırda qüvvəsindədir. İş materiallarında iddiaçının səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən cavabdehə ünvanlanmış 07 yanvar 2019-cu il tarixli pretenziyadan görünür ki, cavabdehdən ******* USD pulu 5 gün ərzində qaytarması tələb olunmuş, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll ediləcəyi göstərilmişdir. İşdə olan MAPS şöbəsinin 11 yanvar 2019-cu il tarirxli arayışından görünür ki, cavabdeh, Ucar şəhəri, Azərbaycan küçəsi, ev 5-də qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1, 739.1 və 739.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanmış, iddiaçı 18 fevral 2016-cı il tarixdə cavabdehə 18 fevral 2017-ci il tarixədək qaytarmaq şərti ilə ******* USD şəklində borc pul vermiş, cavabdeh isə həmin tarixədək borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, o, cavabdeh kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra etməmişdir, iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də iddia həmin hissədə əsaslı və qanunauyğun olduğundan təmin edilməlidir. Məhkəmə, iddiaçının ******* USD borcun gecikdirilməsinə görə 175770.83 USD məbləğində faiz tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh aldığı borc məbləğini ödəməyi öhdəsinə götürsə də, həmin öhdəlik onun tərəfindən icra olunmamış, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya məxsus pul vəsaitindən faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməməklə həmin pul vəsaitini qanunsuz olaraq saxladığından, iddiaçı həmin pul vəsaitindən müxtəlif formalarda (sahibkarlıq, investisiya, kapital, depozit və s.) istifadə edə bilərdi və adi mülki dövriyyə şəraitində iddia tələbində göstərilən məbləğdə gəlirlər əldə etmiş olardı. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən əsaslar üzrə iddia təmin edildiyindən bu tələb də təmin edilməlidir. Belə ki, qeyd olunduğu kimi cavabdeh borc aldığı pul məbləğini vaxtında ödəməmiş və buna görə də mülki qanunverciliyin tələbinə görə gecikdirilmiş vaxt üçün faiz ödənilməsi məqsədəuyğun hesab edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehdən borca görə ******* USD və gecikdirilmiş vaxt üçün faizə görə 175770.83 USD, cəmi 1825770.83 USD məbləğində borc pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hal-hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-6/2020 saylı işi üzrə 26.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin iş üzrə olan iddiaçı Cavabdeh iddia ərizəsindən görünür ki, o, cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2016cı il tarixdə İddiaçı ilə onun arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kolelgiyası cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasının təxirə salınması ilə bağlı göndərdiyi ərizədə qarşılıqlı iddia ərizəsi təqdim etmək istəməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin maddəyə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə görə bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin maddəyə görə hakim qarşılıqlı iddianı qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Göründüyü kimi, hazırki vəziyyətdə məhkəmə iclasının hansı müddətə təxirə alınmasından asılı olmayaraq cavabdehin qarşılıqlı iddia verməsi qeyri-mümkündür. Daha öncə bu barədə L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(063)-213/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-6/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-6/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver