Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-607/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2011-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikahdan xx.xx.2011-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-296/2013 saylı qətnaməsinə əsasən, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Aldığı aliment isə uşağın xərclərini tam qarşılamır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, İİ qrup əlildir və ona görə pensiya alır. Aliment məbləğinin artırılmasına razı deyil. Məhkəmədən qeyd edilənlərə əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-296/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-296/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (bir yüz altmış ) manat olmaqla sabit pul məbləği həddində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh nümayəndəsi və vəkili X2 Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən o, hər ay 30 manat aliment pulunu öz pensiya hesabına iddiaçıya ödəyirdi. Hazırda məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin məbləğ artırılaraq 160 manat edilmişdir. O, gözdən 2-ci dərəcə əlildir. Görmə qabiliyyətini demək olar ki, tamamilə itirir. Aylıq pensiyanın məbləği 220 manatdır. Heç bir yerdə işləmir, iş qabiliyyəti də yoxdur. Gözlərinin tamamilə tutulmaması üçün müalicə etdirməyə məcburdur. Müalicə üçün dərmanlar çox bahadır. Aldığı pensiyanın çox hissəsi müalicə xərclərinə gedir. Pensiyadan başqa heç bir gəliri və qazancı yoxdur. Rəsmi nigahla ailə qurmuşdur. Həyat yoldaşı da xəstədir və tez-tez müalicə olunur. Aliment ödəmək üçün yeganə mənbə onun pensiyasıdır. Aliment məbləği olan 160 manat onun pensiya pulundan tutularsa, onun aylıq dolanmağına cəmi 60 manat qalır ki, bu da heç onun dərmanlarına kifayət etmir. Məhkəmə qətnamə çıxararkən bunları nəzərə almamış və alimentin miqdarını əsassız artırmışdır. Məhkəmənin əvvəl qət etdiyi miqdarda aliment tutulmasına heç bir etirazı yoxdur, hətta 60-70 manata qədər də artırılmasına razı olar. Qazancı artdığı təqdirdə özü könüllü olaraq daha çox aliment ödəyəcəkdir. Hazırkı vəziyyətdə buna imkanı yoxdur. Qətnamədə göstərilən məbləği ödəməkdən ötrü gərək o, hansısa cinayət törətsin. Əks halda həmin aliment məbləğini ödəyə bilməyəcəkdir. Ödəyə bilməyəndə də yenə borc məbləği yaranacaq və son nəticədə cinayət məsuliyyətinə cəlb ediləcəkdir. İddiaçının maddi vəziyyəti çox yaxşıdır. Gözəllik salonunda işləməklə normal qazancı vardır. Beləliklə hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmalıdır. Qeyd etdiyi kimi qazancının 220 manat olması məlumdur və qanunun tələbi tətbiq edilməklə həmin məbləğin ¼ hissəsinin tutulması qət edilməli idi. Bundan başqa qazancı məlum olduğu halda, nəyə görə ondan alimentin sabit pul məbləği ilə tutulması məlum deyildir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsinin tam ləğv edilməsi və qanuna müvafiq olaraq qazancının ¼ hissəsinin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
10. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini alimentin sabit pul məbləğini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
14. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
16. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Maddə 112.1. Alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
33. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur.
34. İş materiallarında olan nikahın haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar.
35. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 2-ci qrup əlildir və 220 manat müavinət alır.
36. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
37. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh tutulan alimentin miqdarını artırmaqda haqlı olsa da, həmin məbləğin 160 manat müəyyən edilməsi əsassız olmuşdur. Belə ki, iş materiallarında görünür ki, cavabdeh gözdən 2-ci dərəcə əlil olmaqla əmək qabiliyyətsizdir. Yəni o, hər hansı işdə işləmək iqtidarında deyildir. Əlilliyinə görə ayda 220 manat müavinət alır.
39. Göründüyü kimi, cavabdeh səhhətinə görə, əlavə qazanc əldə etmək imkanına malik deyildir. Belə vəziyyətdə cavabdehin aldığı müavinətin 75 faizdən yuxarı hissəsinin tutulması ədalətsiz olar.
40. Cavabdehin apellyasiya şikayətinin alimentin 60-70 manat məbləğində, yaxud onun əmək haqqının ¼ hissəsi həcmində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, alimentin sabit pul məbləğində, yaxud əmək haqqı və başqa gəlirlərin hissəsi ilə tutulması məsələsində seçim hüququ aliment tələb edən şəxsə məxsusdur. Hazırkı iddiasında da iddiaçı alimentin cavabdehin əmək haqqı və başqa gəlirlərinin hissəsi ilə deyil, sabit pul məbləğində tutulmasını tələb edir. Buna uyğun olaraq məhkəmə də alimenti sabit pul məbləğində təyin etmişdir. Odur ki, cavabdehin ondan alimentin əmək haqqının hissəsi ilə, yaxud 60-70 manat miqdarında tutulması barədə təklifi qəbuledilməzdir.
41. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, əvvəllər ödənilən alimentin məbləği, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla cavabdehdən tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı 100 manat müəyyən edilməlidir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
44. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
45. Ona görə də, apellyasiya şikayəti təmin qismən edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 100 manat müəyyən edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
47. Prosessual normanın mənası baxımından hazırkı iş üzrə iddianın qiyməti alimentin tələb olunan artım fərqinin bir illik miqdarı ilə müəyyən olunmalıdır, yəni iddiaçı alimentin miqdarının hər ay 190 (220 - 30) manat artırılmasını tələb etdiyindən iddianın qiyməti 2280 manat (190 manat x 12 ay) təşkil edir.
48. Odur ki, hazırkı iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (qətnamənin 29-cu bəndi).
49. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(051)-553/2023 saylı qətnаməsi alimentin tutulması hissəsində dəyişdirilərək Cavabdeh hər ay tutulmalı olan alimentin məbləği 100 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.