Məhkəmə qərarları › İş №2(107)-604/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-604/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-604/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatının (bundan sonra- iddiaçı) cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh X4(borcalan) arasında 14 iyul 2022-ci il tarixli, **********6082 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 26 % dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalan X3 xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 6846 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 1124,35 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 451 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6846 manat, faiz borcuna görə 1124,35 manat, cərimə borcuna görə 451 manat, cəmi 8421,35 manat məbləğində borcun və 104,22 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X4(borcalan) arasında 14 iyul 2022-ci il tarixli, **********6082 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 26 % dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borcalanın hər ay 541 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır, lakin borcalan üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Ucar Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(063)-1010/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) iddia təmin edilmiş, cavabdehlər X4, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 6846 manat, faiz borcuna görə 1124,35 manat, cərimə borcuna görə 451 manat, ödənilmiş dövlət rüsumuna görə 104,22 manat, cəmi 8525,57 manat məbləğində pulun tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq zaminlik müqavilələri bağlanmış və Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iddiaçı ilə kredit müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla borclunun- Cavabdeh2 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsuliyyət daşıyırlar. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 442, 448.1, 462.1, 472.1, 739.1, 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı işdə maraqlı olduğu üçün şişirdilmiş faiz məbləğinin və cərimə borcunun göstərilməsi ilə kifayətlənmişdir. Bu isə cavabdehlərin həqiqətən də həmin məbləğdə əsas borcunun, faiz borcunun və cərimə borcunun olmasının sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğundan bu məsələyə rəy vermək üçün müstəqil mütəxəssis cəlb edilməli idi. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilmiş borcun məbləği borcalanın ödəniş etdiyi məbləğlə düzgün gəlmir. Tərəflər arasında əmələ gəlmiş mübahisə üzrə obyektiv nəticəyə gəlmək üçün ekspertin iştirakı ilə dəqiq hesablamalar aparılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçının iddiası cavabdeh (zamin) Cavabdeh3 ilə yanaşı digər cavabdehlərə münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh (zamin) Cavabdeh3 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, Məhkəmə hesab edir ki, Cavabdeh3, digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malikdir. O, digər cavabdehlərin nə faktiki, nə də qanuni nümayəndəsidir. Buna görə də, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə qeyd edilənləri nəzərə alaraq qətnamənin əsaslılğını yalnız Cavabdeh3 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə tutulması tələb olunan əsas və faiz borcuna münasibətdə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh X4(borcalan) arasında 14 iyul 2022-ci il tarixli, **********6082 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 26 % dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh(borcalan) Cavabdeh2 öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icra etməməsi(gecikdirməsi) aşkardır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, kredit üzərində illik 26% hesablanacaq və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır(bənd 1.2). Kredit alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq ödəyir(bənd 1.4). Məhkəmə hesab edir ki, cavabdeh X1 kredit müqaviləsini bağlamaqla, Cavabdeh3 isə həmin kredit öhdəliyinə zamin durmaqla müqavilənin bütün şərtlərini, o cümlədən də əsas və faiz borcunun hesablanması halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Cavabdeh3 apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış borc məbləğini mübahisələndirir. O, bildirir ki, əsas və faiz borcu şişirdilib, borcalanın ödəniş etdiyi məbləğlə düzgün gəlmir, iş üzrə ekspertiza təyin olunmalı, borc məbləği ekspertin rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh3 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verməmiş, ümumiyyətlə isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa Cavabdeh3 əsas və faiz borcunun şişirdildiyini bildirsə də, bu xüsusatı təsdiq edə və bu hissədə məhkəmənin gəldiyi nəticəni şübhə altına ala biləcək sübutları (məsələn: apellyasiya şikayətində qeyd etdiyi kimi borcalan tərəfindən ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış ödəniş sənədlərini) Məhkəməyə təqdim etməmişdir. Göstərilənləri və Cavabdeh3 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməməli, birinci instansiya məhkəməsinin əsas və faiz borcunun tutulması ilə bağlı nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 451 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bu tələbi tam təmin etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cərimənin 451 manat məbləğində müəyyən etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişlərin və ödənilməmiş əsas kredit borcunun məbləğini və kreditə görə hesablanan faizləri nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, 451 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq 31 manat məbləğində müəyyənləşdirilməlidir. Göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsinə təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cərimə məbləğinin(dəbbənin) müəyyən edilməsi hissəsində dəyişdirilməli və cərimə məbləği 31 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qətnamə qismən, cərimə məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və cərimə məbləği 31(otuz bir) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar