Məhkəmə qərarları › İş №2(107)-601/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-601/2020

20.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-601/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il doğum tarixli X1 yetkinlik, yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat aliment məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)803/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment məbləği artırılaraq hər ay 150 ( bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı cavabdehin aylıq qazancının olubolmaması, aylıq gəlirinin dəyişməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdehin yeni ailəsinin olub-olmamasını himayəsində başqa uşaqlarının olub-olmaması hallarını araşdırmamışdır. Göstərilən əsaslara görə cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmumuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx xxxx 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-803/2018 saylı qətnaməsi əsasında tərəflərin nikahı pozulmuş və həmin qətnaməyə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment məbləğinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, işləmədiyinə, aylıq gəlirinin dəyişmədiyinə, yeni ailəsinin, uşaqlarının olduğuna işarə etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin qeyd edilən dəlil onu, uşaqların normal saxlanılması vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392- 393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tаrixli, 2(075)-2137/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar