Məhkəmə qərarları › İş №2(107)-607/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-607/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-607/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, mənəvi ziyan) X1 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-252/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Habibillah qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh; bankdan kredit şəklində götürməklə, nağd olaraq, əlbəəl ona verdiyi 16000 (on altı min) manatın banka ödədiyi faizləri ilə, adına bank kreditilə aldığı 1950 (bir min doqquz yüz əlli) manat dəyərində noutbukun dəyərinin banka ödədiyim faizləri ilə olmaqla ümumilikdə 17950 (on yeddi min doqquz yüz əlli) manatın banka ödədiyi faizləri ilə və dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş yüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı Habibillah qızı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh bankdan 9500 (doqquz min beş yüz) manat kredit şəklində götürdüyü və üstünə öz saxlancında olan 6500 (altı min beş yüz) manatı əlavə edərək, nağd olaraq, əlbəəl ona verdiyi 16000 (on altı min) manatın üzərinə 20%, yəni 3600 (üç min altı yüz) manat bank faizini əlavə etməklə ümumilikdə 19600 (on doqquz min altı yüz) manatın; adına bank kreditilə aldığı 1950 (bir min doqquz yüz əlli) manat dəyərində noutbuka ödənilmiş 1950 (bir min doqquz yüz əlli) manatın 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 19990 (on doqquz min doqquz yüz doxsan) manatla, dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş yüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışmaqla, iş yoldaşı Cavabdeh tərəfindən aldadılmış və ona, 2024-cü ilin fevral ayında bankdan kredit götürərək, 16000 (on altı min) manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. Cavabdeh ondan aldığı vəsaitlə hansısa işə pul qoyacağını və qazancdan ona da pay ayıracağını vəd etmiş, lakin sonradan aydın olmuşdur ki o, sadəcə olaraq aldatmışdır. Bundan başqa eyni vaxtda, adına kreditə götürməklə, qiyməti 1950 (bir min doqquz yüz əlli) manat olan noutbuk da almışdır ki, həmin noutbukun borcunu hazırdada banka o ödəyir. xx.xx.2024-cü il tarixində o, Cavabdeh yaxınlaşaraq verdiyi pulu tələb etdikdə o, pulu tezliklə qaytaracağına söz vermiş və bu barədə iltizam yazaraq imzalamışdır. İltizamda Cavabdeh qeyd etmişdir ki, aldığı borcun bütün məbləğini xx.xx.2024- cü il tarixində geri qaytaracaqdır. xx.xx.2024cü il tarixində isə aydındır ki, iş üzrə cavabdeh verdiyi sözə əməl etməmişdir. xx.xx.2024-cü il tarixdə o, yenidən cavabdehə müraciət edərək borcu qaytarmasını tələb etdikdə o, bu dəfə imtina cavabı ilə paralel, pulu geri qaytarmaq iqtidarında olmadığını bildirmişdir. İş üzrə cavabdeh ondan aldığı borcu qaytarmaq istəmir. Belə ki, son vaxtlar artıq nəinki görüş, heç telefon zənglərinə də, düzəməlli cavab da vermir və yaxud cavab vermək istəməməklə dialoqdan qaçır.

Birinci instansiya məhkəməsində icraat

5. Əvvəlki məhkəmə iclasında İddiaçı Habibillah qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun iş yoldaşıdır. Cavabdeh ondan şirkətə pul qoyaraq aylıq qazanc əldə edəcəyini bildirərək pul almışdır. O, bankdan 9500 manat kredit götürmüş, həmçinin qızıllarını sataraq ümumilikdə 16000 manat pul vermişdir. Sonradan cavabdeh həmin puldan 4500 manat borcunu qaytarmışdır. Cavabdehə dəfələrlə borcun qaytarılmasını bildirsə də indiyə kimi pul qaytarılmamışdır. Verdiyi borcdan başqa əlavə olaraq ödədiyi faiz pullarını da cavabdehdən tələb edir. Bütün qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Habibillah qızı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı Habibillah qızı məhkəməyə 05 mart 2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) xx.xx.2025-ci il tarixli, e-2(075)- 252/2025 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manatın alınaraq İddiaçı Habibillah qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Habibillah qızı ilə Cavabdeh arasında notarial qaydada olmasa belə yazılı olaraq pulun götürülməsi və borcun xx.xx.2024-cü il tarixdə qaytarılmasına söz verməsi barədə xx.xx.2024-cü il tarixli razılaşma olmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. İddiaçı məhkəmə iclasında izahat verərək cavabdeh tərəfindən borcundan ona 4500 (dörd min beş yüz) manat qaytardığını bildirmişdir. Bu səbəbdən də iddiaçının cavabdehdən həmin hissədə pulu tələb etməkdə iddiası əsassızdır.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Habibillah qızı 16000 (on altı min) manatın üzərinə 20 faiz ödədiyi yəni 3600 (üç min altı yüz) manat bank faizini həmçinin kreditilə 1950 (bir min doqquz yüz əlli) manat aldığı Notebookun 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumi faiz borclarını tələb etsə də həmin ödədiyi faizlərin ödəniş cədvəllərini əlavə etməmiş, həmçinin cavabdeh ilə bununla bağlı aralarında razılaşmanın olması barədə heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də yəni 3990 (üç min doqquz yüz doxsan) manat təmin edilməməlidir.

11. Bütün qeyd edilən halları nəzərə alaraq məhkəmə ümumilikdə 8490 (səkkiz min dörd yüz doxsan) manat hissəsində iddianın əsassız olduğundan hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.

12. İddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2500 (iki min beş yüz) manat pul tələb etsə də məhkəmə iddia tələbini həmin hisədə də əsaslı hesab etmir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur.

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh öhdəliyini, yəni iddiaçıya olan borcunu vaxtında ödəməməsi, daha sonra isə məhkəmə tərəfindən ona bildirişin göndərilməsinə baxmayaraq qarşı tərəfin məhkəməyə gəlməməsi və borcun qaytarılması barədə heç bir məlumatın verilməməsi və digər hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 442, 1091, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tələbin həcmini düzgün müəyyənləşdirməmişdir. Belə ki, iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi, ABB bankından götürülmüş kredit müqaviləsi üzrə ödənişlərə dair cədvəl və İrşad elektroniks mağazasından kreditlə əldə edilmiş noutbuka daiq ödəniş cədvəllərini, məhkəmə nəzərə almadan qərar qəbul etmişdir. Halbuki, ödəniş cədvəlləri iddiaçı tərəfindən işə əlavə edilmişdir.

17. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-252/2025 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Cavabdeh tərəfindən ona Cavabdeh verdiyi 16000 manat pul vəsaitinin müqabilində qazanc şəklində aylıq 3000-5000 manatın ödəniləcəyini, bankdan götürülmüş kreditin faizinin isə cavabdeh tərəfindən ödəniləcəyi ilə bağlı aralarında razılığın olmadığını göstərmişdir.

20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

23. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-252/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2024-cü ilin fevral-mart aylarında sonradan qaytarılması şərti ilə İddiaçı 16000 manat pul vəsaitini almışdır. Lakin pul vəsaiti verilərkən tərəflər arasında bununla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib edilməli olan yazılı borc müqaviləsi imzalanmamışdır. Cavabdeh aldığı 16000 manat pul vəsaitindən 4500 manatını sonradan geri qaytarsa da qalan 11500 manat pul vəsaitinin İddiaçı ödənilməsini təmin etməmişdir.

31. Kollegiya qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının atasının adı Habibillah kimi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən onun atasının adının Həbibillah olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının atasının adının Habibillah kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir və iddiaçının atasının adının Həbibillah olmasını qəbul edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iş üzrə tələbin həcmini düzgün müəyyənləşdirməməsi, məhkəmənin iddiaçının məhkəməyə təqdim etdiyi, ABB bankından götürülmüş kredit müqaviləsi üzrə ödənişlərə dair cədvəl və İrşad elektroniks mağazasından kreditlə əldə edilmiş noutbuka daiq ödəniş cədvəllərini nəzərə almadan qərar qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü iddia tələbinin bütün hissələri üzrə dəyərləndirmə aparmışdır.

34. İddiaçı iddia tələbində cavabdehdən adına bank kreditilə aldığı noutbuka ödənilmiş 1950 manatın 20%-nin, yəni 390 manatın ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş 16 mart 2024-cü il tarixli ödəniş cədvəlindən iddiaçının adına alınmış noutbukla bağlı hər hansı bir faiz məbləğinin deyil, noutbukun dəyərinin 12 ay ərzində hissəvi şəkildə ödənilməsinin razılaşdırılması müəyyən edilmişdir.

35. İddiaçının adına ABB bankından götürülmüş kredit müqaviləsi üzrə ödənişlərə dair cədvəlin nəzərə alınmamasına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında buna dair yazılı bir müqavilə olmamaqla yanaşı, iddiaçının özünün də məhkəmə kollegiyasının iclasında verdiyi izahatından müəyyən edildiyi kimi cavabdehin iddiaçı qarşısında bankdan götürülmüş kreditə görə aylıq 20 faizin ödəniləcəyi ilə bağlı öhdəliyi mövcud olmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil edə biləcək sübutlar təqdim edilməmişdir.

37. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-252/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar