Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-60/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17000 (on yeddi min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ondan borc olaraq almış olduqları 17000 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ilə qohumluq münasibətlərində olduğundan, çətin vəziyyətə düşdüklərini və köməyə ehtiyaclarının olduqlarını ona bildirərək xx.xx.2019-cu il tarixində 8000 manat və xx.xx.2019-cu il tarixində 9000 manat məbləğində borc pul verməyini xahiş etmişdir. Onların sözünə inanaraq qohum münasibətlərini nəzərə alaraq onlara iki dəfə borc pul vermişdir. Cavabdehlər götürülmüş pulu vaxtında qaytaracaqlarını bildirmiş və bu barədə qəbz yazaraq həmin pulu götürmüşlər. Borcu ona bir ay müddətinə qaytarmalı olduqları halda qaytarmamışlar. O, dəfələrlə borcun alınması istiqamətində müəyyən hərəkətlər etsə də, ancaq heç bir səmərə və təsir olmamışdır. Nəticədə 17000 manat məbləğində borcdan bir manat belə ona qaytarılmamışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, onlara pul lazım olduğundan iddiaçıdan bir dəfə 8000 manat pul götürdüklərini, sonra əlavə olaraq 1000 manat pul lazım olduğu üçün iddiaçının ona 9000 manat pul götürməsi ilə bağlı qəbzə qol çəkdirdiyini, iddiaçının əvvəlki 8000 manat borca dair qəbzi cırıb atacağına inandığını və iddiaçıya 9000 manat borcu olduğunu və o borcu da ona qaytardığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə qətnaməsində məhkəmə cavabdehlərə borc kimi verilən 8000 manat və 9000 manat məbləği qəbzlərinə əsaslanmışdır. O, Cavabdeh2 həqiqətən İddiaçı 8000 manat pul götürərək, sonra əlavə ondan 1000 manat pul lazım olduğu üçün götürmüş, övladının etmiş olduğu hərəkətləri müqabilində zərərçəkənlərin borcunun ödənilməsinə görə həmin məbləği götürmüşdür. O, buna görə qəbzə 8000 manat, əvvəlki borca görə qəbz yazaraq bu pulu həqiqətən xx.xx.2019-cu il tarixində götürmüşdür. Həqiqətən də 1 aydan sonra xx.xx.2019-cu il tarixində əlavə ondan 1000 manat pul götürərək, əvvəlki 8000 manatın üstünə hazırkı 1000 manat da gəlməklə, 9000 manat borcuyla bağlı 2-ci qəbzi yazmışdır. And olsun Allahın böyüklüyünə, namusuna ondan cəmi 2 dəfəyə 8000+1000 manat olmaqla cəmi 9000 manat pul götürmüşdür. Qəbzdə qeyd olunan 9000 manat məbləğ 1 ay əvvəl götürdüyü 8000 manatla, 1 ay sonra götürdüyü 1000 manatın cəmi olaraq yazılıb ona verilib. Təkrarən deyir and olsun namusuna və qeyrətinə işin real vəziyyəti budur. Bu şəxs ona kömək edib, əlindən tutub. Ancaq səhlənkarlıq ucbatından yazmış olduğu 2-ci qəbzdə 9000 manat məbləği guya ona verməsi tam yalandır. İddiaçının bu həddə pulu varmıdır ki, həm 8000, həm də 9000 manat məbləğində ona borclar versin. O, hər yerə şikayətlər etmişdir, iddiaçı qanunsuzluq edir. Ancaq məhkəmə ədalətlilik nümayiş etdirsin. Bu həddə məbləği onun üzərinə yazmaqla onsuz da ölümə məhkum olunmuş canını daha da sürətləndirməsin. İddiaçıya müraciət edərək Allahlı olmağı, almadığı bir məbləği üstünə yazmaqla Allahından qorxmağı tövsiyyə edir. Məhkəmədən ədalətlilik istəyir. Ona kömək edilməsini, bu işlərə görə qanunsuz çıxmış qətnaməni ləğv etməsini istəyir. O, bu həddə pul götürməmişdir. İddiaçı süni manevrə edib. Yevlax rayon Məhkəməsi bütün bunları araşdırmayıb. Tez-tələsik qərar qəbul edib. Nəticədə işi öz həllini ədalətli qaydada tapmayıb. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın 9000 manata münasibətdə təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş 8000 (səkkiz min) manatına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş qəbzlərdən (əlyazma) görünür ki, onlar İddiaçı xx.xx.2019-cu il tarixdə 8000 (səkkiz min) manat, xx.xx.2019-cu il tarixdə 9000 (doqquz min) manat borc pul aldıqlarını göstərmişdirlər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1 və 739-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 iddiaçıya borclarının olmaması və ya həmin borcun qaytarılması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 17000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş 8000 (səkkiz min) manatına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-250/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş 8000 (səkkiz min) manatına aid hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-60/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-60/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver